Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:29

Neft düşəndə hakimiyyət də pis günə düşür


«Neftin qiyməti düşəndə böyük neft pulundan asılı olan avtokratik hökumətlər məcbur olub ya siyasi sistemi daha açıq edirlər, ya da məhv olurlar»
«Neftin qiyməti düşəndə böyük neft pulundan asılı olan avtokratik hökumətlər məcbur olub ya siyasi sistemi daha açıq edirlər, ya da məhv olurlar»
Adətən «neft və demokratiya» deyirlər, ancaq «neft, ya demokratiya» demək yəqin daha düzgün olardı. Çünki son illər biri o birini istisna etməyə başlayıb. Ancaq son aylar demokratiya tərəfdarlarında bir ümid yaranıb, o da neftin qiymətinin düşməsidir. Neftin qiyməti düşəndə ekspertlərin fikrincə, avtokratik hökumətlər də pis vəziyyətə düşürlər.

«Neft monarxiyaları» kitabının müəllifi Gregory Gause deyir ki, «Keçmişdə - 1980-1990-cı illərdə neftin qiyməti dramatik düşəndə neft hökumətləri də böhran yaşayırdılar. Bu böhran bəzən siyasətin açıq olmasına, bəzən də vətəndaş müharibəsinə aparırdı, məsələn Əlcəzairdə. Ancaq istənilən halda neftin qiyməti düşəndə böyük neft pulundan asılı olan avtokratik hökumətlər məcbur olub ya siyasi sistemi daha açıq edirlər, ya da məhv olurlar».

ABŞ-ın Vermont Universitetində siyasi elmlər professoru olan Gause deyir ki, neftin qiyməti düşəndə Əlcəzairdə sosial narazılıq başlandı və əhali azad seçki tələbləri səsləndirdi. Seçkiləri islamçı partiya uddu, hərbçilər müdaxilə edib islamçıları hakimiyyətə qoymadılar və vətəndaş müharibəsi başlandı.

Düzdür, Əlcəzair ekstremal nümunədir, ancaq hökumətin düşdüyü vəziyyəti yaxşı təmsil edir.

Madriddəki Demokratikləşmə Proqramının koordinatoru Riçard Youngs isə deyir ki, neftin qiyməti qalxanda gözəl həyata gözləntilər artır, böhran olanda bu doğrulmayan gözləntilər narazılığa çevrilir. Nəticədə hakimiyyət siyasi islahatlardan qaça bilmir. O, Səudiyyə Ərəbistanı krallığını misal çəkir, sual edir ki, burda ehtiyatlı siyasi liberallaşma nə vaxt başlandı? Neftin qiyməti 90-cı illərdə düşəndə.

Youngs bir cəhəti də qeyd edir ki, neft ucuzlaşanda başlanan siyasi islahatlar neft bahalananda dayanmır. Cəmiyyət əksinə, tələb edir ki, neft pullarının xərclənməsi şəffaf olsun. Bu təzyiq məsələn, son illər Səudiyyə Ərəbistanında həmişə olub.
Bu ilin əvvəlində neftin qiyməti yüksək olanda isə Misirdə hökumətə təzyiqlər görünməmiş həddə çatdı. Tələb olunurdu ki, ölkənin neft gəliri daha geniş təbəqələrə və daha çox paylansın.

Çox nüfuzlu «Əl Əzhər» dini qurumu hökumətdən tələb edirdi ki, zəkat prinsipinə riayət etsin, neftdən, qazdan gələn gəlirin 20 faizini zəkat kimi əhaliyə paylasın.

Neftin qiymətinin düşməsi Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələrə necə təsir edəcək?

Youngs deyir: «Mən düşünmürəm ki, Mərkəzi Asiyada orta sinif, yəni son illər varlananlar özlərini hökumətə qarşı qoyalar. Ancaq onlar istərdilər ki, ölkədə daha ədalətli hüquq sistemi olsun, onlar nəyəsə pul qoyanda əllərində daha çox təminat olsun, gələcəyi planlaşdıra bilsinlər».

Riçard Youngs fikirləşir ki, indi Xəzər ölkələrində müxalifətçilərin və qeyri-hökumət təşkilatlarının tələb etdiyi aşkarlıq, neftin qiyməti düşdükcə daha geniş ictimai dəstək qazanacaq.
XS
SM
MD
LG