Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:28

«Bəzi qüvvələr hakimiyyətin növbəti varisə ötürülməsini istəmir»


«Bu, prosesləri konstitusional müstəvidən çıxarmaq, demokratik mübarizə üsullarını heçə endirmək deməkdir»
«Bu, prosesləri konstitusional müstəvidən çıxarmaq, demokratik mübarizə üsullarını heçə endirmək deməkdir»
Bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə Konstitusiyada qoyulan məhdudiyyətin aradan götürülməsi ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) təklifi müxalifət düşərgəsində ciddi iradlarla qarşılanıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyir ki, əgər bu ideya gerçəkləşərsə, bununla hakimiyyət demokratiyanın dekorativ görüntüsünün saxlanmasından da imtina etmiş olacaq:
- Bu, prosesləri konstitusional müstəvidən çıxarmaq, demokratik mübarizə üsullarını heçə endirmək deməkdir. Bu, artıq bir sıra destruktiv, radikal qüvvələrə meydan açmaq deməkdir.
Ə.Kərimli deyir ki, bu məsələnin prezident seçkisindən dərhal sonra meydana çıxması təsadüf deyil. Onun fikrincə, bu, ilk növbədə o deməkdir ki, hakimiyyətin gələcək taleyi ilə bağlı hakim düşərgədə ciddi fikir ayrılıqları var. Bəzi qüvvələr gələcəkdə hakimiyyətin növbəti varisə ötürülməsini istəmirlər. Burda artıq bəzi oliqarxların, klan rəhbərlərinin maraqları işə düşür. Başqa tərəfdən hakimiyyət başa düşür ki, ölkənin imicinə ciddi zərbə vuracaq bu dəyişikliyin həyata keçirilməsi 4-5 il sonra çox çətin ola bilər. İndi həm əhalidə ümumi süstlük var, həm də Qərbin əsas diqqəti Rusiya ilə münaqişəyə yönəlib. Əli Kərimlinin fikrincə, hakimiyyət bununla Qərbə də mesaj verir ki, o, Avroatlantik məkana inteqrasiya yolundan imtina edir:
- Əksinə, bununla onlar Azərbaycana Orta Asiyanın standartlarını gətirirlər. Artıq sivil dünyada belə standartlar keçərli deyil.

YAP-dan olan millət vəkili Rəbiyyət Aslanova isə nəzərdə tutulan bu dəyişikliyin ölkənin demokratik inkişaf yoluna xələl gətirəcəyinə inanmır:
- Hakimiyyətin mənbəyi xalqdır. Əgər bu dəyişiklik olacaqsa, bunu referendum yolu ilə xalq edəcək. Bir də söhbət təkcə bu məsələdən getmir. Zaman dəyişir, zamanın dəyişməsi ilə biz də dəyişirik. Qanuna ehkam kimi baxmaq olmaz.
Məsələ ilə bağlı sadə insanların fikirləri isə belədir:
- Mən pis baxıram. Bir baxaq görək o birləri necə işləyir.
- Mən yaxşı baxıram. Bu, o demək deyil ki, bu prezident ömürlük olacaq. Xalq kimi istəsə, onu seçəcək.
- Ondansa monarxiya olsun da.
- İki dəfə seçildin, bəsdir də, qoy başqaları da seçilsin.
Azərbaycanda referendum yolu ilə Konstitusiyaya bundan əvvəl bir dəfə dəyişiklik edilib. Bu isə 2002-ci ildə prezident Heydər Əliyevin xəstəliyi dövründə baş vermişdi. O vaxt prezidentdən sonra dövlətdə ikinci şəxs statusu parlament sədrindən alınaraq Baş nazirə verildi. Onda müxalifət Konstitusiyaya edilən bu dəyişikliyi varis planının tərkibi sayırdı. Bu dəyişiklikdən sonra da Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev Baş nazir təyin edildi.
Hüquqşünas Ənnağı Hacıbəyli deyir ki, indi məhdudiyyətin götürülməsi hüquqi baxımdan elə də çətin deyil. Ancaq:

- Referendumu da oyuncağa çevirmək olmaz. Bu, baş tutsa, bir partiyanın və ya bir zümrənin uzun müddət hakimiyyətdə qalmasına imkan verəcək. Bununla da monarxiya üsul-idarəsinin ünsürləri meydana çıxacaq.

Ənnağı Hacıbəyli yada salır ki, ölkə Konstitusiyasının qəbulundan cəmi 13 il keçir. Az vaxt ərzində əsas qanunun tez-tez dəyişdirilməsi isə onu şəxsi mənafelərdən asılı vəziyyətə sala bilər.
XS
SM
MD
LG