Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:37

Restoranlarda qiymətlər alışıb-yanır


Restoranlarda xidmətlər kimi qiymətlər də müxtəlifdir
Restoranlarda xidmətlər kimi qiymətlər də müxtəlifdir
Yaxınlaşan Yeni ilin ayaq səsləri artıq bir neçə gündür Bakının restoranlarında eşidilməkdədir. Çal-çağır, əyləncə səsləri restoranları başına götürüb. Qiymətlər isə elə restoranların çilçiraqları kimi alışıb-yanmaqdadır.

Paytaxtın mərkəzindəki restoranların heç birində boş yer tapmaq mümkün deyil. Yeni təqvim ilini təntənəylə qarşılamağın həvəskarları artıq dekabrın ilk günlərindən restoranlarda yer sifariş veriblər. Bakının məşhur restoranlarından deyirlər ki, yanvarın 13-də qeyd olunan köhnə-yeni il də daxil olmaqla bütün günlər üçün bir boş yerləri belə yoxdur. Qiymətlərə gəlincə, restoran təmsilçiləri də etiraf edirlər ki, Məhərrəm ayı başladığına görə, «Azadlıq» meydanında Yeni il şənliyinin təxirə salınması restoran biznesinə müsbət təsir göstərib.

Restoranlarda xidmətlər kimi qiymətlər də müxtəlifdir. Məsələn, ən bahalı restoranlara yalnız giriş dekabrın 31-də 200 manatdır. Bura şou-proqram və limitsiz içkilərin qiyməti daxildir. Azərbaycanın tanınan müğənniləri isə demək olar ki, bütün restoranlarda oxuyacaqlar. Odur ki, şou-proqramlarda gözəçarpan dəyişiklik görünmür. Ancaq nisbətən ucuz qiymətlərə də əylənmək olar. Paytaxt barlarında Yeni ili 100 manata da qarşılamaq olar. Bura çeşidli içkilərlə yanaşı soyuq qəlyanaltıların qiyməti də daxildir. Şəhərin kənarında daha çox ailələrin istirahət etdiyi restoranlara giriş isə ən azı 50 manatdan başlayır. Uşaqlar da nəzərə alınmaqla. Bakı sakinləri isə deyirlər ki, belə bahalı qiymətlər kiçik bir qrupun cibinə uyğundur:

- Yeni ili harada qarşılayacaqsınız?

- Evdə, ailəmlə. Restoranlarda qiymətlər ən az iki dəfə qalxıb. İmkan yoxdur.

- Yoldaşlarımla restorana getməyi düşünürük. Adambaşına 50 manat ayırmışıq. Belə yer tapsaq gedəcəyik.

- Ailəmlə keçirəcəyəm. Elə evdə də Yeni ili keçirmək bahadı. Bütün məhsulların qiymətini qaldırıblar.

- Vəziyyət anormaldır. Elə adam var bir yolka qura bilmir. Eləsi də var bir gündə 1000 manat xərcləyir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mediaya açıqlamasında Azərbaycanın restoran şəbəkəsində qiymət sıçrayışının heç də iqtisadi səbəblərdən asılı olmadığını deyib. Onun sözlərinə görə, bu, rəsmi şəxslərin himayə etdiyi bir neçə nəfərin restoran şəbəkəsini inhisara alması ilə bağlıdır.

Bu fikri iqtisadçı Rövşən Ağayev də bölüşür:

«Azərbaycanda qiymətlər Şərqi Avropa ölkələrindəkindən də bahadır. Bu, anormaldır. Çünki insanların gəlirləri ilə iaişə xidmətləri arasında balans olmalıdır. Dünyada qiymətlərin iqtisadi böhran üzündən azalması fonunda Azərbaycanda bahalaşması bir az da qıcıq yaradır».

İqtisadi İnkişaf Nazirliyindən (İİN) isə bildirirlər ki, nazirliyin Antiinhisar Departamenti bayram günlərində bazarda qiymətlərin süni artımının qarşısının alınması üçün tədbirlər görür. Əsas diqqət sahibkarların ərzaq məhsullarının qiymətlərini süni artırmalarının qarşısının alınmasına yönəldilib. Bu məqsədlə nazirlik bayram günləri də daxil olmaqla reydlər keçirməkdədir.
XS
SM
MD
LG