Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15

İslamı qorumaq lazımdır ya müsəlmanı?


Əfqanıstan və Pakistanda qadın haqlarını pozanda şəriətə istinad edirlər

Əfqanıstan və Pakistanda qadın haqlarını pozanda şəriətə istinad edirlər

BMT-də bu sualın üstündə prinsipial mübahisə düşüb. Əvvəlcə bəzi faktlar. 23 yaşlı əfqan Səid Lambəxş hazırda Əfqanıstanda həbsxanadadır. O, müsəlman qadınının vəziyyətindən yazdığı məqalədən sonra həbsə atılıb. Ancaq ittihamda təbii ki, qadın haqlarına toxunulmur, deyilir ki, jurnalist islam dinini təhqir edib.

Pakistanda Əhmədi müsəlmanları adında dini qrup var, Pakistan onların həqiqi islamın əleyhinə çıxdığını iddia edərək sıxışdırır.

Bunlar nəyin sayəsində baş verir? Təkcə Əfqanıstanda və ya Pakistanda yerli hakimiyyətlərin özbaşınalığı hesabınamı? BMT-nin «UNWatch» adlı insan haqları təşkilatının icra direktoru Hilel Neuer «Azadlıq» radiosuna müsahibəsində deyir ki, iyun ayında BMT-nin İnsan haqları Şurasında bir QHT öz hesabatında şikayətləndi ki, onun ölkəsində qadın haqlarını pozanda şəriətə istinad edirlər. Şuranın sədri göstəriş verdi ki, şəriətin adı qəti şəkildə mənfiyə çəkilə bilməz. O hətta şəriət haqda istənilən mənfi sözü qadağan etdi.

Neuer deyir ki, totalitar müsəlman ölkələri 9 ildir ki, BMT-ni məcbur edirdilər ki, dinlərə böhtan atılmasının yolverilməzliyi haqda qətnamə qəbul etsin.

Ancaq problem ondadır ki, dini böhtandan qorumaq pərdəsi altında elə həmin müsəlmanların insan haqları pozulur. Neuer: «BMT-nin Baş Məclisi keçən həftə insan haqları müdafiəçilərinin 4 illik iradlarını qulaqardına vuraraq dinlərə böhtan atılmasının yolverilməzliyi haqda qətnamə qəbul etdi. Qətnamənin adı yaxşı səslənir, ancaq reallıq budur ki, totalitar dövlətlərin təşəbbüsü BMT-yə sirayət etdi və ikinci dünya müharibəsindən sonra yaranmış insan haqları sisteminin yenidən yazılması təhlükəsi yaradır.

Qətnamənin tərəfdarlarının arqumentləri budur ki, Qərb ölkələrində elə hər terror deyəndə bunu islamın ayağına yazmaq meyli var və yaxud Danimarka qəzeti Məhəmməd peyğəmbəri terrorçu kimi təsvir etməklə müsəlmanların heysiyyətini təhqir edir. Onların fikrincə, qətnamə belə halların qabağını almalıdır.

Neuer isə hesab edir ki, əvvəla, indiki beynəlxalq qanun onsuz da hər bir şəxsin hüquqlarını qoruyur, ikincisi beynəlxalq qanunda «böhtan» anlayışı fərdin reputasiyasına aid olan anlayışdır. Bu anlayış dinə, əqidəyə aid deyil. Buna görə qətnamə Qərb qəzetlərində islam haqda tənqidi yazının qabağını ala bilməyəcək.

Əvəzində müsəlman ölkələrinin özündə milli azlıqları, qadınları, homoseksualları sıxışdırmaqda dindən istifadə artacaq, buna etiraz edəni də islamı təhqir etmək ittihamı ilə içəri basacaqlar.

Neuer deyir ki, qətnamənin təşəbbüskarları olan Səudiyyə Ərəbistanının özündə islamdan başqa bütün dinlər qadağandır, İranda bahailəri sıxışdırırlar, biri İranda islam dinindən döndüyünə görə ona ölüm hökmü oxuyublar.

BMT-nin İnsan haqları bölməsi olan «UNWatc»un icraçı direktoru olan Hellis Neuer sonda bir misal da çəkir.

BMT-nin İnsan Haqları Şurasının apardığı bir monitorinq var - hökumətlərin söz azadlığını məhdudlaşdırmasına göz qoymaq. Bu monitorinqə mart ayında bir şərt əlavə olundu. İndi monitorinq aparanlardan tələb olunur ki, hökumət kimisə danışmağa qoymursa ya tutursa, onda yoxlasınlar həmin adam dinin əleyhinə danışmır ki?

Neuer deyir ki, keçən həftə bütün dünya İnsan Haqları Bəyannaməsinin 60 iliyini təntənə ilə qeyd etdi, ancaq onun əsas prinsipləri belə getsə, təhlükə altında olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG