Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:00

Beynəlxalq Dağ günü


Ərazisinin az qala yarısı dağlardan ibarət olan gözəl Azərbaycan Dağ gününü qeyd eləmir
Ərazisinin az qala yarısı dağlardan ibarət olan gözəl Azərbaycan Dağ gününü qeyd eləmir
Dünyanı başına götürən iqtisadi böhranın çoxlu fəsadları müşahidə olunur. Elə bilirsiniz ondan əziyyət çəkən elə tək neftsatanlar, ev və maşın alveriçiləridir?
Xeyr, bəlkə də ən dərin böhranı biz jurnalistlər yaşayır.

Böhran mövzusu hərlənib-fırlanıb axırda elə biz yazıqların təpəsində sınır – Mən mövzu böhranını deyirəm.
Başqa nədən söhbət açasan axı?

Bu sual bizi maliyyə maqnatlarının nəgd pul defisintindən, neft ixracatçılarının ucuzluqdan çəkdikləri əzabından da artıq incidir.

Mövzu kasadlığının məngənəsindən bizi bilirsiniz kim çıxarır? BMT.

Gözlənilmədən aşkar etmişik ki, BMT-nin təqvimi əsl mövzu xəzinəsidir.

Götürək elə bu günü. Bu gün, dekabrın 11-i beynəlxalq Dağ günüdür.

2003-cü ildə Qırğızıstanın o vaxtkı prezidenti Əskər Akayevin təşəbbüsü ilə təqvimə daxil edilib və artıq bu 5 ildə 49 dövlət öz adını BMT-nin həmin panelinə yazdırıb. Akayev çoxdan gedib hakimiyyətdən amma günü qeyd olunur.

Lakin sənədlərə baxanda Azərbaycanın adını BMT-nin həmin siyahısında tapa bilmədik.

Ərazisinin az qala yarısı dağlardan ibarət olan gözəl Azərbaycanın adı niyə orada yoxdur – bu bir müəmmadır.

Amma bu əsas vermir ki, mövzunu da kənara qoyaq. Əvvəldə qeyd elədiyimiz kimi – böhrandır.
Beləliklə, dünyanın ən yüksək zirvəsi Everestdir. Bunu kim bilmir ki.

Hətta hündürlüyünü də bilən tapılacaq.

Bəs Azərbaycanın?

Təxmin edirəm ki, coğrafiyanı xəritələrdən çox kababxana və restoranların adı ilə öyrənən orta statistik azərbaycanlı deyəcək - Şahdağ.
Şahdağ deyil, yox. Azərbaycanın ən hündür nöqtəsi Bazardüzüdür, hündürlüyü də 4485 metrdir.

Bu zirvənin nəinki yerini, adını belə xatırlamağa əziyyət çəkiriksə BMT-nin Dağ kimi duran siyahısından Azərbaycanın adının kənar qalması bəlkə də təəccüblü deyil.

Olsun. Nə böyük faciə? Azərbaycan neft ixrac edir, amma heç OPEK-in də üzvü deyil.

Yeri gəlmişkən, neft sənayesi də medianın dadına çatan bir mövzudur.

Əgər jurnalistlərin bu mövzu haqqında yazdığı məqalələrə sərf olunan kağızları bir yerə qalaqlayıb tonqal qalasaydın əldə olunan enerji Xəzərin neft və qaz ehtiyatlarını kölgədə qoyardı.

Amma qayıdaq Dağ mövzusuna.
Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanın ən əziz guşəsi sadəcə Qarabağ deyil, DAĞLIQ Qarabağdır.
Bu ərazinin aqibəti adamın yadına salır ki, onun adındakı «dağ» sözü Azərbaycan dilində yalnız coğrafi məna kəsb etmir, həm də emosional çalar daşıyır.
Koroğlu dastanı yadınıza gəlirmi?
Qoymam qala Cəfər paşa səndə bu dağı bu dağı,
Çəkdin sinəmə çal-çarpaz sən də bu dağı-bu dağı.

Bundan başqa Azərbaycan sakinlərinin bir qisminə biz dağlı deyirik.

BMT-nin təqviminin dekabrın 11-ə ayırdığı gün haqda söhbəti xeyli uzatmaq olardı.
Amma fikirləşdik ki, elə bu qədər də bəsdir.

Söhbətimizə son qoymazdan əvvəl dağla aranın fərqini göstərməyə çalışaq.

Bəli məhz göstərməyə. Televiziya olmasaq da, biz də hərdən nəsə göstərmək imkanındayıq.

Hazırda Azərbaycan əhalisinin yaşlı hissəsi vaxtı ilə öz valideynləri haqda düşünürdülər ki, görəsən bunlar televizorsuz necə yaşayıblar. Gənc nəsil isə öz valideynlərinə təəccüblənirlər ki, görəsən bu insanlar mobil telefonsuz necə keçinib.

Ona görə yüksək dağları nə olduğunu nümayiş etdirmək üçün məhz mobil telefondan əyani vəsait kimi istifadə edirik.

Bax bu mobil telefon Azərbaycanın düzən hissəsində öz sahibinin cibindən düşür.
Səs: Tapp. Zəng-zəng-zəng

Bu telefon isə dağ yerinin sakinin cibindən düşür.
Səs: Zəng-zəng-zəng-zəng-zəng-zəng... Tappatarap!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG