Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:22

«Azərbaycanda jurnalistlərlə bağlı problem ciddidir»


Metyu Brayza
Metyu Brayza
ABŞ Dövlət katibi köməkçisinin müavini Metyu Brayza «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Hesab edirsinizmi Cənubi Qafqaz ölkələri demokratiya sahəsində geriləyir?

- Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı problem var. Bundan başqa, xarici radioların, o cümlədən «Azadlıq» radiosunun yerli tezliklərdən çıxarılması ilə bağlı cəhdlər var və xarici radiolarla bağlı məsələni Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə müzakirə etməyə xeyli vaxt sərf etmişəm. Bu aydındır ki, Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan diktatura deyil, amma o da aydındır ki, xeyli görülməli işlər də var. Azərbaycanda liberallaşma, demokratik institutların yaradılması ilə bağlı səylərin davam etdirilməsini görürük, amma keçiləsi uzun bir yol var, xüsusən də jurnalistlərlə bağlı problem ciddidi.

Ümumilikdə Metyu Brayza düşünür ki, bu il Cənubi Qafqaz ölkələri üçün əvvəlki illərdən çox fərqləndi. Rusiya Gürcüstana hücum etməklə nümayiş etdirdi ki, kiçik qonşularına qarşı güc tətbiq etməyə hazırdı:

- Düzdür, bu fakt bütün Qafqazda əks-səda verən güclü bir siqnal oldu, bəzilərini qorxutdu. Amma bu, həm də onu göstərdi ki, Cənubi Qafqazın hər üç dövlətinin rəhbərlərinin yeni yanaşmalara ehtiyacı var. Bu, müəyyən mənada həm də bizim Cənubi Qafqaz ölkələri ilə bölüşdüyümüz mənafelərin təmin edilməsinə kömək etdi.

Amma bəziləri düşünür ki, Cənubi Osetiya münaqişəsindən sonra Azərbaycan daha çox Rusiyapərəst olub. Metyu Brayza bununla razılaşmır:

- Azərbaycana gəldikdə, biz Cənubi Qafqaz vasitəsilə təbii qaz dəhlizinin yaradılmasıyla bağlı səylərin artdığını görürük. Bu, Azərbaycanda qaz istehsalının artırılmasına əsaslanan və qazın Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınmasını ehtiva edən bir layihədir. Bu səylərin artması Rusiyanın Gürcüstana hücumundan sonra müşahidə edilir.

Bundan başqa, Amerika rəsmisi Cənubi Osetiya münaqişəsindən sonra Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfər etdiyini, onilliklərdi bərbad olan münasibətləri normallaşdırmaq istəklərini bildirdiklərini xatırladır. Bunu Türkiyə və Ermənistanın oyanmaq ehtiyacını hiss etməsi kimi qiymətləndirir. Həm də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri olan Metyu Brayza Qarabağ məsələsində də irəliləyiş görür.

Gürcüstana gəldikdə, Metyu Brayza düşünür ki, gürcü rəhbərliyinin Tsxinvaliyə hücum etmək qərarı səhv idi. Amma o, həm də deyir ki, Gürcüstan məhz Rusiyanın təhriki ilə «pis» və «lap pis» arasında seçim etməyə sürüklənib. Amerika rəsmisi hesab edir ki, indi Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi prosesi xeyli vaxt apara bilər. O bildirir ki, ilin birinci yarısında Rusiyanın danışıqlardakı qeyri-konstruktiv roluna görə məyus idi, amma indi Cenevrə prosesinə ümidi yaranıb.

Gürcüstanın NATO-ya üzv olmaq şanslarından danışan Metyu Brayza bildirib ki, alyansın Buxarest sammitində Gürcüstana söz verilib ki, Tbilisi bir gün NATO-nun üzvü olacaq. Amma Amerika rəsmisi bildirir ki, hələ ki, buna çox var:

«Gürcüstan hələ xeyli demokratik islahatlar aparmalı, orduda çoxlu islahatlar həyata keçirməlidi».

Amerika rəsmisi NATO-nun son sammitində Gürcüstana alyansa üzvlük üçün planın təqdim edilməməsinə toxunaraq deyib ki, Tbilisi bunsuz da üzvlük meyarlarına uyğunlaşma prosesini davam etdirə bilər. Bunu başa çatdıran hər bir ölkə üçün alyansın qapıları açıqdı.
XS
SM
MD
LG