Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:38

Gənclər Təhsil Nazirliyini məhkəməyə verməyə hazırlaşır


Turan Əliyevlə Namiq Feyziyev nazirliyin razılaşmanı pozduğunu deyir

Siyasi baxışlarına görə, oxuduqları ali məktəblərdən xaric olunduqlarını deyən, sonradansa bərpa olunan Turan Əliyevlə Namiq Feyziyev Təhsil Nazirliyni (TN) məhkəməyə verməyə hazırlaşır. Gənclər deyirlər ki, TN bərpa razılaşmasını pozub.

Bu ilin yanvarın 19-da Təhsil naziri Misir Mərdanovun verdiyi qərara görə, Namiq Feyziyev Pedoqoji Universitetin, Turan Əliyev isə Bakı Dövlət Universitetinin üçüncü kursuna bərpa olunmalıydı. Namiq Feyziyev deyir ki, ona təqdim olunan qərara görə, 2006-cı ilin sentyabrından o üçüncü yox, ikinci kursdan təhsilini davam etdirə bilər. Ona görə də bununla razılaşmır.


Turan Əliyevsə, bildirir ki, neçənci kursdan dərsə başlamasıyla bağlı əlində bərpa haqqında sənədi yoxdur. Onun dediyinə görə, TN-dən verilməli əmr bugünə qədər gecikdirilir. Bərpa olunması haqqında sənəd olmadığına görə, hərbi komissarlıq orduya çağırış haqqında ona sənəd göndərib.


Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqlər Şöbəsinin rəhbəri Bayram Hüseynzadə isə bildirir ki, gənclərin bərpası haqqında razılaşma olub. Ancaq bərpa haqqında qərarı universitet rektorları verməlidirlər.


«Yeni Fikir» Gənclər Təşkilatının üzvü Namiq Feyziyev və AXCP Gənclər Komitəsinin fəalı Turan Əliyev ötən ilin noyabrında keçirilən parlament seçkisindən sonra oxuduqları ali məktəblərdən qovulmuşdular. 20 günlük aclıq aksiyası keçirəndən sonra hər iki tələbə oxuduqları ali məktəblərin üçüncü kursuna bərpa olunmuşdular. Bu qərar yanvarın 19-da Təhsil naziri Misir Mərdanovla hüquq müdafiəçiləri və Bakıdakı diplomatik korpus nümayəndələri ilə keçirilən görüşdən sonra verilmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG