Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:08

İl ildən ağır gəlir


Dünyanı bürüyən böhran yazda özünün ən yüksək - pik nöqtəsinə çatacaq
Dünyanı bürüyən böhran yazda özünün ən yüksək - pik nöqtəsinə çatacaq
2008-ci il son 20-30 ildə görünməmiş qlobal iqtisadi böhranla yadda qaldı. Bu qədər iri miqyaslı böhran bütün dünyanı bürüsə də, Azərbaycan rəsmiləri nədənsə bunun ölkəyə təsir etmədiyini bu günə qədər israr edirlər. «Durğunluq», ya da «iqtisadi fəallığın azalması» kimi ifadələrdən istifadə edilsə də, bəzən faktlar hər şeyi çılpaqlığıyla ortaya qoyur.

Birinci ondan başlayaq ki, Azərbaycanın strateji əhəmiyyətli, əsas ixrac məhsulu olan və büdcəsinin təxminən 60 faizindən çoxunun formalaşdığı neft gəlirləri bu il azaldı. Dünya böhranı nəticəsində neftin qiyməti yayda təxminən 150 dollar olsa da, üstündən heç 2-3 ay keçməmiş 3 dəfədən artıq ucuzlaşdı.

Ölkənin əsas gəlir mənbəyi olan neftin bu qədər ucuzlaşması isə narahatlıq yaratmaya bilməz. Ən azından ona görə ki, neft ucuzlaşsa da 2009-cu ilin dövlət büdcəsində bir barel neftin qiyməti real bazarla deyil, 70 dollar həcmində qiymətləndirildi.
Ancaq Hesablama Palatasının sədri Heydər Əsədov hələ büdcə müzakirə olunanda dedi ki, bu büdcənin icrasına problem yaratmayacaq.

İqtisadçı ekspertlər ehtiyatlanırlar ki, neftin real vəziyyətinin əks olunmadığı büdcədə kəsir yaranacaq. Və bu kəsir gələcək nəsillər üçün kapital rolu oynayan Dövlət Neft Fondundan transferlər yolu ilə qapadılsa da, nəticədə inflyasiya daha da genişlənəcək.

İqtisadçı Rövşən Ağayev deyir ki: «Azərbaycan faktiki olaraq, 2 il ardıcıl inflyasiyanın səviyyəsinə görə, 1-ci onluqda olub. Bunun əsas səbəbi hökumətin istədiyi həcmdə transferləri dövriyyəyə buraxmasıdır. İkinci Neft Fondunun vəsaiti Azərbaycan üçün arxayınlıq yastığı olub və istədiyi istiqamətdə xərcləyib».

İqtisadçı hesab edir ki, bu il rəsmi olaraq, inflyasiyanın 16 faiz elan olunmasına baxmayaraq, əslində bu göstərici 20-dən artıq olub. Rövşən Ağayev son 12 ildə ən yüksək inflyasiyanın da məhz 2008-ci ildə olduğunu deyir. Hər halda, Beynəlxalq Valyuta Fondunun 2009-cu il üçün proqnozları bu göstəricidən xeyli azdır. Fondun qiymətləndirici missiyasının başçısı Valeriya Fikera bu günlərdə Bakıda olarkən deyib ki, yeni ildə Azərbaycanda inflyasiya 9 faiz, iqtisadi inkişaf tempi isə 12 faiz proqnozlaşdırılır. Xanım Fikera həmçinin büdcədə neftin bir barelinin qiymətinin 70 dollardan hesablanmasının problem yaratmayacağı qənaətindədir:

«Büdcə hazırlananda qiymətlər yüksək olub, ona görə də məbləğ nəzərdə tutulub. Çoxları düşünür ki, bu, büdcədə defisit yarada bilər. Amma Dövlət Neft Fondundan büdcəyə transfer olunan pullar kəsiri doldurmağa kifayətdir. Əgər üç il ərzində neftin qiyməti 30-40 dollar təşkil etsə, onda hökumətin bu siyasətinə korrektə etməsinə ehtiyac olacaq».

Xanım Fikeraya görə, qlobal iqtisadi böhran Azərbaycanda inflyasiyanın aşağı düşməsinə də səbəb ola bilər. Ancaq söhbətləşdiyim yerli sakinlər də - müstəqil ekspertlər kimi gələn ilin bu ilkindən daha ağır keçəcəyini gözləyirlər.

Azərbaycan 2008-ci ildə də idxaldan asılı ölkə olaraq qaldı. Statistikaya görə, Azərbaycanda 55 faiz ərzaq məhsulu idxal olunur. İdxal əməliyyatını isə bir qrup adam həyata keçirdiyindən bu sahədə kifayət qədər inhisarçılıq var
2008-ci ildə beynəlxalq təşkilatların Azərbaycandakı biznes mühiti, şəffaflıqla bağlı fərqli mülahizələri oldu. Məsələn, Dünya Bankının «Doing Business» hesabatına görə, Azərbaycan sahibkarlıq fəaliyyətinin əlverişliliyi baxımından dünyada ən böyük yüksəliş əldə edərək, 97-ci yerdən 33-cü yerə yüksəldi. Bu irəliləyişə vahid pəncərə sisteminə keçirilməsi ilə nail olundu. İqtisadi inkişafına görə lider olan Azərbaycanda ÜDM 23 faizdən çox olub. Düzdür bəzi müstəqil ekspertlər bu hesabatla razılaşmadılar, sənəd hazırlanarkən onların fikrinin nəzərə alınmadığını dedilər.

«Transparency International» təşkilatı isə 2008-ci ildə bildirdi ki, korrupsiyada 157 ölkəni qabaqlayan Azərbaycan regionda da liderdir. Düzdür beynəlxalq təşkilatların bu cür tənqidi münasibətinə Azərbaycan rəhbərliyi ən yüksək səviyyədə cavab verdi, tənqidlərin əsassız olduğunu bildirdi.

Hələ bir neçə ay əvvəl prezident İlham Əliyev inauqurasiya mərasimində dedi ki, Azərbaycan iqtisadiyyatı artıq çox şaxəlidir, ölkə özünü 90-95 faiz ərzaq məhsulları ilə təmin edir. Azərbaycan iqtisadiyyatı neftdən asılı deyil.

Ancaq hələ ki, Dünya Bankı bu cür optimist baxışların ən azı bir il ərzində gerçəkləşməyəcəyi qənaətindədir. Bank proqnoz verib ki, gələn il qlobal maliyyə böhranına görə, dünyada iqtisadi artım kəskin azalacaq və bundan ən çox Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələr zərər çəkəcək.

Ancaq MM-in İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Nazim Məmmədov deyir ki, beynəlxalq təşkilatların bu cür proqnozuna o qədər də inanmır. O, Azərbaycanda hər sahədə olduğu kimi iqtisadiyyatın da öz milli mentalitetinin olduğunu deyir. Millət vəkili deyir ki, iqtisadi tənəzzül vaxtı qənaətcil olmalıyıq, böhrandan yararlanmalı, Milli Bank və Dövlət Neft Fondunun vəsaitlərinin bir qismini xarici banklardan daxili iqtisadiyyata yönəltməliyik. Komissiya üzvü əlavə edir ki, Azərbaycanın dirçəlişi ancaq yerli sahibkarlıqdan keçir. Ona görə, daxili borcları Milli Bank yenidən maliyyələşdirməli, iqtisadiyyatı canlandırmalı və idxaldan asılılığı azaltmalıyıq.

Azərbaycan 2008-ci ildə də idxaldan asılı ölkə olaraq qaldı. Statistikaya görə, Azərbaycanda 55 faiz ərzaq məhsulu idxal olunur. İdxal əməliyyatını isə bir qrup adam həyata keçirdiyindən bu sahədə kifayət qədər inhisarçılıq var. Ekspertlər belə hesab edir ki, bu cür inhisarçılar hətta dünyada ucuzlaşma getdiyi halda, Azərbaycanda bunun qarşısını alır, buna görə də çörəyin qiymətindən savayı demək olar ki, heç nə ucuzlaşmayıb. Hətta inhisarçılar qlobal böhrandan da öz xeyirlərinə istifadə edirlər.

Ekspertlər hesab edir ki, «Holland sindromu», yəni iqtisadiyyatın inkişafının ancaq bir sahəyə əsaslanması iqtisadi tənəzzül dövründə özünü daha çox büruzə verdi. Və bu halda hökumət «papağını qarşısına qoyub» qeyri-neft sektorunun inkişafı yollarını araşdırmalı və real addımlar atmalıdır.

Artıq tarixə keçməkdə olan 2008-ci il isə iqtisadçıların dili ilə desək Azərbaycan üçün həm də tikinti bumunun söndüyü, iri layihələrin demək olar ki, hamısının ləngidiyi, Azərbaycanda mövcud işsizliyin bir az da geniş miqyas alması, bəzi kiçik bankların az qala müflislik astanasında durması ilə xarakterik oldu.

Hər halda Qərbdə düşünürlər ki, dünyanı bürüyən böhran yazda özünün ən yüksək - pik nöqtəsinə çatacaq. Azərbaycan hökuməti isə hesab edir ki, özünün «böhrana davamlı və təmkinli büdcəsi» ilə bu böhrana duruş gətirəcək. Daha bir ümid yeri isə odur ki, neftin dünya bazarında qiyməti yanvardan artacaq. Bu, azından neft gəlirlərinin sabitləşəcəyinə ümid yaratsa da, iqtisadçılar istər yanacağın, istərsə də digər qiymətlərdə ciddi enmə gözləmirlər. Yanacağın qiymətinin düşməyəcəyini rəsmilər də təsdiqləyir.
XS
SM
MD
LG