Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:44

Terrorçular ABŞ-a qarşı kiberhücuma keçiblər


«Birləşmiş Ştatlar kibermüharibədə uduza bilər»
«Birləşmiş Ştatlar kibermüharibədə uduza bilər»
60-cı illərdə Pentaqon kommunikasiya yollarını gizli saxlamağa çalışırdı. Pentaqonun kompyuterlərində istifadə olunan daxili şəbəkə bir azdan bütün dünyanın yararlandığı internetə çevrildi. Və az sonra internet insanların həyatına təsəvvür olunmayacaq qədər böyük dəyişiklik, böyük xeyir verdi. Amma indi internet tək xeyir vermir. İnternet indi həm də kibermüharibə meydanına çevrilməyə başlayıb. Hansısa dövlətə zərbə vurmaq istəyən hər şeydən çox ziyan vuracaq vasitəyə - internet müharibəsinə keçir.
İndi məlum olub ki, Birləşmiş Ştatlara bu vaxta qədər yüzlərlə kiberhücum olub. Məxfi sahələr olduğundan hücumlar barədə açıqlama verilməyib. Ancaq bağlı qapılar arxasında toplanan məlumatlardan belə nəticəyə gəliblər ki, terror təşkilatları və xarici dövlətlər Birləşmiş Ştatlara qarşı kiberhücuma keçiblər.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, Amerikanın Müdafiə, Dövlət, Milli Təhlükəsizlik və Maliyyə departamentlərinin hamısı belə hücuma məruz qalıb. Pentaqon kompyuterlərinə hər gün yüz minlərlə hücum cəhdi olur. Dövlət Departamentinin bir rəsmisi bəzi məlumat bazalarının təhlükə altında olduğunu deyir. Maliyyə Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu saytını bir neçə aylığa bağlamalı olub.
NASA-nın işçilərinə uçuşdan əvvəl emaillərdən istifadə etmək qadağan edilib. Cihadçılar İraq və Əfqanıstanda hərbçilərin kompyuterlərini qarışdırmağa cəhd edirlər.
Amerika dövlət strukturlarına hücumla bağlı məlumatları toplayan komissiya müəyyən edib ki, kiberhücumlara məruz qalan dövlət idarələrinin heç birinin o birinin başına gələndən xəbəri yoxdur. Birləşmiş Ştatlar kibermüharibədə uduza bilər. Komissiyanın rəyi belədir: «Amerika idarələrinin kiberhücumdan qorunmaq səviyyəsi aşağıdır, çünki təhlükəsizlik proqramlarının gücü bərabər deyil. Ən zəif həlqə isə bütün şəbəkəni təhlükə altında qoyur».
Bəs Azərbaycanda dövlət idarələri kiberhücuma hazırdılarmı? İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz «Azadlıq» radiosuna hökumətin hazırlığa başladığını göstərən faktların olduğunu deyir.
Amma höklumətin kiberhücumdan müdafiə sistemi kompleks şəkildə hazır deyil. Bunu son vaxtlar bir nüçə nazirliyin saytının dağıdılması faktı da göstərir.
Təhlükəsizlik məsələləri üzrə ükspert İlham İsmayıl da hesab edir ki, Azərbaycanda dövlət idarələrinin kiberhücumdan qorunma vasitəsi olsa belə, mükəmməl deyil.
Amerika da kibersiyasətini müəyyən etməlidir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatında belə deyilir. Hesabat müəllifləri bildirirlər ki, ABŞ-a kiberhücum olarsa, kimin məsuliyyət daşıyacağı, necə məsuliyyət daşıyacağı bilinməlidir.
Mütəxəssislərin fikrincə, problem odur ki, əsas şübhəlilər Rusiya və Çindir. Amma bu barədə açıq danışa bilmirlər. Axı kiberhücumun arxasında kimin durduğunu müəyyən etmək çətindir.
Məsələn, 2007-ci ildə kiberhücumla Estoniyanı iflic vəziyyətinə saldılar. Bunu kimin etdiyi faktlarla təsdiqlənmədi. Amma hadisə Estoniyayla Rusiyanın münasibətləri kəskinləşəndə baş verdi. Eləcə də bu ilin yayında, Rusiyayla Gürcüstanın münaqişəsi zamanı Gürcüstanın dövlət idarələrinin saytlarını dağıtdılar.
Mütəxəssislərin fikrincə, Amerikaya kiberhücum olsa, daha çox elektrik enerjisi şəbəkələri, bank sistemləri, rəqəmli kommunikasya vasitələrinə zərbə dəyər. Amerikalılar ərzaq, su tapmaq üçün pərən-pərən olarlar.
Hesabatda yeni prezident Barak Obamaya məsləhət görülür ki, kiberhücuma qarşı yeni struktur yaratsın. Mütəxəssislərin fikrincə, ABŞ-a qarşı kiberhücumların miqyasını müəyyən etməyin vaxtı çatıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG