Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:23

«Heyvanların kütləvi qətliamını ilk dəfə Bakıda gördüm…»


«Heyvanları belə şəraitdə kəsmək zorakılıqdır»

«Heyvanları belə şəraitdə kəsmək zorakılıqdır»

Bayıl qəsəbəsindəki balaca bazara çatmamış, uzaqdan adamı peyin, ət və qan iyi vurur. Bakının küləyi peyin qoxusunu ətrafa yayır. Bu bayramda da şəhərin elə yerləri var ki, heyvanları hamının gözünün qarşısında, şəhərin mərkəzində, çirkabın içində kəsirlər. Üstü bəzəkli qurbanlıqlar bir-birinə sığınıb, növbələrini gözləyirlər.
Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə «Azadlıq» radiosuna deyir ki, şəriətə görə, qurbanlıq qoyun təmiz yerdə kəsilməlidir:
«Bizim şəriətdə var ki, heyvanları bir-birinin gözünün qarşısında kəsmək məkrufdur, yəni, məsləhət deyil. Amma nə edək, edirlər də».
12 yaşlı Adil deyir ki, qoyunları belə kəsəndə ona pis təsir edir:
«Küçədə kəsirlər, qanı axır. Yenə tövlədə kəsəndə adam bilmir, bunlar adamın gözünün qabağında kəsirlər, sonra da deyirlər ki, bunu ye».
Psixoloq Dəyanət Rzayev deyir ki, heyvanlara qarşı zorakılıq birinci növbədə uşaqlara ziyandır. Uşağı həmin günlərdə bayıra buraxmamaq da çarə deyil. Çünki kəsilmiş başları, küçələrdəki qan selini televiziyada tez-tez göstərirlər:
«İnsanların beynində adaptasiya prosesi gedir. Onlar qana, öldürməyə, zora öyrəşirlər. Gələcəkdə bu qəddarlığa gətirib çıxara bilər».
Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisi Sücəddin Quliyev isə deyir ki, heyvanı soyuqda, bir-birinin gözünün qabağında, adamların yanında kəsmək elə heyvanda da stress yaradır:
«Stress nəticəsində heyvanın ətinə dad verən maddələr parçalanır, ətin dadı dəyişir».
S.Quliyev deyir ki, heyvanları belə şəraitdə kəsmək zorakılıqdır.
Amerikalı Sara Paulsvorth heyvanların kütləvi qətliamını ömründə birinci dəfə bir neçə il öncə Bakıda görüb:
«Əlbəttə ki, təəccübləndim. O vaxta qədər belə bir şey görməmişdim. Səhər tezdən, bulvarda idman edirdim. Gördüm ki, hamının gözünün qabağında qoyunları kəsirlər, qanları axır ətrafa. Özü də polis də orada idi. Bu, mənim üçün qeyri-adi idi. Amma mən bu bayramın gözəl, kasıblara yardım baxımından faydalı olduğunu başa düşürəm, ona hörmətlə yanaşıram».
Saranın ölkəsində də, başqa Qərb ölkələrində də heyvanların hüquqlarını qeyri-hökumət təşkilatları qoruyur. Bu təşkilatlar heyvanı, insan kimi təbiətin bir parçası sayır, onlara qarşı zorakılığın əleyhinə çıxırlar. Britaniyanın «Qəfəssiz» («Uncaged») heyvanları müdafiə kampaniyasına bütün Qərb dünyasından yüzlərlə təşkilat qoşulub. Bu kampaniya dekabrın 10-nu - Beynəlxalq İnsan Haqları Gününü heyvanların beynəlxalq müdaifəsi günü elan edib. Azərbaycanda isə heyvan hüquqlarını belə aktiv qoruyan təşkilat yoxdur.
Türkiyədə bu problemi qismən yoluna qoyublar. İndi bələdiyyələr, icra hakimiyyətləri qurbanlıq qoyunları kəsmək üçün xüsusi, təmiz yerlər ayırırlar.
Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə isə deyir ki, onlar xüsusi yerlərin ayrılmasını istərdilər, amma belə bir nəzarəti həyata keçirəcək inzabati rıçaqları yoxdur. Dini Qurumlarla İş üzrə Komitədən isə bildirirlər ki, bu, daha çox sanitariya məsələdir. Şəhər rəhbərliyi, o cümlədən Sanitariya-Gigiyena İdarəsi isə bayrama görə işləmirdilər.
Bayramın ikinci günündə də Bakı küləyi peyin iyini avtobusun içinə kimi gətirirdi. Şossedə sağa-sola şütüyən avtomobillər qurbanlıq qoyunları bir az da ürküdürdü.

Şərhləri göstər

XS
SM
MD
LG