Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54
Çex Respublikasinda səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 10-da həmkarı Karel Şvarsenberqlə görüşüb. Görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında nazirlər bildiriblər ki, onlar enerji məsələlərini, mədəniyyət, ticarət, diplomatik akademiyalar arasında tələbə mübadiləsi sahəsində əməkdaşlıq yollarını müzakirə ediblər.

Karel Şvarsenberq bildirib ki, onun ölkəsi istifadə etdiyi neftin əhəmiyyətli bir hissəsini Azərbaycandan alır və bu ölkə Xəzərin enerji ehtiyyatlarının Avropaya nəqlində çox vacib dövlətlərdən biridir.

Elmar Məmmədyarov isə deyib ki, o, həmkarına Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar haqqında da məlumat verib:

«Biz hesab edirik ki, bu məsələnin kompleks həllinin vaxtı çatıb. Biz artıq bu istiqamətdə hərəkət edə bilərik. Ən azı addım-addım olaraq. Və ilk addım kimi erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması olardı. Bu, qaçqınların evlərinə qayıtmalarına həlledici şərait yaradardı. Bu da bizim regionda sülhü bərpa etməyə addım-addım getdiyimizə dair çox güclü siqnal olardı».

Cənab Şvarsenberq bildirib ki, onun ölkəsi həm indi, həm də yanvardan başlayaraq Avropa Birliyinə sədrlik edəcəyi dövrdə bu münaqişəsinin sülh yolu istənilən ilə həll variantını müdafiə edəcək. Amma bu cür həll yolunu tərəflər özləri tapmalıdırlar. Çex Respublikası və Avropa Birliyi isə bu işdə onlara kömək edə bilər.

Mətbuat konfransında nazirlərə Azərbaycanda Milli Televiziya və Radio Şurasının xarici radioların FM tezliyindən çıxarılması planları barədə də sual verilib. Karel Şvarsenberq suala öz ölkəsinin təcrübəsi əsasında cavab verib:

«Hansı radionun yayımına icazə verib-verməmək Azərbaycan hökumətinin öz işidir. Amma mən yalnız öz ölkəmin təcrübəsi əsasında bir şeyi qeyd etmək istəyirəm. BBC radiosu hazırda da mənim ölkəmdə fəaliyyət göstərir. «Azadlıq» radiosu kimi bu radioların hamısı, mənim ölkəmdə demokratiyanın inkişafında, rejimin islahatlarında müstəsna rol oynayıb. Mən şəxsən öz həmkarıma bu radioları tövsiyə edərdim. Amma əlbəttə, necə qərar vermək Azərbaycan hökumətinin özündən asılıdır».

Elmar Məmmədyarov isə bildirib ki, hazırda Azərbaycanda qüvvədə olan qanunlara görə, yerli tezliklər yalnız yerli yayımçılara verilə bilər. Onun dediyinə görə, bu qanun altı il əvvəl qəbul olunub və hazırda Şura yerli yayımları onun tələblərinə uyğunlaşdırmağa çalışır.

Nazirin dediyinə görə, indi problemin bütün tərəfləri razı salacaq şəkildə həlli üçün danışıqlar aparılır. E.Məmmədyarov eyni zamanda hesab edir ki, problem yalnız qanunvericilikdən qaynaqlanır və bu məsələdə siyasi çalar axtarılmamalıdır:

«Hazırda problem müzakirə edilir. Ancaq mən bir şeyi arzu edərdim ki, bu problem siyasiləşdirilməsin. Çünki qanun, qanundur, hamı ona hörmət etməlidir».

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikoloş Haraştinin bu məsələyə dair çıxışlarında söz azadlığına məhdudiyyət yaradan qanunun dəyişdirilməsi zərurəti barədə fikirlərinə cavabında, E.Məmmədyarov bildirib ki, suveren ölkəyə qanunvericiliyinin necə olmasını məsləhət görmək Haraştinin mandatına daxil olmayan fikirlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG