Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:46

«Ziyanı kim ödəyəcək?»


Burada tez-tez yanğın olduğundan sığorta şirkətləri mağazaları sığorta etməyiblər
Burada tez-tez yanğın olduğundan sığorta şirkətləri mağazaları sığorta etməyiblər
Dekabrın 21-də Sədərək Ticarət Mərkəzindəki yanğın nəticəsində onlarla sahibkar ciddi ziyana düşüb. Ümumiyyətlə, Bakı aeroportunun yaxınlığında yerləşən ticarət mərkəzində bu, ilk yanğın hadisəsi deyil. Əvvəllər də bir neçə dəfə Sədərək və Binə ticarət mərkəzlərində yanğın olub. Sədərək ticarət mərkəzindəki mağaza sahibləri deyirlər ki, yanğınlardan sonra onlar əl-ayağa düşüb yerli sığorta şirkətlərinə üz tutublar:

«Sığorta şirkətlərinin əməkdaşları gəlib baxış keçirdilər, amma dedilər ki, burda tez-tez yanğın olur, onlar bu mağazaları sığorta edə bilməzlər».
Mağaza deyəndə, söhbət bazardakı və konteynerdəki mallardan gedir. Sahibkarlar deyirlər ki, yanan mağazanı bərpa etmək elə də çətin deyil, əsas mallardı ki, ona da yiyə çıxmaq istəyən sığorta şirkəti tapılmır. Müsahiblərimizin sözlərinə görə, sığortaçılar mağazaların təhlükəsizlik şərtlərinə cavab verilmədiyini əsas gətiriblər. Məsələn, deyirlər, mağazalar və konteynerlər bir-birinə elə sıx yerləşiblər ki, yanğın baş verərsə, yanğınsöndürən maşınların hərəkəti mümkün deyil. Elektrik naqilləri də təhlükəsizlik qaydalarına uyğun çəkilməyib.

Bəs sahibkarlara dəymiş ziyanı kim ödəməlidir?
Hüquqşünas Müzəffər Baxışov deyir ki, sığorta şirkətləri adətən sığorta riski yüksək olan halı və ya hadisəni sığortalamırlar. Ancaq bu o demək deyil ki, Sədərək Ticarət Mərkəzində işləyən sahibkarlar kompensasiya ala bilməzlər: «Onlar gözləməlidirlər ki, yanğının səbəbi müəyyənləşsin. Yəni yanğın kiminsə ehtiyatsızlığı ucbatından və ya qəsdən baş veribsə, həmin şəxslər də məsuliyyətə cəlb olunarsa, onda sahibkarlar kompensasiya məsələsini qaldıra bilərlər. Yaxud onlar sübut edə bilsələr ki, bu yanğın elektrik enerjisiylə bağlı olub, onda elektrik şəbəkəsi qarşısında məsələ qaldıra bilərlər».

Hüquqşünas deyir ki, sahibkarlar icarə müqaviləsi bağlayan vaxt təhlükəsizlik tələblərinə cavab verən mağazalarla təmin olunmalarını tələb etməlidirlər. Sahibkar Murad Məmmədli isə deyir ki, onların ümumiyyətlə icarə müqaviləsi yoxdu: «Nə qəribə suallar verirsiniz. Bura «tolkuçkadı». Nə müqavilə?»
Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, təhqiqat nəticəsində yanğın bədbəxt hadisə kimi qiymətləndirilsə, sahibkarlara kompensasiya verilməsiylə bağlı ciddi problemlər ortaya çıxa bilər.

Sədərək Ticarət Mərkəzindən dedilər ki, yanğınla bağlı mütəxəssislər təhqiqat aparırlar. Əlavə heç bir məlumat verə bilməyəcəklər.
Malı yanan sahibkarlar isə narahatdırlar ki, əvvəlki yanğınlardan sonra ziyan çəkənlərə kompensasiya ödənilmədiyi kimi, onları da belə aqibət gözləyə bilər. Ziyana düşən onlarla sahibkar deyir ki, onlar Ticarət Mərkəzinin rəhbərliyindən güzəştli addımlar gözləyirlər.
XS
SM
MD
LG