Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51

ETSN rəsmisi Dövlət Baytarlıq Xidmətini ittiham etdi


Nazirlikdəki komissiyanın sədri Sədaqət Məmmədova: «Əgər Dövlət Baytarlıq Xidməti öz işinin öhdəsindən yaxşı gəlsəydi bu virusdan beş nəfər dünyasını dəyişməzdi»

«Əgər Dövlət Baytarlıq Xidməti öz işinin öhdəsindən yaxşı gəlsəydi və ölkədə «quş qripi»nin olması faktını vaxtında üzə çıxarsaydı, bu virusdan beş nəfər dünyasını dəyişməzdi».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) «quş qripi» xəstəliyinin yayılmasının qarışısını almaq üçün yaradılmış komissiyanın sədri Sədaqət Məmmədova «Azadlıq» radiosuna müsahibəsində deyib.


Nazirlik əməkdaşının qənaətinə görə, Dövlət Baytarlıq Xidməti (DBX) vəhşi çöl quşlarından götürülmüş qan nümunələrini analiz üçün xaricə daha əvvəl, qonşu ölkələrdə bu xəstəlik yayılmağa başlayanda göndərməliydi: «Belə olsaydı, adamlar ölkədə təhlükənin mövcudluğundan daha tez xəbərdar olardılar».


Xanım Məmmədova deyir ki, DBX quşçuluq fabriklərinin maraqlarını adi adamların maraqlarından üstün tutur.

DBX-nin rəis müavini Emin Şahbazov isə deyilənlərlə razılaşmır. Bildirir ki, qurum ölü çöl quşlarından götürdüyü nümunələri analiz üçün Londona göndərməzdən əvvəl özləri müayinə ediblər.


Sədaqət Məmmədova onu da bildirir ki, Azərbaycana çöl quşlarının payız köçü dayansa da, yaz köçü indi-indi başlayır. Onun sözlərinə görə, cənub ölkələrindən gəlib, Azərbaycanın şimalına doğru uçan bu quşların özləri ilə «quş qripi» gətirib-gətirməyəcəyini bəri-başdan demək çətindir: «Odur ki, ölkədə H5N1 virusunun yayılması təhlükəsinin sovuşduğunu demək olmaz. Amma Azərbaycana yaz köçündə gələn quşlarda indiyə qədər bu virus aşkarlanmayıb. Yaz köçü isə aprelin ortalarına qədər davam edəcək».

Bu arada Dünya Bankı martın 28-də «quş qripi» ilə mübarizə məqsədilə Azərbaycana 5,1 milyon dollar məbləğində kredit ayırıb.


Səhiyyə Nazirliyindən isə bildiriblər ki, ölkədə insanlar arasında «quş qripi»nə yeni yoluxma faktı qeydə alınmayıb. 2 Saylı Uşaq Klinik Xəstəxanasına sözügedən virusa yoluxmaqda şübhəli bilinərək yerləşdirilmiş 15 yaşlı Ülkər Əsgərovanın vəziyyəti isə stabildir.


Günün bütün mövzuları

XS
SM
MD
LG