Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37

«Şölən kimi bir seçki»


Seçkilərin beynəlxalq normalara yaxınlaşması üçün Türkmənistan hələ çox uzun bir yol keçməlidir

Seçkilərin beynəlxalq normalara yaxınlaşması üçün Türkmənistan hələ çox uzun bir yol keçməlidir

Dekabrın 14-də Türkmənistan parlament seçkilərini çal-çağırla başa vurdu. Türkiyə mətbuatında əksəriyyət bu barədə məlumatına «Şölən kimi bir seçki» başlığı qoyub.

Türkmənistanın Mərkəzi Seçki Komissiyası seçicilərin az qala hamısının - 94 faizinin səsverməyə gəldiyini bildirir. Komissiya dekabrın yaxın günlərdə 125 nəfərlik parlamentin yeni üzvlərinin adlarını elan etməyi planlaşdırır.

Türkmən rəsmiləri bildirirlər ki, ilk dəfə bu ölkədə də seçkini beynəlxalq müşahidəçilər izləyib. Müşahidəçi kimi MDB-dən savayı, ATƏT-dən, BMT-dən 60-a yaxın adam qeydiyyatdan keçib.

Hələlik ATƏT-in bu seçkinin yekunu ilə bağlı hesabatı elan olunmayıb. Aşqabada getmiş beş nəfərlik ekspert qrupu öz hesabatını təşkilatın özünə göndərəcəyini bildirib.

ABŞ-ın Aşqabaddakı səfirliyinin nümayəndəsi Endryu Pol isə «Azadlıq» radiosunun türkmən redaksiyasına bildirib ki, seçkilərin beynəlxalq normalara yaxınlaşması üçün Türkmənistan hələ çox uzun bir yol keçməlidir.

Amma seçkilərin gedişini izləyən Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev prosesdən razı qaldıqlarını deyib:

«Bütün prosedurlar yerli və beynəlxalq qanunlara uyğun şəkildə həyata keçirilib».

Seçkinin nəticələri hələ səsvermədən əvvəl də məlum idi. Parlamentdəki 125 yerin demək olar hamısını indiki prezident Berdumuhemmədovun rəhbərlik etdiyi Demokrat Partiyası və «Qalkınış» hərəkatının nümayəndələri tutublar. Çünki 288 namizədin demək olar hamısı prezidentin başçılıq etdiyi bu iki təşkilatının təmsilçiləri idilər.

Türkmənistanın bu xanım vətəndaşı kimi çoxları ölkədə ümumiyyətlə yeni bir şey gözləmir:

«Seçməliyik, başqa çarəmiz nədir? Namizədlərin hamısı rüşvətxorlardır. Məktəblərə, xəstəxanalara, uşaq bağçalarına - hara gedirsən, yalnız əlinə baxırlar. Hökumət acları iş başına gətirir, doyanda onları qovur, yerinə başqa acları gətirir. Eyni qayda da nazirlər təyin olunur. Acın birini gətirirlər, doyanda deyirlər filan şeyi düz eləmədin, qovub yerinə başqa ac gətirirlər. Hər yerdə eyni adamlardır».

Amma ölkədə dəyişən bəzi şeylər də var. Özünü bütün türkmənlərin atası – Türkmənbaşı və ömürlük prezident elan etmiş keçmiş prezident Saparmurad Niyazovun zamanında qəbul edilən bəzi qəribə qərarlar getdikcə ləğv olunur. Niyazovun ölümündən – 2006-cı ildən bəri onun həftənin günlərini, ayların adlarını öz qohum-əqrəbalarının adı ilə çağırmaq qərarı ləğv olunub. Türkmənbaşına sədaqət andı ölkənin əksər yerlərindən yığışdırılıb, yazdığı «Ruhnamə» kitabının məcburi oxunuşu dayanıb. Hərçənd bizim türkmən həmkarlarımız dövlət radio və televiziyasının indi də yeni prezident Qurbanqulu Berdumuhhemedovun kitablarını oxuduğunu deyirlər.

Bugünlərdə ölkənin 1997-ci ildə qəbul edilmiş, sözləri və musiqisi Niyazovun olan ölkənin himnindən Türkmənbaşının adı götürüləcək.

Yeni himnin mətni hələ elan edilməyib. Amma «Azadlıq» radiosunun türkmən xidmətindəki həmkarlarımızdan öyrəndiyimizə görə, himndə dörd yerdə:

«Türkmənbaşının qurduğu, beşik binası,
Tərəfsiz dövlətim, ciyərim-canım»

beytini gələcək himndə

«Xalqın qurduğu, beşik binası,
Tərəfsiz dövlətim, ciyərim-canım»

kimi oxunacaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG