Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:16

«Borcu olmayan abonentlərin qazı bərpa ediləcək»


Kamandar Eyvazlı
Kamandar Eyvazlı
Dinlə

«Borcu olmayan abonentlərin qazı bərpa ediləcək». Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı - «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı deyir. O, artıq iki gündür ki, Azərbaycanda borclu abonentlərin qazını kəsməyə məcbur olduqlarını bildirir. K.Eyvazlının sözlərinə görə, vətəndaşlar borclarını ödəməyənə qədər, qaz üzünə həsrət qalacaqlar:

«Qışda insanlar qazdan daha çox istifadə edirlər. Ona görə də bu işi qışda həyata keçiririk».

Amma verilişə zəng vuran əksər dinləyicilər kommunal xidmətlərin haqqını vaxtında ödədiklərinə baxmayaraq, qazın kəsildiyini söylədilər. Kamandar Eyvazlı dedi ki, ilkin mərhələdə belə halların baş verməsi mümkündür:

«Ola bilər ki, borclu abonentlərin qazı kəsiləndə borcu olmayanlar üçün də problemlər yaranıb. Amma kəsimlər davam etdikcə, borcu olmayan abonentlərdə bu məsələlər normallaşacaq. Yəni, bu, müvəqqəti problemdir və tezliklə aradan qalxacaq».

Bir dinləyicinin sözlərinə görə, təzə binada ev alıb, yayda binanın sakinlərindən 400 manat pul yığılıb, smartkart tipli sayğaclar qoyulsa da, hələ də qazdan səs-soraq yoxdur. K.Eyvazlı isə deyir ki, «Azəriqaz» heç bir vətəndaş qarşısında süni problem yaratmır:

«Əgər bina texniki qaydalara uyğun qazlaşdırılıbsa, sənədləri normativə uyğun qaydasındadırsa, sayğaclar qoyulubsa və digər texniki tələblər yerinə yetirilibsə, qazın verilişində heç bir problem yoxdur. Digər məsələyə gəlincə, bəli, təbii qazdan yeni istifadə etməyə başlayan abonentlər sayğacların alınmasını və mənzillərdə görülən digər texniki məsələləri öz hesablarına həll etməlidirlər».

Kamandar Eyvazlı deyir ki, vətəndaşlar qaza olan borclarını yalnız poçt və bank vasitəsilə ödəməlidirlər:

«Biz evdə aparılan ödənişin taleyinə cavabdeh deyilik».
XS
SM
MD
LG