Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:32

«Hökumət pensiyaları artırmağı nəzərdə tutmur»


Dövlət Sosial Müdafiə Fondunun binası

Dövlət Sosial Müdafiə Fondunun binası

Dekabr ayında vətəndaşların pensiyalarının bir neçə gün yubanması Qurban bayramına görə, ayın ilk günlərinin iş günü olmaması ilə bağlıdır. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyir. O, artıq Bakıda vətəndaşlara pensiyaların ödəndiyini, bölgələrə, o cümlədən Naxçıvana isə pensiyaların yaxın günlərdə köçürüləcəyini deyir.

Ölkə qanunvericiliyinə görə, əmək pensiyaları ildə bir dəfədən az olmayaraq artırılmalıdır. S.Müslümov isə deyir ki, dünyada gedən iqtisadi proseslər Azərbaycandan da yan keçməyib. Onun sözlərinə görə, əvvəlki illərdə görünən inflyasiya yerini əks prosesə – deflyasiyaya verib, ölkədə ucuzlaşma olub. Buna görə də hökumət pensiyaları artırmağı nəzərdə tutmur. Çünki, cənab Müslümovun fikrincə, deflyasiya Azərbaycanda məhsul və xidmətlərin ucuzlaşmasına səbəb olub, bu isə artıq insanların sosial müdafiəsinin gücləndirilməsidir. Hökumət 2009-cu ildə əmək pensiyalarının yox, pensiyaların sığorta hissəsinin artırılmasını planlaşdırır:

«2008-ci ildə Azərbaycanda orta aylıq pensiya məbləğinin baza hissəsi 75 manat olub. İndi biz inflyasiya faizini dəqiqləşdirmək üçün 2009-cu ilin ilk 6 ayını gözləməliyik».

Dövlət Sosial Müdafiə Fondunun sədri deyir ki, hökumət qiymət artımının ardınca pensiyaları qaldırmağın əvəzinə, qiymətlərin azalması istiqamətində işləməyin tərəfdarıdır.

Bakıda söhbət etdiyimiz pensiyaçılar isə deyirlər ki, onlar hökumətdən pensiyaların artırılmasını gözləyirlər. Çünki Səlim Müslümovun haqqında danışdığı deflyasiyanı onlar görməyiblər. İndiki qiymətlərə baxanda isə pensiyalar son dərəcə aşağıdır.

- 75 manat pensiya alıram. Çox azdır, heç nəyə çatmır. Onunla necə yaşamaq olar.

- Pensiyalarımız çox azdır. Uşaqlara deyirəm meyvənin birini indi yeyin, birini də axşama saxlayın.

- Ehh nəyə çatır pensiya? Bax bəxtəvərəm. Hardan çatır? Heç nəyə çatmır. Mənim gücüm var hökumətə təzyiq etməyə. Kefi istəsə verəcək, kefi istəsə verməyəcək.

- Heç bir ucuzluqdan söhbət gedə bilməz. Pis vəziyyətdə yaşayırıq. Bir var kef üçün yaşayasan, bir də var ölməmək üçün. Biz ölməmək üçün yaşayırıq. Birini tapanda, birini tapmırıq.

İqtisadçı Rövşən Ağayev isə hökumətin düzgün pensiya siyasəti yürütmədiyini düşünür. Onun fikrincə, Azərbaycanda pensiya artımı öncəki illərdə baş vermiş inflyasiya tempinə heç vaxt uyğun olmayıb:

«Yalnız 2008-ci ildə hökumət inflyasiyanı real səviyyəsinə uyğun rəsmiləşdirdi. 2005-ci ildən Azərbaycanda inflyasiya meylləri başlayıb. Ancaq o zaman hökumət inflyasiyanı etiraf etmirdi. Ancaq öncəki illərdə inflyasiyanın etiraf olunmaması ilə pensiyaların artım səviyyəsi arasında disbalans yaranmışdı. Ona görə də indiki pensiyalarla 2004-ci ildəki pensiyaların alıcılıq qabiliyyətini müqayisə etsək, görərik ki, heç bir artımdan söhbət belə gedə bilməz. Baxmayaraq ki, nominal dəyər hardasa 2 dəfə artıb».

İqtisadçının fikrincə, Azərbaycan hökuməti insanların alıcılıq qabiliyyətini yaxşılaşdırmaq üçün hələ ki, artım addımlarını dayandırmamalıdır. Başqa sözlə, deflyasiyanı qətiyyən nəzərə almamalıdır.

Bir neçə gün bundan əvvəl prezident yaşayış minimumunu 92 manat məbləğində təsdiq etdi. Bu, o deməkdir ki, təqaüdün yalnız baza hissəsini alan hər bir Azərbaycan pensiyaçısının minimum yaşayışını təmin etmək üçün on yeddi manatı çatmır. Azərbaycanda isə belə vətəndaşların sayı 750 mindən artıqdır.

Şərhləri göstər

XS
SM
MD
LG