Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:24

Yeni İl canfəşanlığı


Azərbaycanda son illərdə təmtəraqlı tədbirlərin keçirilməsinə daha çox önəm verilir
Azərbaycanda son illərdə təmtəraqlı tədbirlərin keçirilməsinə daha çox önəm verilir
«Manisada yaşayıram, bu il İstanbula gəldim, təəccübləndim, Yeni İlə heç bir hazırlıq yox idi. Burda isə gördüm ki, hər şey fərqlidir» - Ömər bir neçə gündür ki, Bakıdadır, Türkiyədən gəlib. Deyir ayağını şəhərin mərkəzinə qoyanda təəccüblənməyə bilməyib. Onu heyrətə gətirən isə şəhərdəki təmtəraq olub. Bu il şəhərdəki Yeni İl hazırlıqları təkcə paytaxta xaricdən gələnləri yox, elə yerli sakinləri də təəccübləndirib. Çünki bu il şəhər sanki xüsusi canfəşanlıqla bəzədilib.

«Azadlıq» meydanında Bakının ən böyük – 20 metrlik baş yolkası qurulub. Paytaxtın mərkəzi küçələri və küçələr boyu əkilmiş ağaclar işıqlar, dekorativ əşyalarla bəzədilib. Əksər parklarda da yolkalar qurulub. Bircə dekabrın 31-ə «Azadlıq» meydanında planlaşdırılan böyük konsert proqramı ləğv olunub. Bakı Şəhər İcra Hakimiyyətindən deyirlər ki, bu qərar Məhərrəmlik ayının başlaması ilə bağlıdır. O ki qaldı şəhərin bəzədilməsinə xərclənən vəsaitə: «Heç nə deyə bilmərəm, məndə elə bir sənəd yoxdur, bilsəm deyərdim»- meriyanın mətbuat xidmətinin əməkdaşı Nailə Məmmədova belə deyir.

«Azadlıq» meydanında bəzək işləri ilə məşğul olan texniki işçilər də bu barədə danışmaq istəmədilər. Amma mikrofona deməsələr də, onlardan bəzi məlumatlar ala bildim. Məlum oldu ki, konsertin keçirilməyəcəyi qərarı verilənə kimi meydanda şou səhnəsinin böyük hissəsi artıq qurulmuşdu. Buz meydançasının qurulmasına da başlanmışdı. Bu isə o deməkdir ki, baş tutmayacaq konsert proqramı üçün artıq müəyyən qədər vəsait xərclənib. Rəsmilər təsdiqləməsələr də, yerli mətbuat bayram hazırlıqları üçün 7 milyon manata yaxın vəsaitin xərcləndiyini yazırlar. Elə iqtisadçı ekspertlər də deyirlər ki, dəqiq rəqəm məlum olmasa da, görünən odur ki, milyonlarla manat vəsait sərf olunub. Özü də dünya maliyyə böhranı içində boğulduğu bir vaxtda. İqtisadçı ekspert Azər Mehtiyev:
«Çox böyük həcmdə - milyonlarla vəsait xərclənir. İndiki şəraitdə həmin vəsaiti daha çox ehtiyac olan sahələrə, xüsusilə sosial müdafiəyə ehtiyacı olan təbəqələrə, pensiyaların artırılmasına yönəltmək lazımdır. Və ya o cür vəsait hesabına konkret olaraq uşaq evlərini, xəstəxanaları və yaxud qocalar evini təmir etmək, onların maddi texniki imkanlarını artırmaq olardı. Bu cəmiyyətə daha çox fayda verə bilərdi, nəinki 2-3 günlük təmtəraq».

Azər Mehtiyev deyir ki, Azərbaycanda son illərdə təmtəraqlı tədbirlərin keçirilməsinə daha çox önəm verilir. Əsas məqsəd isə bu təmtərağın arxasında gizlənir:

«Bu, daha çox mövcud iqtidarın gücünü nümayiş etdirməyin üsuludur. Həm də cəmiyyətə təlqin etmək istəyirlər ki, biz xoşbəxt yaşayırıq. Bunlar birmənalı olaraq buna xidmət edən amillərdir. Təbii ki, camaatın başını qatmaq üçün tamaşa göstərmək lazımdır».

Bakı sakinlərinin isə məsələyə münasibəti fərqlidir. Kimi bu bəzək-düzəyə baxır ki, ürəyi açılsın, kimi isə baxır ki, dövlətinin cibindən nə qədər pul xərcləndiyini müəyyənləşdirsin.

Yazının əvvəlində haqqında danışdığın türkiyəli Ömər isə ümid edir ki, dünyada iqtisadi böhran öz həllini tapacaq və gələn il onun da ölkəsi yeni ilin gəlişini canfəşanlıqla qarşılayacaq, bu il Azərbaycanda olduğu kimi.
XS
SM
MD
LG