Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:16

Oxuyur Frederik Qazaxbəyli!


Fransanın «Qazax» və Azərbaycanın «Şirvan» qrupları
Fransanın «Qazax» və Azərbaycanın «Şirvan» qrupları
Dinlə

Azəri-fransız nəğmələrini qoşanlarla - Frederik Qazaxbəyli və Filip Fonteynlə Qrenoblda görüşdük. Frederikin, yaxud qısaca Fredin 48 yaşı var: atası azərbaycanlı, anası fransızdı. Fred Fransada yaratdığı «Qazax» qrupunun solistidi, son dəblə geyinməyi, zarafatı və şərabı xoşlayır, enerjisi aşıb-daşır, əl hərəkətləriylə danışır. Filip isə əksinə ilk baxışda sakit bir adam təəssüratı yaradır. O, qrupun əksər mahnılarının bəstəkarıdı. «Qazax» qrupunun ən çox sevilən nəğmələri – «Sən gəlməz oldun», «Qurban, qurban», «Sənə nəfəsimin istisini verirəm» və sairdir. Bu mahnıların bəziləri ya tam şəkildə azərbaycanca oxunur, ya iki dildə, ya da içində ayrı-ayrı Azərbaycan sözləri olmaqla fransızca.

«Qazax» qrupunun Fransada konserti
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00
Direct-ə keçid


Vətənin bir neçə saatlığında qırılan ömür


«Atam İlyas Qazaxbəyli Kirovabaddan, indiki Gəncədəndi» - deyə Fred atasının qısa ömür hekayətini danışmağa başlayır:

«Atam İkinci Dünya müharibəsində sovet ordusunda döyüşüb. Amma alman əsgərlərinə əsir düşüb, əsirlikdən qaçıb və fransız ordusunun əcnəbilərdən ibarət xüsusi legionuna qoşulub. Sonradan atam bu şəhərdə yaşamaq qərarı verib - Tereza adlı qızla, mənim anamla tanış olub və onlar ailə qurublar. İki uşaqları olub – mən və qardaşım Sahib».

Fredin atası müharibədən sonra Azərbaycana qayıtmağa ehtiyat edib, çünki keçmiş əsirlərin istintaqa çəkildiyini, hətta Sibirə göndərildiyini öyrənib. Fred deyir ki, sovet dövründə atası öz ailəsi ilə məktublaşa bilirmiş, amma yalnız SSRİ dağılandan sonra – 1997-ci ildə artıq ahıl yaşlarında vətənə getmək qərarına gəlir. Amma təyyarəyə minənə az qalmış İlyas Qazaxbəyli vəfat edir:

İlyas Qazaxbəyli
«Bundan sonra mən və qadınım Katrin Azərbaycana yollandıq ki, atamın dünyasını dəyişdiyini ordakı qohumlarımıza çatdıraq».

Nə qədər hüzn dolu bir səfər olsa da, bu, həm də Fredin həyatında yeni bir mərhələnin başlanğıcı olur.

Qohumları ilə görüşür, artıq 80 yaşını haqlamış əmisi Kamil Gəncədə professordu, atçılıq mütəxəssisidi. Fred Fransanın Azərbaycandakı o vaxtı səfiri Jan Pyer Ginütlə görüşür, səfir onun hekayətini dinləyir və musiqiçi olduğunu biləndən sonra ona öz qrupu ilə birgə Bakıda konsert verməyi təklif edir, bu işdə ona yardım etməyi söz verir. Beləcə 2000-ci ildə Bakıda ilk konsert baş tutur. Sonra daha iki dəfə Azərbaycanda olurlar.

Sonradan Fredin anası Tereza da Bakıda olur, Fred deyir ki, anası Bakıya dünyanın ən gözəl şəhəri deyib.

«Sən gəlməz oldun» həm də fransız melodiyasıymış

Fredin doğulub boya-başa çatdığı Qrenobl şəhəri böyük deyil, yarım milyona qədər əhalisi var. Qrenobl Fransanın cənub-şərqində yerləşir və Alp dağları ilə əhatə edildiyi üçün adına Alp dağlarının paytaxtı deyilir. Bu şəhərdə Fred 27 yaşınacan rəssamlıq edib, Qrenoblda kafelərdə, dükanlarda divar rəsmləri çəkməklə dolanıb. Sonra saksafonçu karyerası başlayıb. «Qazax» qrupunda isə o müğənnidi. Azərbaycana gələnəcən onlar caz, blüz və başqa janrlarda ifalar edirdilər, özünəməxsus üslubları yox idi.

Frederik Qazaxbəyli və əmisi Kamil kişi, Gəncə
Fred deyir ki, Azərbaycan musiqisini ilk dəfə eşidəndə onu anlamaq çətin olub. Amma sonra muğama diqqətlə qulaq asıb və muğamın zəngin musiqi xəzinəsi olduğunu anlayıb:

«Biz Bakıda – maşında, kafelərdə Azərbaycan musiqisinə qulaq asdıq, ifaçıları dinlədik. Bu, bizim yeni bir mədəniyyətlə görüşümüz oldu – mənim mədəniyyətimlə».

Bakıya ikinci gəlişlərində isə azərbaycanlı musiqiçilərlə görüşlərində bir təsadüf hər şeyi dəyişir. «Qazax» qrupunun gitaraçısı və bəstəkarı Filip Fonteyni danışır ki, bir dəfə məşqlərin birində udla fransız melodiyası çalmağa başlayır və bu an hamı ona qoşulur. Axırda azərbaycanlı musiqiçilər «məşhur Azərbaycan melodiyasını ifa etdiyi üçün» ona təşəkkür edirlər:

«Mən dedim ki, yox, bu, bizim fransız musiqisidi. (Gülür – R.Q). Beləcə məlum oldu ki, iki xalqın musiqisində belə bənzərliklər, oxşar melodiyalar var».

Filip deyir ki, daha çox qədim fransız musiqisi ilə Azərbaycan melodiyaları səsləşir:

«Buna görə də mənim üçün Azərbaycan musiqisini qavramaq və onu fransız musiqisi ilə sintez etmək asan oldu».

Söhbətin bu yerində Filip bir nəğmə zümzümə etməyə başlayır və gülümsədiyimi görən kimi «deyəsən, bu melodiya sizə tanışdı» deyir:

Fred Qazaxbəyli və Meluka Obri
«Sən gəlməz oldun» mahnısı da mənə belə tanışdı – çünki bu həm də fransız melodiyasıdı, onu oxumaq çox asandı».

Azərbaycanlı Mişelin bişirdiyi «qəribə yeməklər»

İlyas Qazaxbəyli müharibədən sonra aşbaz işləyib – Fredin dediyinə görə, təkcə Qrenobl yox, Fransanın başqa şəhərlərində də peşəkar aşbaz kimi ad çıxarıb. Fransızlar ona Mişel deyirmişlər. Fred deyir ki, atası onlara öz ailəsi, qardaşı, bacısı haqda söhbətlər edərmiş, Azərbaycandakı meyvələrdən, atlardan danışarmış, hətta bəzən gündəlik danışığında Azərbaycan dilindəki sözlərdən də işlədərmiş:

«Ya mən, ya da qardaşım asqıranda atam «yalla» deyərdi».

Bazar günləri Qazaxbəylilər ailəlikcə maşınla dağlara gedib pikniklər təşkil edəndə təbiət qoynunda açılan süfrədə mütləq kabab olarmış. Kababı atası özü çəkərmiş. Pomidordan da kabab edərmişlər.

Fred deyir ki, onlarla piknikə uşaqlıq dostları da gedərmiş, kababa baxıb «atan nə qəribə yemək bişirir» deyərmişlər. Amma kabab süfrəyə gələndə hamı ləzzətlə yeyərmiş. Fred deyir ki, atası çox danışmazdı, amma danışanda hamı ona qulaq asardı:

«Məhəlləmizdə italyanlar, ispanlar, ərəblər də yaşayırdı, yalnız bir azərbaycanlı ailəsi vardı - bizim ailəmiz. Sözün düzünü dediyi üçün atama hörmət edirdilər».

Frederik Qazaxbəyli əmisi qızı Gülnarə ilə, Gəncə
Fredin adını anası qoyub, qardaşı Sahibin adını isə atası. Sahib Qazaxbəyli Qrenoblun Polis İdarəsində xüsusi bir bölmənin rəhbəridi. Axır illərdə aqressiv ev heyvanları dəfələrlə şəhərin küçələrində uşaqlara hücum etdikləri üçün Qrenobl polisində xüsusi bölmə yaradılıb ki, it saxlayan, xüsusən də pitbul və başqa aqressiv itləri olanları daha nizam-intizamlı olmağa, başqalarına hörmət etməyə məcbur etsin.

