Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:18

Eks-prezident statusu kimə veriləcək?


Eks-prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev, 1992-ci il
Eks-prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev, 1992-ci il
«Azərbaycan Respublikasının prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidməti təmin edir».

Azərbaycan Respublikası Konstitusiyası-maddə 108

Bu maddəyə keçmiş prezidentlərlə bağlı əlavə təklif olunur.

Əvvəllər Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin təminat qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.

«Bu o deməkdir ki, respublika prezidenti seçilmiş bütün şəxslər eks-prezident kimi dövlət təminatı alacaqlar»- Eks-prezidentlərin statusu ilə bağlı parlamentdə dəfələrlə təkliflər səsləndirən Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğluna görə, bu təminat yalnız yeni konstitusiya qanunun qəbulundan sonra mümkün olacaq. Fazil Qəzənfəroğluna görə, həmin qanun elə tənzimlənməlidir ki, prezident olmuş şəxslərin hamısına şamil edilsin:

«Burda söhbət xüsusilə iki nəfərdən –Ayaz Mütəllibov və Əbülfəz Elçibəydən gedir. Elçibəy vəfat edib, Ayaz Mütəllibov isə Moskvada yaşayır və barəsində cinayət işi var. Mənim düşüncəmə görə, bu elə tənzimlənəcək ki, hər ikisinə şamil edilə biləcək».

Fazil Qəzənfəroğlu deyir, onların hazırladığı təkliflərdə eks-prezidentlərə dövlətin verə biləcəyi imtiyazlar yer alıb. Millət vəkilinə görə, əgər eks-prezident vəfat edibsə, imtiyazlar onun ailəsinə şamil edilməlidir. Əgər sağdısa, onda eks-prezidentin mənzil-məişət problemi həll edilməli, ona eks-prezident təqaüdü verilməli və mühafizəsi təşkil olunmalıdır. Fazil Qəzənfəroğluna görə, əgər sabiq dövlət başçısının özü və ya ailəsi acınacaqlı vəziyyətdə, maddi sıxıntılar içərisində yaşayırsa, bu həmin ölkə üçün çox mənfi haldır:

«Xaricdən gələn yüzlərlə adam baxır ki, əgər dövlətə nə vaxtsa rəhbərlik etmiş adamın özü və ya ailəsi acınacaqlı vəziyyətdə, maddi sıxıntılar içərisində yaşayır. Bu həmin ölkənin nə qədər qeyr-mədəni səviyyədə olduğunun bir göstəricisi kimi qəbul edilə bilər».
Qəzənfəroğlu inanır ki, Konstitusiya dəyişiklikləri eks-prezidentlərin statusunun tanınmasına xidmət edəcək.

Yəqin elə buna görədir ki, hazırkı dövlət başçısına bundan sonra da prezidentliyə namizəd olmaq imkanı nəzərdə tutduğu üçün cəmiyyətdə mübahisələr doğuran Konstitusiya dəyişikliklərini eks-prezident Ayaz Mütəllibov müsbət qarşılayıb.

Hazırda Moskvada yaşayan Azərbaycanın birinci prezidenti hesab edir ki, «Eks-prezidentlərin statusu haqqında» qanun qəbul olunarsa, bu ona ölkəyə qayıtmasına təminatla yanaşı çox şey verə bilər: «Arxayınçılıq, xatircəmlik, vətənə qayıdış, sərbəst fəaliyyət, ölkəyə, xalqa xidmət, bax belə». Bəs eks-prezidentin özü hansı təminatı istəyir: «Təqaüd, maaş, cangüdən və s. bunlar hamısı olmalıdı, çünki beynəlxalq təcrübədə bunların hamısı var.

Amma Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov jurnalistlərlə söhbətində eks-prezidentlərlə bağlı gözləntilərə su səpib. O deyib ki, bu «bu qanun ancaq prezidentlik səlahiyyətini sona qədər icra etmiş prezidentlərə şamil edilə bilər».

Birinci prezident Ayaz Mütəllibovsa bu fikirlə razılaşmır: «Mən razı deyiləm lap bir gün də olsa kimsə prezident olubsa, bu ona şamil edilməlidir, ikincisi də ki, Ayaz Mütəllibov həm də vaxtilə Azərbaycanın müstəqillik aktına qol çəkən şəxsdir».

Hüquqşünas İsaxan Aşurov da hesab edir ki, bütün hallarda «Eks-prezidentlərin satatusu haqqında» qanun Ayaz Mütəllibova da şamil edilməlidir: «Sonra qəbul edilən qanun şəxsin vəziyyətinin yaxşılaşdırırsa, o geriyə şamil edilə bilər».

Aşurov Ayaz Mütəllibova qarşı cinayət işinin olmasını da problem saymır. Çünki onun haqqında hələ məhkəmə hökmü yoxdur. Mütəllibovun statusu əleyhinə gətirilən digər arqument – onun prezidentlik müddətini başa vurmaması məsələsi isə, ekspertlərin fikrincə, Konstitusiya qanunu qəbul ediləndə aydınlaşacaq.

O ki qaldı qanuna, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn deyir ki, həmin qanunun nə vaxt qəbul ediləcəyi məlum deyil: «Mən bu məsələnin yaxın vaxtlarda reallaşmasını gözləmirəm, məsələn Hərbi Doktrina ilə bağlı maddə konstitusiyada 14 ildir ki, yazılıb, amma ortalıqda hər hansı bir şey yoxdu».

Pənah Hüseyn deyir ki, Ayaz Mütəllibovun da, Əbülfəz Elçibəyin də statusu məsələsi təklif olunan Konstitusiya dəyişikliklərində nəzərdə tutulub. Edilən əlavədə «əvvəllər Azərbaycan respublikasının prezidenti seçilmiş» ifadəsi var, prezidentlərin müddətini başa vurması barədə heç nə deyilmir.

Amma ekspertlər deyir ki, Azərbaycanda bir çox qanunların icrası təcrübəsi göstərir ki, onları hakimiyyət necə istəsə, elə də yozacaq. Odur ki, onlar statusla bağlı əlavənin də yalnız səlahiyyətini başa vurmuş eks-prezident Heydər Əliyevə şamil ediləcəyini istisna etmirlər.
XS
SM
MD
LG