Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:23

«Hüquqlarımı qorumaqdan xəstəliyə düşmüşəm»


Qarabağ əlili Prezident Aparatı qarşısında aksiya keçirir, 29 avqust 2007
Qarabağ əlili Prezident Aparatı qarşısında aksiya keçirir, 29 avqust 2007
«Pul tökürlər, hansısa idman yarışını Azərbaycanda keçirməyə çalışırlar, amma bir jurnalisti həbs etməklə bir dünya çempionatında qazanılan o müsbət təəssürat dağılır». AXCP sədri Əli Kərimli belə deyir. Onun sözlərinə görə, nədənsə jurnalistləri həbs edən, insan hüquq və azadlıqlarını daimi pozan Azərbaycan hakimiyyəti bu incəliyə fikir vermir. Ə.Kərimli hesab edir ki, Azərbaycan insan hüquqlarıyla bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulsa da, xeyli öhdəliklər götürsə də, ölkədə bu sahədə vəziyyət ildən-ilə pisləşir:

«1993-cü ildən bəri Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlığı, azad söz demək hüquqları daha da məhdudlaşdırılır. İndi də elə bir vəziyyət yaranıb ki, ən mötəbər təşkilatlarda Azərbaycan jurnalistlər üçün həbsxana adlandırılır».

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə insan hüquqlarının getdikcə pisləşməsini daha çox baş verənlərə cəmiyyətin, siyasi partiyaların və mətbuatın reaksiya verməməsilə izah edir:

«Azərbaycan krizisə girir, amma biz bunu görmürük, mətbuat nədən istəsən yazır, amma bundan yox. Siyasi partiyalar, deputatlar onu görmürlər. Prezident beş gündü ölkədə yoxdur, bir dənə KİV yazmır ki, ölkə başçısı hardadı. Bu, çox ciddi siqnaldır».

M.Əliyev deyir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lərin əksəriyyəti hakimiyyətin nəzarətində olduğundan, insan hüquqlarının pozulması hallarına onlarda demək olar ki, yer ayrılmır.

Media Hüquqları İnstitutunun araşdırmalarına görə, jurnalistlərin timsalında Azərbaycanda insan hüquqları ilə bağlı hər hansı müsbət addım atılmayıb. İnstitutun hüquqşünası Xalid Ağəliyev deyir ki, təkcə bu ilin ikinci yarısında jurnalistlərə qarşı 20 təzyiq faktı qeydə alınıb, amma onların heç biri məhkəmələrdə ədalətli həllini tapmayıb:

«Ümumiyyətlə, 2003-cü ildən bu yana mediaya qarşı baş verən 200-dən artıq təzyiq və hədələmə halının cəmi 3-ü araşdırılıb».

Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova isə səslənən fikirlərin tam əksini deyir və hesab edir ki, ötən illərlə müqayisədə Azərbaycanda insan hüquqları daha yaxşı qorunur:

«Bunun üçün hüquqi baza da var, siyasi iradə də. Ona görə də Azərbaycanda insan hüquqları lazımınca qorunur».

Azərbaycanda insan hüquqlarının necə qorunmasına sıravi adamların da öz yanaşması var. Kimi hesab edir ki, hər şey əladır, kimi də olmayan məsələdən danışmağa çətinlik çəkdiyini deyir:

- Azərbaycanda insan hüquqları çox əla qorunur.

- Mən deyirəm ki, insan hüquqları ölkədə 100 yox, 500 faiz qorunmur. Məni evimdən məcburi çıxardılar. Qiymətindən qat-qat az pul verdilər. Məhkəmələrə müraciət etdim, hakim evdən çıxaranların tərəfini saxladı. Hüquqlarımı qorumaqdan xəstəliyə düşmüşəm. Özü də bu gün insanların hüququ ən çox məhkəmələrdə pozulur.

- Təkcə məhkəmədə yox, hər yerdə insan hüquqları pozulur. Olmayan məsələdən nə danışım. Mən gedirəm bir iş dalınca, deyir bu qədər verməlisən, amma mən öz hüququmu bilmirəm ki, özümü qoruyam. İndi insan hüquqlarıyla bağlı vəziyyət ötən illərdən xeyli pisdir.

Deputat Pənah Hüseyn isə vəziyyətin günü-gündən pisləşməsini təkcə daxili müqavimətin zəifləməsilə əsaslandırmağın əleyhinədir. O, hesab edir ki, bu, daha çox beynəlxalq təşkilatların tutduğu mövqeylə bağlıdır. Millət vəkilinə görə, beynəlxalq təşkilatlar Azərbaycan cəmiyyətini böyük resurslara malik, korrupsiyalaşmış hakimiyyətlə təkbətək qoyublar. O, belə bir münasibətin beynəlxalq qurumların Azərbaycanda insan hüquqlarının vəziyyətinə və seçkiyə verdiyi qiymətdən aydın göründüyünü deyir. P.Hüseyn insan hüquqlarının qorunması məsələsində yerli hüquq müdafiə təşkilatlarının işinin də lazımı səviyyədə olmadığı qənaətindədir:

«Hər il parlamentdə ombudsmanın insan hüquq və azadlıqlarıyla bağlı məruzəsi zamanı hüquq müdafiə təşkilatlarına müraciət edirəm ki, mənə bu sahəyə dair şablon bir mətn versinlər. Amma üç ildir ki, həmin məlumatı ala bilmirəm».

Amma buna baxmayaraq Pənah Hüseyn hesab edir ki, son vaxtlar cəmiyyətdə hüquq pozuntularına, haqsızlıqlara qarşı bir etiraz hiss olunmaqdadır. O, buna misal kimi bir müddət əvvəl hakimiyyətə dialoq təklif edən qüvvələrin indi narazılıq dolu bəyanatlar səsləndirməsini göstərir.
XS
SM
MD
LG