Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:23

«1000-ə yaxın küçə uşağını xilas etmişik»


Natiq Mənsimov
Natiq Mənsimov
Dinlə

«Evsiz və Məzlum Bakılıların İnsan Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyini 1994-cü ildə yaratmışıq. Amma qeydiyyatdan keçmək 11 il vaxt tələb edib»-, bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına həmin birliyin rəhbəri Eldar Əlizadə deyib. Onun sözlərinə görə, bu illər ərzində dəfələrlə məhkəməyə müraciət ediblər. Amma nəticəsi olmayıb:

«Azərbaycan Avropa Konvensiyasına üzv olandan sonra materialları toplayıb göndərdik Avropa Məhkəməsinə. Nəhayət, 2005-ci il fevralın 18-də bizim QHT rəsmi qeydiyyatdan keçdi. Amma təəssüf ki, ofisimiz yoxdur. Bizə müraciət edən evsiz-eşiksiz insanların problemlərini Ali Məhkəmənin köhnə binasının arxasındakı bağda dinləyirik. Hər həftə ora yığışırıq. Hüququ pozulan evsiz-eşiksizlərə imkan daxilində kömək edirik».

Söhbət əsnasında Eldar Əlizadə özünün də evinin olmadığını dedi: «Özümün də hüquqlarım pozulub, evim əlimdən alınıb. Məhkəmələrə müraciət etsəm də, bir faydası olmayıb». Həmsöhbətimiz Azərbaycanda evsiz-eşiksizlərin-el arasında «bomj» adlandırılan insanların sayının il-ildən çoxalmasında dövləti qınadı. O, dedi ki, dövlətin bununla bağlı xüsusi proqramı yoxdur:

«Hökumət göstərmək istəyir ki, guya bizdə «bomj» yoxdur».

«Ümid yeri» Uşaq Sığınacağı və Reabilitasiya Mərkəzinin sədri Natiq Mənsimov isə onunla tam razılaşmadı. Onun fikrincə, «bomj» təkcə Azərbaycanın problemi deyil:

«İnkişaf etmiş Avropa ölkələrində də bu problem mövcuddur. Evsiz-eşiksiz insanların artmasında dövlətin heç bir günahı yoxdur. Əgər insanın evi yoxdursa, bu onun sosial və maddi problemləri ilə bağlıdır. Amma bir məqamla razıyam ki, Azərbaycanda «bomj»larla bağlı dövlət proqramları həyata keçirilmir. Məsələn, Moskvada dekabr ayından fevrala kimi evsiz-eşiksiz insanlara xüsusi sosial sığınacaqlar verilir. Soyuq qış aylarını onlar bu sığınacaqlarda keçirir, həmçinin isti geyim və qida ilə təmin olunurlar. Azərbaycanda da belə sığınacaqların yaradılması ilə bağlı dövlət proqramları reallaşdırıla bilər».

Natiq Mənsimov «Ümid yeri» Uşaq Sığınacağının artıq 11 ildir fəaliyyət göstərdiyini dedi. Onların əsas məqsədləri küçə həyatına məruz qalmış uşaq və gənclərin həyatını xilas etməkdir:

«11 il ərzində 1000-ə yaxın küçə uşağını xilas etmişik. Təxminən 500 nəfəri valideynləri, qohumlarını tapıb, onlara qaytarmışıq. Bundan əlavə, bəzi gəncləri evləndirmişik. Təxminən 20 nəfərin hərbi qulluğa getməsinə kömək etmişik. Yəni, bizim ünvandan əsgərliyə gediblər, sonra yenə bizə qayıdıblar. Onların işlə, yataqxanada otaqla təmin olunmasında yardım etmişik. Təxminən 200 nəfər uşağa isə doğum haqqında şəhadətnamə və pasportunun alınmasında kömək etmişik. Söhbət heç vaxt heç bir sənədi olmayanlardan gedir. Onları bir şəxsiyyət kimi bərpa etmişik».

Müsahibimizin əlavəsinə görə, onlar uşaqlardan başqa, 40-a yaxın tənha uşaqlı anaya da sığınacaq veriblər.
XS
SM
MD
LG