«Elə bildim piroq elə xörəkdi»

Fred və onun dostu Filip üçün Bakıya səfərlər təkcə Azərbaycan musiqisi ilə tanışlıq olmayıb, həm də fərqli mədəniyyətlər, o cümlədən fərqli mətbəxlər görüşüb.

Filip isə Fredin Bakıdakı qohumlarının açdığı süfrədən danışır. Onları böyük bir otaqda açılan süfrəyə dəvət edirlər:

«Masanın üstündə çay və piroqlar vardı, mənə dedilər ki, Filip buyur, başla. Mən yedim, onlar yenə verdilər...Elə bilirdim ki, bu elə xörəkdi. (Gülür - R.Q). Yeyib qurtarandan sonra dedilər ki, Filip, indi də bu otağa keç. Orda da süfrə açılmışdı. Və yenə yeməyə başladıq. Sanki bir yemək festivalı başladı, yedik, «vodka» içdik. O qədər yedim ki, Fransa ədəbiyyatındakı məşhur qarınqulu obrazı Qarqantuaya döndüm. Amma məni yenə əvvəlki otağa dəvət etdilər, yenə piroqlar verildi».

Filip deyir ki, həmin qonaqlıq onun Bakı səfərlərindən ən unudulmaz təəssüratlardandı:

Filip Fonteyn
«Bu, mənə bir ehtiram idi, çünki mən öyrənmişdim ki, Azərbaycanda insanlar Fransadakından xeyli az pul qazanır, onlar mənim üçün bu qədər pul xərcləmişdilər. Amma mən düşündüm ki, həmin insanlar Fransaya - mənim evimə gəlsələr, mən onlar üçün eyni şeyi edə biləcəyəmmi? Bu suala cavabım yox idi...»

İki dost Təzəbazara təzə meyvə-tərəvəz, pomidor-xiyar almağa da gediblər - dadı hələ də damaqlarındadı. Hətta mahnılarının birində Bakıda gördüklərindən danışanda neft-qazla yanaşı «pimodor-xiyar»ı da xatırladırlar.

Fransada «Qazax» qrupu nə dərəcədə tanınır?

Bu yaxınlarda Fransa televiziyası «Qazax» qrupunun Azərbaycandan gələn «Şirvan» triosu ilə birgə layihəsi haqda reportaj verib. Azərbaycan muğamı ilə fransız musiqisinin sintezi ilə bağlı eksperimentlər diqqəti cəlb edir. «Qazax» qrupu «Şirvan» triosu ilə 5 il qabaq yaradıcı ünsiyyət qurub – hətta birgə mahnılar da yazdırıblar.

«Qazax» qrupu təkcə Fred və Filipdən ibarət deyil, qrupun daha üç üzvü var - müğənni Meluka Obri, kontrabasçı (həm də bas gitarada ifa edir) Lilion Palmas və zərb alətlərində Pyer Jivöli.
Lilion Palmas
«Qazax» qrupu il boyu Fransada 30-40 konsert təşkil edir, özləri buna «şou» deyirlər, əvvəlində Azərbaycan haqda məlumat verilir, qısa videofilm göstərilir, Qazax sözü hardan gəlir – izah edilir, Azərbaycan musiqisindən danışılır.

Bəlkə kimsə 50 yaşında qocalığın tədarükünü görməyə başlayar, amma Frederik Qazaxbəyli yox. Onun şəxsi həyatında gələn il bir əlamətdar hadisə gözlənilir - 20 ildi birgə yaşadığı qadınla nikah bağlayacaq.

Anası Tereza isə Qrenoblın mərkəzindən uzaqda yaşayır. Fredin birinci qadınından olan 26 yaşlı qızı Iris də nənəsigildə qalır. Fredin bu yaxınlarda nəvəsi olasıdı.

Şəxsi həyatla birgə yaradıcılıqda da yenilik gözlənilir. Bu yaxınlarda isə «Qazax» qrupunun yeni albomu işıq üzü görməlidi. Fredin dediyinə görə, bu dəfə öz azəri-fransız musiqiləri ilə dinləyiciləri daha çox təəccübləndirməyə, daha çox sevindirməyə ümid edirlər. Əlbəttə ki, əgər disk buraxmaqla bağlı maliyyə məsələlərini yoluna qoymaq mümkün olsa.
XS
SM
MD
LG