Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:03

«Caspian Shipyard Company»də nə baş verir?


«Əgər həmkarlar işçini sahibkarın ağzına verirsə, bu cür həmkar heç kəsə lazım deyil»

«Əgər həmkarlar işçini sahibkarın ağzına verirsə, bu cür həmkar heç kəsə lazım deyil»

Qarabağ müharibəsi veteranı İxtiyar Hüseynovu 4 il çalışdığı şirkətdən - «Caspian Shipyard Company»dən çıxarıblar. İ. Hüseynov həm də bu şirkətin həmkarlar təşkilatının sədr müavini olub. Həmkarları bu ilin iyununda yaradıblar. İyunda şirkətdə mitinqlər keçiriblər, əməkhaqlarının artırılması, maaşın dollar yox, manatla verilməsi, məzuniyyətin iş stajına görə hesablanmasını tələb ediblər. Elə mitinqlər vaxtı fəhlələr təşkilat komitəsi yaradıblar, sonra bu həmkarlar təşkilatı kimi qeydiyyata alınıb:

- Gördülər ki, biz işləyəcəyik, ona görə çıxardılar.

İxtiyar Hüseynov və həmkarların üzvü Teymur Sadıqov iddia edirlər ki, onların məhz həmkarlardakı işi şirkət rəhbərliyinin xoşuna gəlməyib. İşdən çıxarılmanın rəsmi səbəbisə müqavilə müddətinin sona çatması göstərilib. «Caspian Shipyard Company»nin işçiləri şirkətdən təxminən 100-dək fəhlənin çıxarıldığını deyirlər.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da deyir ki, bu şirkətdən məhz iyun aksiyalarına qoşulmuş fəhlələri işdən çıxarıblar:

- Əlimizdə olan siyahıları tutuşdururuq, həmin aksiyalarda iştirak edənlər işdən çıxarılıb. Təxminən 100-dək fəhlədir.

«Caspian Shipyard Company» gəmi və üzən qazma qurğularının təmiri ilə məşğul olur. Şirkətin maliyyə şöbəsinin rəisi Elşən Qurbanovun məsələyə münasibəti isə gözlənilməz oldu. O, bu vaxtacan şirkətdə həmkarlar təşkilatının olmadığını, yalnız bundan sonra yaradılacağını bildirdi. İşçilərin azad olunmasını isə müqavilə müddətinin başa çatmasıyla izah etdi:

- Bizdə həmkarlar indi yaradılır, bundan əvvəl olmayıb. İndi Həmkarlar Konfederasiyası ilə razılaşdırılıb, reallaşdırılır.

Elşən Qurbanov şirkətdə yerli və xarici işçilərə ayrı-seçkilik qoyulması barədə deyilənləri də təkzib edir.

Respublika Neft və Qaz Sənayesi Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Əliyev də «Caspian Shipyard Company»dən məhz müqavilə müddəti bitənlərin işdən çıxarıldığını deyir, hətta bəzilərinin öz ərizəsi ilə getdiyini bildirir. Bəs necə olur ki, həmkarların sədrini işdən çıxarırlar, ancaq bu qurum işə müdaxilə edə bilmir?

- Bu, mümkün deyil, çünki onun o qədər üzvü yox idi. Ancaq indi 300-400 adam birdən ərizə yazır ki, həmkarlara üzv olsunlar.

- Belə məlumatlar var ki, onlara məcburən ərizə yazdırırlar.

- Belə şey yoxdur, yalan söhbətdir.

Cahangir Əliyev onu da deyir ki, Qarabağ veteranı İxtiyar Hüseynovun işilə şəxsən özü məşğul olacaq, onun işini məhkəməsiz həll etməyə çalışacaq.

Qarabağ veteranı İxtiyar Hüseynov isə xarici şirkət rəhbərlərini yerli əmək qanunvericiliyinə hörmətlə yanaşmağa çağırır.

- «Kaska»ya, «oçki»yə qoyduğunuz hörməti Azərbaycan qanunvericiliyinə də qoyun. Bu şirkətdə «kaska»nı, «oçki»ni bir dəqiqə çıxarsan, ciddi qanun pozuntusu sayılır, mən bu qaydalara əməl edirəm. Siz də yerli qanunvericiliyə hörmət qoyun.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, xarici şirkətlərdə əsl həmkarlar təşkilatı yaranmalıdır:

- Həmkarlar özlərini buraxsa yaxşıdır. Əgər həmkarlar işçini sahibkarın ağzına verirsə, bu cür həmkar heç kəsə lazım deyil.
Hüquq müdafiəçisi yaranmış vəziyyətdən çıxış yolunu məhkəmələrdə görür. O, işdən çıxarılmış neftçilərin işə bərpasıyla bağlı 16 işdən 9-nu iddiaçı tərəfin udduğunu bildirir.

Şərhləri göstər

XS
SM
MD
LG