Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:19

Dünyəvi cümhuriyyətdə din ticarəti


Dünyəvi rejimdə din-dövlət münasibətlərinin arasına çəkilən cizgi haradan başlayır, harada bitir?

Dünyəvi rejimdə din-dövlət münasibətlərinin arasına çəkilən cizgi haradan başlayır, harada bitir?

(«Olmaya cahanda dövlət» silsiləsindən üçüncü yazı)

Hər nə qədər «Qalib gəldi, qalib getdi» absurdunu eşitdiyimiz bir ölkənin təbəəsi olsaq da, dünyaya qalib gəlmədiyimiz və mövta kimi Haqqın hüzuruna qalib gedə bilməyəcəyimiz həqiqətindən başqa həqiqət yoxdur - Tayyip Ərdoğanın sözü olmasın, «bu böylə bilinə».

Kim qıldıracaq namazımızı? Halallığı kim istəyəcək? Özü nə dərəcədə halal olacaq ki, bizə də namaza duranlardan Allahın hüzuruna göndərilən mövtaya da halallıq ala bilsin? Qaldıracağı namaz və istəyəcəyi halallıq gedənin ruhunu şad edəcəkmi? Qalanların vicdanına rahatlıq verəcəkmi? Namazımızı kim qıldırsın - mömin bir könül adamımı, yoxsa din tacirimi?

70 illik ateist rejimdən çıxıb oxuma-yazma səviyyəsi qibtə ediləcək dərəcədə yüksək olan dünyəvi bir üsuli-idarədə bu qədər dini xaosun yaşanacağını yəqin ki, heç kim təxmin etməzdi. Ateist dövlətin ən üst vəzifədəki idarəçilərindən birinin o dövlətin iflasından cəmi-cümlətanı üç il sonra müstəqil dövlətin başçısı sifəti ilə Hacı olmağa qərar verməsi dindən öz məqsədləri üçün istifadə edənlərin əlinə yaxşı fürsət verdiyi kimi, dünyəvi rejimin altına qoyulan dinamitlərdən biri oldu.

«Dünyanın ən böyük lideri Mədinədə peyğəmbərimizin (s.a.v.) məzarını ziyarət edərək şərəfləndirdi» - bu TV xəbəri bir faninin «peyğəmbərləşdirilməsi» prosesinin əsasını qoymuşdu o vaxt. Bir faninin bu cür müqayisəyə tabe tutulması Allah-Təalanın dünyaya qoyduğu nizama qarşı çıxmaq və bu nizamı pozmağa cəhd idi. Dünyəvi cümhuriyyətin təməllərini sarsıdacaq dərəcədə cəmiyyətə meydan oxuyan və əvvəllər məmləkətdə heç vaxt adı eşidilməyən təriqətlərin çiçəklənməsi də o vaxtdan başladı. Din-dövlət münasibətlərindəki istər ideoloji, istərsə də struktur xaosa o vaxtdan göz yumuldu: bir tərəfdən, Dini İşlər üzrə Dövlət Komitəsinin yaradılması müsbət və dünyəvi cümhuriyyətin güclənməsi üçün lazımlı addım idi. Ancaq o biri tərəfdən dövlət orqanının və onun başında duran şəxsin bir qeyri-hökumət təşkilatı statusunda olan Qafqaz Müsəlmanları İdarəsindən asılı vəziyyətə salınması başa düşülməsi müşkül məsələ idi. O dövrlə bağlı istər məmləkətdə, istərsə də xaricdə yazılmış kitablardakı fotolara baxmaq dünyəvi cümhuriyyətin haradan alınıb haralara doğru aparıldığına dair kifayət qədər təsəvvür yaradır.

Yaşanan bu müddət içində məfhumlar bir-birinə qarışdı - Məkkəyə gedən hər Allahın quluna küçədə-bacada, TV ekranlarında «Hacı» deyə müraciət edilməyə başlandı, xanəndə Arif Babayevi «Hacı Arif» kimi seyr etmək toplumda çox önəmli qırılmanın yaşandığına işarə edirdi. Buxara papaqlı müğənniləri dini titul altında görmək cəmiyyətdəki dualizmi müşahidə etmək nöqteyi-nəzərindən mühüm örnək idi (yanlış anlaşılmasın, hər müsəlmanın Kəbəni ziyarət etmə haqqına sayğımız sonsuzdur, söhbət «Hacı» titulundan gərəksiz yerə istifadədən gedir. Türkiyədən hər il Ümrəyə və ya ziyarətə gedən neçə müğənninin heç birinə bu günə qədər «Hacı» deyə müraciət edildiyini görməmişəm, İrandan gedən xanəndə olarsa, ona da deyiləcəyini təxmin etmirəm).

