Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Ziyalılar niyə ölkəni tərk edir?


Niyazi Mehdi: «Xalqın düşünən adamlarının böyük hissəsi imkan olan kimi yabançı ölkələrə gedirlər»
Niyazi Mehdi: «Xalqın düşünən adamlarının böyük hissəsi imkan olan kimi yabançı ölkələrə gedirlər»
Azərbaycan müstəqillik qazanandan bəri ölkəni nə qədər ziyalı tərk edib bu barədə dəqiq bir statistika yoxdu. Amma hansısa sahəni araşdıranda məlum olur ki, kimsə vaxtilə onunla birgə çalışan bir neçə nəfərin adını çəkir ki, onlar hazırda müxtəlif ölkələrdə yaşayırlar.

«Mən daha çox öz sahəmlə bağlı adamları tanıyıram və bilirəm ki, onlar Türkiyənin aparıcı ali məktəblərində rəssamlığın tədrisilə məşğuldurlar».
Sənətşünas Ziyadxan Əliyev yaxşı tanıdığı həmin rəssamların bir neçəsinin adlarını da çəkir: «Tanınmış rəssam Əli Verdiyev, Fikrət Haşımov, Əbülfəz Fərəcoğlu, Məzahir Əfşar, İlham Ənvəroğlu, Məhsur Cəfərov, sonra Rəhim Məmmədov, Asim Səmədov və s. belə ziyalılar çoxdu. Onlar müstəqilliyin ilk illərində ölkəni tərk ediblər və bu ənənə indi də davam edir».

Bu, təkcə sənətşünas Ziyadxan Əliyevin tanıdığı rəssamlar arasından gedənlərdi. O, hesab edir ki, indi sovet dövründəki kimi ideoloji qadağalar yoxdu, amma bunun əvəzində maddi çətinliklər var. Elə onun sadaladığı rəssamlar da daha çox bu səbəbdən Azərbaycanı tərk ediblər.

Filosof Niyazi Mehdi isə ziyalıların ölkəni tərk etməsini iki amillə bağlayır: «Birincisi maliyyə məsələsidi, ikincisi isə araşdırma aparmaq üçün elmi mühitlə bağlıdır. Hər ikisilə bağlı Azərbaycanda ciddi nöqsanlar var. Çox çətin vəziyyətdi və ona görə də ölkədən bir xeyli ziyalı axını var».
Niyazi Mehdiyə görə, əslində yaradıcı adamın bir ölkədən digərinə gedib yaşaması mənfi qarşılanmamalıdır:

«Çünki dünyada belə şeylər çox olur, yəni amerikan gəlib burda hansısa yaradıcılıqla məşğul ola bilər. Amma bu kütləvi olanda, narahatlıq doğurur. Xalqın ciddi problemi odur ki, onun qaymağı, ən düşünən adamlarının böyük hissəsi imkan olan kimi başqa yabançı ölkələrə gedirlər».

Niyazi Mehdiyə görə, yaxşı elmi mühit yaxşı alim yetişdirir, əgər belə bir mühitin yoxdusa həmin yerdə nə yaxşı alim, nə də yaxşı ziyalı yetişəcək. O, eyni zamanda Azərbaycandakı vəziyyətin Türkmənistanla müqayisəolunmaz olduğunu deyir: «Türkmənistandan fərqli olaraq bizdə internetlə bağlı senzura yoxdu, ziyalının internet sahəsində böyük imkanları var. Ziyalı internet vasitəsilə beynəlxalq konfranslarda iştirak imkanı əldə edə bilir. Yəni İran, Türkmənistan və Özbəkistana baxanda bu üstünlüklər var. Bir də Azərbaycanda ağıllı adama hörmət qalıb, o da böyük bir şeydi».
Mühacirətə hazırlaşan gənc yazar Aqşin Yenisey deyir ki, müstəqillik dövründə ölkəni daha çox gənclər tərk edib. O, gənc ziyalıların ölkəni tərk etməsini daha çox Azərbaycandakı ictimai-siyasi mühitin əlverişsizliyilə əlaqələndirir: «Məsələn mənim 6-7 həmyaşıdım var. Əvvəl biz hamımız bir yerdə idik, yazırdıq, yaradırdıq, amma indi onların hamısı Türkiyədə, Avropada sığınacaq alıb yaşayırlar. Hətta oradan bizə məktub yazırlar ki, siz yazmaq istəyirsinizsə, fikir, düşüncə azadlığı, insan azadlığı görmək istəyirsinizsə bura gəlin».

Elə bu səbəbdən də Aqşin Yenisey hesab edir ki, Azərbaycanda gəncliyə nə qədər dövlət səviyyəsində münasibət dəyişməyəcəksə, ölkədən ziyalı axını bir o qədər davam edəcək. Elə bu səbəbdən də onun fikrincə, indi Azərbaycanda ziyalı çatışmazlığı, intellekt çatışmazlığı var: «Fikir verin Azərbaycan cəmiyyəti bir rəngli cəmiyyətdi. Amma bütün dünyada fikir müxtəlifliyini, azad cəmiyyətləri ziyalılar yaradır. Azərbaycanda isə ziyalıların bir qismi ölkədən gedib, getməyəni də tərkidünya həyat yaşayır, bütün proseslərdən üz döndərib, ölkənin öz içərisində ölkədən qaçıb. Cəmiyyətdəki proseslərə heç bir münasibəti yoxdu».

Hazırda Norveçdə yaşayan yazıçı Abbas Atilay isə ziyalıların başqa ölkələrə getməsinə elə də mənfi yanaşmır. Deyir onun müşahidələrinə görə, ölkədən gedən ziyalıların bir qismi öz bilik bacarığını artırmağa, digərlərisə Azərbaycandakı mühitdə yaşaya bilmədiyinə görə, ölkəni tərk edib. Amma o təəssüf edir ki, ikincilər birincilərdən çoxdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG