Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:11

Zamin Hacı: «Mənə dedi ki, sən Eynulla olmaq istəyirsən…»


«Belə dərəbəyilik olar? Bəlkə Akif Nağının qulağına səda dəyib?» Foto: Mediaforum.az
«Belə dərəbəyilik olar? Bəlkə Akif Nağının qulağına səda dəyib?» Foto: Mediaforum.az
«Bu gün jurnalistləri tək məmurlar yox, istənilən təbəqənin nümayəndəsi çox asanlıqla cəzalandıra bilər. İndi hansısa toy müğənnisi kamera qarşısında jurnalisti döyür. Bir QHT nümayəndəsi redaksiyaya basqın edib, çox tanınmış jurnalisti döyür…»

Bunu «Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ilə «Yeni Müsavat» qəzetinin köşə yazarı Zamin Hacı arasında baş verən qalmaqalı dəyərləndirərkən deyir. Onun sözlərinə görə, Azərbaycanda söz azadlığına davamlı basqılar jurnalistləri dəyərsiz bir təbəqəyə çevirməkdədir.

Zamin Hacı ilə Akif Nağı arasında insident «Yeni Müsavat» qəzetində «İki karın dialoqu» adlı bir köşə yazısı üstündə baş vermişdi. Həmin yazıda Zamin Hacı QAT-ın Rusiya Liberal Demokrat Partiyasının sədri Jirnoviskini Azərbaycana buraxmayacaqları haqda bəyanatına toxunmuşdu. Qəzetlərin yazmasına görə, Akif Nağı həmin məqalənin dərcindən sonra bir neçə adamla «Yeni Müsavat» qəzeti redaksiyasının qarşısına gedərək Zamin Hacını döyüb təhqir edib. Akif Nağı «Azadlıq» radiosuna bildirib ki, həmin yazıda həm ona, həm də rəhbərlik etdiyi təşkilata rişxənd edilib:

«Normal halda o məndən üzr istəməliydi. Ancaq üzr istəmədi və dedi ki, mən yenə də yazacağam. Üzr istəmədi və məni söydü. Mən də özümü saxlaya bilmədim…»

Zamin Hacı isə Akif Nağını söyməsi haqda onun dediklərini təkzib edir. Jurnalistin sözlərinə görə, əgər yazısında təhqir varsa buna başı ilə cavab verməyə hazırdır:
«Belə dərəbəyilik olar? Bəlkə Akif Nağının qulağına səda dəyib? Hesab edir ki, Azərbaycanda istənilən jurnalisti cəzalandıra bilər? Onun dediyi bir söz hələ də yadımdan çıxmır. Mənə dedi ki, sən Eynulla olmaq istəyirsən…»

Parlamentin İnsan hüquqları komissiyasının üzvü Fuad Muradov isə bu məsələdə hakimiyyətin günahlandırılması ilə razılaşmır:
«Burda deyilir ki, hakimiyyət şərait yaradır. Hakimiyyət nə edir? Deyir ki, adamlar gedib cinayət eləsin. Cinayət əməli Cinayət Məcəlləsi ilə tənzimlənir. Bir adam ona qarşı cinayət törədildiyini iddia edirsə, gedib məhkəməyə müraciət etməlidir».

Ancaq Zamin Hacının da öz arqumentləri var. Zamin Hacının sözlərinə görə, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid eləmədiyi xuliqanlığa görə 4 il cəza alıb. Əgər hakimiyyət jurnalistlərin əzilməsində maraqlı deyilsə, ona qarşı törədilən xuliqanlığı da cəzasız qalmamalıdır: «Söhbət ondan gedir ki, bu bir testdir. Adam özü əməllərin etiraf edir. İndi görək hüquq mühafizə orqanları nə edəcək».

Hüquq mühafizə orqanlarının bu məsələdə hansı mövqe tutacaqlarını indidən qəti demək çox çətindir. Hərçənd həm Zamin Hacı, həm də Akif Nağı Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinə öz ifadələrini veriblər. Bölmənin rəisi Cəbrayıl Vəliyev deyir ki, onlar ilkin təhqiqatı başa vuraraq işi Binəqədi Rayon Prokurorluğuna göndəriblər. İşin bundan sonrakı gedişatı prokurorluqdan asılıdır. Prokurorluda isə işi müstəntiq İlyas Seyidov aparır. Müstəntiqi yerində tapa bilmədiyimizdən bu işin təhqiqatı ilə bağlı əlavə məlumat əldə etmək mümkün olmadı.

Ancaq Zamin Hacının işindən fərqli olaraq «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə bağlı ilkin təhqiqat belə uzun çəkməmişdi. O vaxt Qənimət Zahid ifadə vermək üçün polisə çağırılmış, elə orada da həbs edilmişdi…
XS
SM
MD
LG