2005-ci ilin dekabrında dövlət başçısının da iştirakı ilə Şeyxülislam Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin lideri təyininin 25 illiyinin qeyd edilməsi isə dünyəvi cümhuriyyətdə dinin yeri və rolunun haraya qədər olması sualını özü ilə gətirib-gəldi. Ortaya çıxan sual bu idi: Qafqaz Müsəlmanları İdarəsi hansı statusda bir qurumdur ki, bu idarənin başçısı vəzifəsinin 25 illiyini dövlət başçısının iştirakı ilə qeyd edirdi? Əgər bu idarə dövlət qurumu idisə, prezidentin öz tabeçiliyində olan məmurun vəzifəyə təyin edilməsinin 25-ci ildönümündə iştirak etməsi heç bir iyerarxiyaya uyğun gəlmir? Bu idarə müstəqil bir qurumdursa, onda dövlət işlərinə bu qədər necə müdaxilə edə bilir?

Çünki o mərasimdən bir qədər sonra Şeyxülislamla çatışma halında olan Dini İşlər üzrə Dövlət Komitəsinin sədri kreslosunu tərk etmək məcburiyyətində qalmışdı – yəni dövlət öz məmurunu Şeyxülislamın təhqir və təhdidlərindən müdafiə etmək yerinə, Komitə sədrini işdən çıxarmağa üstünlük vermiş, yerinə isə uzun illərdən bəri Şeyxülislamla dinc yanaşı işləmə prinsipinə riayət edən şairi gətirməyi uyğun görmüşdü. Bir QHT statusu daşıyan Qafqaz Müsəlmanları İdarəsinin dövlət üzərində bu qədər təsirli olmasının səbəbini nə ilə izah etmək olar? Bu QHT-nin nizamnaməsində bahalı ordenlər düzəltdirib başqa ölkələrin dövlət və hökumət başçılarına təqdim etmə icazəsi varmı? Əgər bu qurum dini dəyərləri təmsil edən bir QHT kimi qeydiyyatdan keçibsə, onda din üləmasına mükafatlar verməsi daha məntiqli və faydalı olmazdımı? Şeyxülislamın Vladimir Putin və ya Tayyip Ərdoğana bahalı ordenlər verməsi hansı zərurətdən irəli gəlmişdi? Bu adamlardan hansı «Din sərvəri» və ya «İslam üləması»dır əcəba?

Başqa bir sual da məmləkətdəki din-dövlət münasibətlərinin bu günü və dünyəvi cümhuriyyətin sabahı nöqteyi-nəzərindən eyni dərəcədə əhəmiyyət kəsb edir: Qafqaz Müsəlmanları İdarəsi də o biri QHT-lər kimi hər hansı nəzarətə və ya təftişə tabedirmi, yoxsa bu idarəyə verilən xüsusi bir status varmı? Son illərdə Qafqaz Müsəlmanları İdarəsinin lideri verdiyi ticari motivi güclü açıqlamalarla din-dövlət münasibətlərinin məmləkətdəki durumu ilə bağlı ciddi əndişələri gündəliyə daşımağı bacarır. Dünyəvi cümhuriyyətlərdə böyük qalmaqallar yarada biləcək bu açıqlamaların möminlərin dini duyğularına xitab etməsi mümkün olmadığı kimi, bu açıqlamalar mənəvi aşınmanın güclənməsinə də önəmli dərəcədə xidmət edir.

Dünyəvi rejimdə din-dövlət münasibətlərinin arasına çəkilən cizgi haradan başlayır, harada bitir? Hansı təmayüldə olursa-olsun dünyəvi rejimdəki bir QHT-nin dövlət üzərində bu qədər təsirli olmasını nə ilə izah etmək mümkündür? Dünyəvi cümhuriyyətin QHT və təriqətlərlə daimi aşındırılması məmləkəti haraya aparır? Mirzə Fətəli Axundzadənin beşiyi başında durduğu və 28 may 1918-ci ildə Demokratik Cümhuriyyətin qurulması ilə qazanılan milli kimlik bu aşınmaya nə qədər davam gətirə biləcək? Dinlə bağlı şəxsi fikirlərini açıqlamış bir yazıçının ölkə içindən verilən saysız edam fitvaları ilə qarşılaşması, yazıçı haqqında ölüm fitvaları verənlər haqqında heç bir qanuni tədbir görülməməsi, bu fitvalara qonşudakı dini rejimdən də verilən dəstək dünyəvi rejimin nə dərəcədə aşındığını göstərən çox önəmli örnək deyil də nədir? Radikal dini qruplara qarşı aparılan müxtəlif səpkili əməliyyatlar milli kimliyimizlə eyniləşmiş olan dünyəvi rejimin aşınmasının qarşısını ala biləcəkmi? Dünyəvi cümhuriyyətin idarəçiləri bunu düşünürlərmi? Düşündüklərini umuram.

«Beytül-mala (Xəzinəyə) uzanan əl qızım Fatimənin əli olsa da kəsilməlidir». Peyğəmbərimizin (s.a.v) bu sözlərini ədalət rəmzi kimi hər gün dəfələrlə ürəkdən təkrarlaya biləcək olan mömin və siyasətçilərə həmişəkindən müqayisə olunmaz dərəcədə çox ehtiyac var.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG