Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:48

Səttar Bəhlulzadənin əsərlərinin surəti yayılıb


Sənətşünas Ziyadxan Əliyev
Sənətşünas Ziyadxan Əliyev
Dekabrın 15-i tanınmış rəssam Səttar Bəhlulzadənin 99 yaşı tamam olur. Gələn il rəssamın 100 illik yubileyi təkcə Azərbaycanda deyil, YUNESKO-nun təşəbbüsü ilə dünyada da qeyd olunacaq. «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan sənətşünas Ziyadxan Əliyev deyir ki, yubiley münasibətilə monoqrafiya yazmaq ona həvalə olunub:

«Səttar Bəhlulzadə kimi sənətkara layiq kitab ortaya qoymağa çalışacağam. Ona görə də radio vasitəsilə dinləyicilərə müraciət edirəm ki, kimdə Səttar Bəhlulzadənin əsərləri, fotoları, ya da xatirələri varsa, Rəssamlar İttifaqına gəlsin və onları mənə çatdırsın».

Yeri gəlmişkən, bir zamanlar da oxşar müraciət edən Ziyadxan Əliyev xoşagəlməz bir faktın üstünü açıb. Məlum olub ki, ona təqdim olunan əsərlərin bəziləri saxtadır:

«Səttar Bəhlulzadənin üzə çıxmayan əsərlərini axtarırdım, amma bunun müqabilində onun əsərlərini təqlid edən, surətini çıxaran əsərlər meydana çıxdı. Ötən yay bir neçə nəfərin təqdim etdiyi əsərləri orijinalla yoxladım və üç əsərin surət olduğunu üzə çıxardım. Təəssüf ki, bunu artıq biznesə çeviriblər. Bakıda müəyyən qüvvələr var ki, Səttar Bəhlulzadənin əsərlərinin surətini orijinal adı ilə baha qiymətə satırlar. Hüquq-mühafizə orqanları bu işlə yaxından maraqlansalar, yaxşı olar».

Z.Əliyev söhbət əsasında iki il öncə Səttar Bəhlulzadə haqda «Naməlum Səttar» adlı kitab yazdığını xatırlatdı. Kitabda toplanan əsərlər geniş ictimaiyyətə məlum olmadığından, belə ad seçdiyini bildirdi:

«Kitabı sənət xiridari Qabil Əliyev çap etdirib, mətni mən yazmışam. Azərbaycan, rus və ingilis dillərində çap olunan kitabda əsasən rəssamın qrafik əsərləri yer alıb».

«Artıq üç ildir ki, Səttar Bəhlulzadə haqda bədii film çəkmək istəyirəm» - bunu isə
kinorejissor Ələkbər Muradov dedi. Onun sözlərinə görə, «Sonuncu dərviş» adlı filmin ssenarisi çoxdan yazılsa da, dövlət filmə vəsait ayırmaq istəmir:

«Düz üç ildir ki, ssenari qoltuğumda qapı-qapı gəzirəm. Kino məmurları deyirlər ki, Səttar Bəhlulzadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planında bədii filmin çəkilməsi barədə qrafa yoxdur. İndi sponsor axtarışındayam. Sponsor tapsam, bu filmi çəkəcəyəm».

Bəxti açılmayan ekran əsəri 1911-1974-cü illəri əhatə edir. Filmdə baş qəhrəman obrazına hind aktyoru çəkiləcək. Hər halda, Ələkbər Muradov bu rolda heç bir Azərbaycan aktyorunu görmür:

«Səttar Bəhlulzadənin qeyri-adi siması var. Mən bir hind aktyoru ilə danışıqlar aparmışdım, sınaq çəkilişləri də oldu, amma iş uzandı. Əgər çəkilişlər baş tutsa, həmin aktyoru yenidən tapa bilərəm».

Buna da bax:

XS
SM
MD
LG