Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:43

ATƏT seçkidə onbaşı, yüzbaşı, minbaşıları gördüyünü deyir


ATƏT müşahidəçiləri Bakıdakı seçki məntəqəsində, 15 oktyabr 2008
ATƏT müşahidəçiləri Bakıdakı seçki məntəqəsində, 15 oktyabr 2008
ATƏT müşahidəçiləri Azərbaycandakı prezident seçkisində onbaşı, yüzbaşı, minbaşıları görüblər. Həmin adamlar ayrı-ayrı iş yerlərindən seçiciləri səsverməyə gətiriblər. Məqsəd seçici fəallığını artırmaq olub. Məlumatlara görə, bu işi yerli icraçılar, yaxud seçki komissiyaları, bəzi hallarda hakim YAP təşkil edib.

Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda oktyabrın 15-də keçirilmiş prezident seçkisinə dair yekun hesabatında deyir. ATƏT müşahidəçiləri onbaşı, yüzbaşı, minbaşılardan ibarət əməlli-başlı sistemin olduğunu üzə çıxarıblar. Seçicilər bəzi hallarda seçkiyə çağırış kartının möhürlənməsini istəyiblər. İddia ediblər ki, bu kartı sonradan iş yerinə təqdim etməlidirlər. ATƏT bu halları azad seçim hüququnun - ATƏT-in Kopenhagen sənədinin pozulması adlandırır.

ATƏT-in yekun hesabatında seçkidən bir gün sonra açıqlanmış ilkin hesabatdakı, həmçinin seçkidən əvvəlki aralıq hesabatlardakı ifadələr də yer alıb. Ancaq birinci dəfədir ki, ATƏT hesabatında minbaşı məsələsinə toxunur. Seçki günü «Azadlıq» radiosunun əməkdaşı da belə minbaşılardan bir neçəsi ilə söhbət etmişdi.

ATƏT bir daha bildirir ki, prezident seçkisi xüsusilə texniki məsələlərdə ATƏT standartlarına doğru addım olsa da, təşkilatın bəzi standartlarına ümumiyyətlə əməl olunmayıb. Seçki dinc mühitdə keçib, ancaq sağlam rəqabət olmayıb. Təəssüf ki, bəzi müxalifət partiyaları seçkiyə getməmək qərarına gəlib, bununla da seçicilərin seçim miqyasını məhdudlaşdırıb.

Hakimiyyət bütün namizədlər üçün bərabər imkanlar yaratmağa cəhdlər edib, ancaq elektron mediada hakimiyyətdə olan prezidentə daha çox yer ayırıb. Bir çox hallarda hakim YAP-la icra strukturlarının işi üst-üstə düşüb.
Seçki Məcəlləsinə 2008-ci ilin iyununda edilmiş düzəlişlərdə ATƏT-in və Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinə qismən əməl olunub. «Sərbəst toplaşma azadlığı haqqında» qanun beynəlxalq standartlara uyğun olsa da, Bakı Şəhər İcra Hakimiyyəti qanunun tətbiqinə məhdudiyyətlər qoyub.
Venesiya Komissiyasının yerinə yetirilməmiş tövsiyəsi seçki komissiyaları ilə bağlıdır. Bu komissiyalar elə təşkil olunmalıdır ki, seçkinin bütün tərəfləri ona inansın.

ATƏT bundan sonrakı dövr üçün Azərbaycan hakimiyyətinə 27 tövsiyə edib, ancaq qeyd edir ki, bundan əvvəlik yekun hesabatlarda irəli sürülən tövsiyələrin heç də hamısı yerinə yetirilməyib. Birinci tövsiyə odur ki, 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkiləri ərəfəsində hakimiyyət bütün siyasi qüvvələrlə dialoqa getsə, yaxşı olar. Seçki prosesinə inamı artırmaq lazımdır.

Tövsiyələr aşağıdakı sahələri əhatə edir: Seçki Məcəlləsinə komissiyaların tərkibi ilə bağlı düzəliş edilsin, seçkini təşkil edən şəxslərə təlimlər keçilsin, hərbçilərin mülki şəxslərlə birgə səsverməsi təmin edilsin, seçici siyahıları daha dəqiq olsun. Mediaya dair ATƏT tövsiyə edir ki, media orqanlarının redaktə siyasəti hakimiyyətin müdaxiləsindən, təzyiqindən azad olmalıdır. Eyni zamanda həbsdəki jurnalistlərin buraxılmasına dair bundan əvvəlki tövsiyələr də nəzərə alınmalıdır.

Tövsiyələrdə vurğulanır ki, ailə üzvlərinin yerinə səsvermə problemi həll olunmalıdır. Bu məsələ seçkinin gizliliyi və bütövlüyünə zərbə vurur. Bunun üçün maarifləndirmə gücləndirilməlidir.

Azərbaycanda prezident seçkiləri 2008-ci ilin oktyabrın 15-də keçirilib. MSK-nın elan etdiyi nəticələrə görə hakim partiyanın sədri İlham Əliyev ikinci müddətə prezident seçilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG