Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:41

«Təhsil qanunu» layihəsi yenidən müzakirəyə çıxarılır


«Təhsil haqqında qanun» layihəsi parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq
«Təhsil haqqında qanun» layihəsi parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq
«Təhsil haqqında qanunun 10 il müzakirəyə çıxarıla bilməməsinin səbəbi elə qanunun özündə də əks olunub. Layihəyə baxanda görürsən ki, hərə közü öz qabağına çəkir. Nə sosializmdən əl çəkə bilirik, nə də inkişaf etmiş dövlətlərə qoşula bilirik»-, bu, YAP-dan olan deputat Siyavuş Novruzovun fikirləridir. O, bu sözləri ötən ilin dekabrında Milli Məclisdə yeni «Təhsil qanunu» layihəsinin 1-ci oxunuşda müzakirəsi zamanı deyib.

Düz bir ildən sonra - bu il dekabrın 22-də Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyası, Təhsil Nazirliyi və digər müvafiq strukturların iştirakı ilə məsələni müzakirə edərkən məlum oldu ki, artıq layihədə sosializmin əsas atributundan - yəni təhsilin aspirantura pilləsindən əl çəkilib. Yeni «Təhsil qanunu» layihəsində magistratura pilləsindən sonra doktorantura nəzərdə tutulur. Oranı bitirənlər fəlsəfə doktoru dərəcəsi alır.

Komissiyanın iclasında müzakirə edilən məsələlərdən biri icbari təhsilin 9 il nəzərdə tutulması oldu. Birinci oxunuşda da bir çox millət vəkili icbari təhsilin 11 il olmasını daha məqsədəuyğun saysalar da, bu məsələdə dəyişiklik yoxdur.

Layihədə beynəlxalq fənn olimpiadalarının, eləcə də Olimpiya çempionlarının müsabiqədən kənar təhsil almaq hüququnun saxlanılması da mübahisə obyektidir. Asəf Hacıyev və bəzi başqa deputatlar belə nailiyyət sahiblərinə imtiyazı düzgün saysalar da, təhsildə kiməsə güzəşt edilməsinə qarşı çıxanlar.
Bu və digər mübahisələrin ikinci oxunuşda nə ilə nəticələnəcəyi əlbəttə ki, parlamentdə - müzakirələrin sonunda bəlli olacaq. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev deyir ki, bu layihə məclisdə təsdiqlənsə, mövcud olan qanun boşluğu aradan qalxacaq.
«Təhsil haqqında qanun» layihəsində mübahisə doğuran məsələlərdən biri də təhsil müəssisələrinə rektorların təyin edilməsi maddəsinin saxlanılmasıdır. Şəmsəddin Hacıyev deyir ki, bu məsələdə ən düzgün seçim təsisçiyə görədir. Təhsil müəssisələri dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinə ayrılır. Təsisçi kimdirsə rektoru da o təyin edir.
Millət vəkili Cəmil Həsənli rektor məsələsinin təyinatla həll olunmasının layihədə saxlanıldığını bildirsə də deyir ki, qanun layihəsi müzakirəyə hazırdır. Birinci oxunuşda irəli sürülən təkliflərin çoxu nəzərə alınıb: «Ümumiyyətlə yaxşı bir qanun layihəsidir. Hesab edirəm müzakirəyə hazırdır».

21-ci əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə deyir ki, qanunun yaxşı olması problemlərin həllinə gətirib çıxaracağı təsəvvürü yaratmamalıdır. Bu heç də təhsildə kök atmış problemləri həll etməyəcək. Digər tərəfdən layihədə təhsil müəssisələrinin avtoritar şəkildə idarə olunması məsələsi qalır: «Bu layihə təhsildə mövcud olan monopoliyaları aradan qaldıra bilməz. Belə monopoliyalar QHT-lərin təhsil müəssisələrində monitorinq aparmasına imkan vermir. Ona görə hansısa inkişafdan da danışmaq mümkün deyil».

«Təhsil haqqında» yeni qanun layihəsi 10 ildən artıqdır parlamentdə müzakirəyə çıxarıla bilmirdi. İlk dəfə ötən ilin dekabrında onun müzakirəsi baş tutdu. Bu çox az qanun layihələrindəndir ki, parlament çoxluğu ona irad bildirirdi.

Ötən müzakirə zamanı əsas mübahisə doğuran məsələlərdən biri layihədə təhsil müəssisələrinə baş örtüyü, hicab, çadra və digər dini geyimlərdə gəlməyin yasaq olunması idi. Spiker Oqtay Əsədəov da daxil olmaqla çıxış edənlərin əksəriyyəti bu qadağanın insan hüquqlarına qarşı olduğunu, cəmiyyətdə narazılıq yarada biləcəyini dedilər. Bu dəfə hansı məsələnin daha çox mübahisə doğuracağı məlum olmasa da, layihənin parlamentin növbəti iclasında müzakirəyə çıxarılacağı bildirilir.

Hazırda qüvvədə olan təhsil qanunu 1992-ci ildə qəbul edilib.
XS
SM
MD
LG