Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:17

Konstitusiya Məhkəməsi müstəqildirmi?


Əli Kərimli: «Siyasi sifarişlə Konstitusiya Məhkəməsi məhz mənim dairəmdə nəticələri ləğv etdi»
Əli Kərimli: «Siyasi sifarişlə Konstitusiya Məhkəməsi məhz mənim dairəmdə nəticələri ləğv etdi»
Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli deyir ki, Konstitusiya Məhkəməsinin müstəqil olmadığını üç il əvvəl elə öz deputat mandatının taleyi həll olunanda görüb.

O, deyir ki, 2005-ci il parlament seçkilərindən 2 gün sonra Mərkəzi Seçki Komissiyası ona verilən səsləri etiraf etməyə məcbur olsa da, onun qələbəsi rəsmiləşmədi. AXCP sədrinin sözlərinə görə, bunun səbəbi onun yalnız öz qələbəsinin etirafı ilə razılaşmayaraq, seçkidəki kütləvi qanun pozuntularını əsas gətirərək parlamentin boykot edilməsi ilə bağlı təşəbbüs qaldırması olub. Əli Kərimli o zaman bəyan etmişdi ki, onun qələbəsi etiraf olunduğu kimi digər yoldaşlarının qələbələri etiraf olunmasa parlamentdəki yeri götürməkdən imtina edəcək. Bundan sonra seçkilərin nəticələrinin təsdiqi Konstitusiya Məhkəməsinin öhdəsinə verildi və burada da....

«Siyasi sifarişlə Konstitusiya Məhkəməsi məhz mənim dairəmdə nəticələri ləğv etdi. Konstitusiya Məhkəməsindən mən illər sonra da çalışsam da, heç bir izahat ala bilmirdim ki, onlar hansı əsasla mənim seçildiyim dairənin nəticələrini ləğv ediblər. Konstitusiya Məhkəməsi hakimiyyətin sifarişini yerinə yetirdi və bununla o sübut etdi ki, o müstəqil məhkəmə orqanı deyil və ona güvənmək olmaz».

Əli Kərimli deyir ki, indi də hakimiyyətin müzakirəsiz, tələsik Konstitusiya Məhkəməsinin öhdəsinə qoyduğu dəyişikliklərə baxış zamanı da bu məhkəmə müstəqil olmadığını bir daha göstərəcək.

Əli Kərimlinin narahatlığına səbəb olan referendum aktı Milli Məclisdən bu quruma dekabrın 19-da göndərilib. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sırasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması da var. Bu təşəbbüslə parlamentdə hakim Yeni Azərbaycan Partiyası çıxış edib.

Vəkil İsaxan Aşurov da Konstitusiya Məhkəməsinin prezident hakimiyyəti məsələsində müstəqil qərar vermə qabiliyyətini şübhə altına qoyur. Altı il əvvəlki təcrübəyə istinad edərək:
«Belə bir məsələdə Konstitusiya Məhkəməsinin müstəqilliyindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi öz quruluşuna, formalaşdırılmasına görə müstəqil məhkəmə funksiyasını yerinə yetirə bilməz. Ona görə də zənnimcə o 2002-ci ildəki qərarını təkrarlayacaq».

2002-ci il referendumu ilə Konstitusiyada edilmiş düzəlişlərə görə, prezident vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar prezident seçkilərinin keçirilməsi, prezidentin seçilməsinədək olan dövrdə isə onun səlahiyyətlərinin baş nazirə verilməsi nəzərdə tutulurdu. Yerli və Qərb mətbuatı 2003-cü ildə hakimiyyətin ata Heydər Əliyevdən oğul İlham Əliyevə keçidinin də məhz bu düzəliş sayəsində mümkün olduğunu yazırdı.

İsaxan Aşurov deyir ki, Konstitusiya Məhkəməsinin müstəqilliyi məsələsi, sinoptiklər demişkən, parçalı-buludludur. Onun sözlərinə görə, vətəndaşlar arasında mübahisələrin həll olunması ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları nisbətən ədalətli olub, ancaq bu məsələdə Konstitusiya Məhkəməsinin müstəqilliyi qeyri-mümkündür.

Millət vəkili Zahid Orucun dediyinə görə isə Konstitusiya Məhkəməsinin indiyə qədərki dövrdə fəaliyyəti müstəqil olub və indidən sonra irəli sürülmüş təşəbbüslə bağlı veriləcək qərar da müstəqil olacaq və burada əlavə narahatçılıq və şübhəyə yer yoxdur:

«Məsələlərin araşdırılması, təhlili və əgər reallaşarsa və referenduma çıxarılması gerçəkləşərsə, bu rəyin məhz hüquqi müstəvidə olacağını gözləyirəm. Ümidvaram ki, hər bir müddəa ilə bağlı məsələlər dərin araşdırılacaq və onun tərkibi, həmin yerdə çalışan insanların peşəkarlığı buna imkan verir və ümidvaram ki, obyektiv bir qərar çıxarılacaq».

Ekspertlərsə Konstitusiya Məhkəməsinin İlham Əliyevə üçüncü dəfə prezidentliyə namizəd olmaq şansı verəcək dəyişikliklərlə bağlı müzakirəsinin məhz dekabrın 24-ə təsadüf etməsini – bir işarə sayır. Dekabrın 24-də İlham Əliyevin həm də 47 yaşı tamam olur.
XS
SM
MD
LG