Keçid linkləri

Təcili xəbərlər

Bu fani dünyada peyğəmbərlərə də alternativ tapan var


«Həzərat, soruşmaq ayıb olmasın, İlham Əliyevə alternativ yoxdur, yoxsa alternativ olmaq imkanı?»
«Həzərat, soruşmaq ayıb olmasın, İlham Əliyevə alternativ yoxdur, yoxsa alternativ olmaq imkanı?»
Məşhur sovet satira ustası Arkadiy Raykin konsertlərinin birini belə başlayır. Əynində çox bahalı kürk, başında ən bahalı xəzdən papaq, içi qara kürü, qızıl balıq və sair nadir delikateslərlə dolu arabanı diyirləyə-diyirləyə səhnəyə çıxır. Mikrofona yaxınlaşıb zalı nəzərdən keçirir. Amma kəlmə belə kəsmir. Tamaşaçılar onun deyəcəyi sözləri səbirsizliklə gözləyirlər. Əbəs yerə, artist susmağına davam edir, təəccüblə bir-bir tamaşaçıların üzünə baxır. Beləcə 1 dəqiqə, 2 dəqiqə… Nəhayət Raykin sükutu pozur:

«Baş açmıram, bəs siz niyə susursunuz?! Mən susuram, çünki mənim hər şeyim var…»

Artist haqlı idi, Sovetlər birliyində qızılın qramı susmağın saniyəsindən ucuz idi.

O zamanlar susmayan yalnız ölkə rəhbərləri idi. Saatlarla danışardılar. Yerdə qalanlar da dinləyib ibrət alardılar. «Bizim cəmiyyətdə ziyalı sinfi yoxdur, - deyərdilər, – fəhlə sinfi var və kəndli sinfi var. Ziyalılar – sosial təbəqədir». Bunu öyrənib elə bilərdik ki, dünyanın ən ağıllı adamlarıyıq.

O vaxtlar danışanlar yenə də danışır. O vaxt susanlar da yenə də susurlar.
Bu gün kəndlilər kəndi, zavodlar da fəhlələri tərk edib, amma ziyalılar necə təbəqə idilərsə eləcə də təbəqə kimi qalıblar.

***
Qaliblər mühakimə olunmur. Bu kəlamın ictimai ziyanını başa düşən ağıllı başlar nə vaxtsa konstitusiya məhkəməsi kimi bir üstqurum fikirləşiblər ki, yeri gələndə qaliblərə də sarı vərəqə göstərsinlər.

Azərbaycan Konstitusiya Məhkəməsinin dekabrın 24-də keçirilən iclası İlham Əliyev tərəfdarlarının gözünün saralması qalsın bir yana, həmin gözləri heç qırpmağa da qoymadı.

Tarixi qərar sayıla bilər. Nadir qərar layihələrindən idi ki, onun oxunub, götür-qoy edilməsinə bu sənədin kompyuterdə yazılmasından da az vaxt sərf olunurdu.

Bu qəribəliyin müdafiəsində yaşadığı şəxsi evin mərtəbələrinin sayından, sürdüyü maşının at gücündən asılı olaraq hərə bir cürə canfəşanlıq edir.

Burada baş sındırmağa nə lüzum? İkisindən biridir: ya Konstitusiya Məhkəməsi üzvləri kompyuter surəti ilə fikirləşmək kimi fitri qabiliyyətə malikdir, ya da «İlham Əliyevə alternativ yoxdur» məntiqinin sahibidirlər.

***

İlham Əliyevdə alternativ görməyənlərin səsi o qədər geniş diapazona malikdir ki, istər-istəməz özünə sual edirsən. Bəlkə doğru deyirlər?

Hər ehtimala qarşı «Alternativ görməyən» TV kanallarını neytral dalğaya çevirdim. Qoy tərəddüdlə məntiqin daxilimdə gedən bu dartışmasına təsir etməsin.

Çevirdiyim kanalda hindular haqda film göstərilirdi. Onun qəhrəmanları, Apaçi qəbiləsinin döyüşçüləri Xristofor Kolumbdan başlayan cəfəng ideyanın Avropada yayılmasını yadıma saldı. Hindu adını daşıyan Amerikanın bu qırmızı dərili sakinləri özləri üçün ora-bura qaçışır, heç ağıllarına da gətirmirdilər ki, öz varlıqları ilə insan övladının səhv etmə ehtimalının canlı sübutudurlar.

***

Təsadüf elə gətirmişdi ki, Xristian dünyası miladı, siyələr isə Məhərrəmlik ayını qeyd edirdilər.

Əcəba, bu fani dünyada peyğəmbər və imamların özünə alternativ varsa, Azərbaycanda prezidentə niyə olmasın axı?

***

Misal gətirirlər, Corc Vaşinqton, Franklin Ruzvelt, Uinston Çörçil və sairə…

Bütün bu prezidentlər haqda çox oxumuşuq, azdan-çoxdan tanıyırıq onları. İlham Əliyevin də fəaliyyətini diqqətlə izləməyə məhkumuq. Nə demək olar? İngilis dilində danışsa da təəssüf ki, İlham Əliyev nə Vaşinqtondur, nə Ruzvelt, nə Çörçil.

***

Orta məktəbdə bizə öyrədərdilər: bilməmək ayıb deyil, bilməyib soruşmamaq ayıbdır. Bu nəsihətə əməl edirəm.

«Həzərat, soruşmaq ayıb olmasın, İlham Əliyevə alternativ yoxdur, yoxsa alternativ olmaq imkanı?»

***

Beləliklə, İlham Əliyevin ömürlük hakimiyyətinə mane olan sonuncu maneə də aradan götürülmək üzrədir. Referendum, səsvermə - belə xırda məsələlərin həlli Azərbaycan hökumətinin əlində su içmək kimi bir şeydir. Bu sudan çox içiblər. Hətta Andreas Herkel də şikayət edirdi ki, seçki hovuzunda üzənlərə su yoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG