Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:27

İnkişaf etmiş ölkələr rüşvətxorlarla əməkdaşlıq edir


Neft, qaz, mədən və tikinti sahəsində çalışan şirkətlər rüşvət verməklə yerli hökumətin qərarlarına, siyasətinə təsir etməyə çalışırlar

Neft, qaz, mədən və tikinti sahəsində çalışan şirkətlər rüşvət verməklə yerli hökumətin qərarlarına, siyasətinə təsir etməyə çalışırlar

Dünyanın ən inkişaf etmiş ölkələri kənarda rüşvətxorlarla əməkdaşlıq edir. «Transparency International» beynəlxalq şəffaflıq təşkilatının yeni hesabatından belə çıxır. Sənəddə deyilir ki, Kanada, Belçika, Niderland, İsveçrə, Birləşmiş Ştatlar və Böyük Britaniya kimi ölkələrin də şirkətləri kənarda rüşvət verirlər. Amma bu ölkələr rüşvət verənlərin siyahısında birinci deyil. Birinci yeri Rusiya, Çin, Meksiya və Hindistanın şirkətləri tutur. Sonuncu yerdə Belçika və Kanada gəlir.

Hesabatda o da qeyd olunur ki, korrupsiyaya meylli sahələr daha çox tikinti, torpaq mülkiyyəti, ictimai sektorlar, neft, qaz və mədən sənayesidir.

Nef və qaz Azərbaycanın ən çox gəlir götürdüyü sahələrdir. Bu sahələr üzrə Britaniya və Amerikanın şirkətləri Azərbaycanda fəaliyyət göstərir. İqtisadçı İlham Şaban deyir ki, dünya neft sahəsində şəffaflığı hələ tam təmin edə bilməyib. Neft olan yerdə korrupsiyanı danmaq olmaz:

«Qara qızıl»ın qara tərəfi çoxdur. İstər XIX əsr olsun, istər XX əsr, hökumətdən hansısa kontraktı almaq üçün bu şeylər qalır».

«Transparency International» bildirir ki, neft, qaz, mədən və tikinti sahəsində çalışan şirkətlər rüşvət verməklə yerli hökumətin qərarlarına, siyasətinə təsir etməyə çalışırlar.

1990-cı illərdə Azərbaycanda fəaliyyət göstərən çex biznesmen Viktor Kojeni də müsahibələrində deyirdi ki, Azərbaycan rəsmilərinə rüşvət verdiyi üçün istədiyini edə bilirmiş. «Blumberq» Agentliyi o vaxt Kojeniylə birgə fəaliyyət göstərənlərdən biri Kristina Rastasa istinadən belə yazır:

«Kristina Rastas danışır ki, bir dəfə Kojeni və Misirdən olan bir biznesmenlə birgə nahar edirlərmiş. Biznesmen Kojenidən soruşub ki, azərbaycanlılar neft şirkətini niyə satırlar ki? Kojeni cavabında deyib ki, Azərbaycan hökuməti onun istədiyi hər şeyi edər, çünki prezidentə haqq verir. Kristina Rastas deyir ki, o, Kojeniyə vəsaitlərin əsl sahiblərini gizlədən strukturu yaratmağa kömək edib, «köçürüləcək vəsaitləri Azərbaycan rəsmiləri almalı imiş».

Viktor Kojeni etdiyini danmır, amma məhkəməyə çəkilməmək uğrunda mübarizə aparır.

«Transparency International»ın hesabatında deyilir ki, iri istehsalçılr başqa ölkələrdə rəqabət aparmaq, rəqiblərini sıxışdırmaq üçün rüşvətdən adi vasitə kimi istifadə edirlər. Bu isə hökumətin siyasətinə mənfi təsir edir. Korruspiya əleyhinə qanunların qəbuluna mane olur, ya da hökuməti qanunların icrası uğrunda ikiqat mübarizə aparmağa vadar edir.

Amma iqtisadçı İlham Şabanın fikrincə, ən pisi bu deyil. Azərbaycandakı məişət korrupsiyasının yanında iri şirkətlərin etdikləri heç nədir:

«Onların hökumətlə sövdələşməsinin cəmiyyətə birbaşa təsiri yoxdur. Bu, bir şirkətlə bir hökumət başçısının razılaşmasıdır. Biri də var polis məmuru və ətrafında yaşayan minlərlə insan. Onların pasportu üçün hərəsindən 10-20 manat alınır. Faciə budur. Məktəbdə şagirddən süpürgə pulu, təmir pulu yığırlar. Ya da keçən ildən informasiya texnologiyalarının tətbiqinə başladılar, uşaqlardan «mışka» pulu yığdılar».

Halbuki «Tranparency International»ın siyahısında korrupsiyaya ən az imkan olan sahə informasiya texnologiyalarıdır. Bank-maliyyə sistemi, balıq sənayesi də korrupsiyanın zəif olduğu sahələrdir. Yeni hesabatında da təşkilat bütün dövlətləri Rüşvət əleyhinə Konvensiyaya əməl etməyə çağırır.

Təşkilat 20-dən çox inkişaf etmiş ölkənin şirkətləri barədə sorğu keçirib. Hesabat 2700-dən çox şirkətin direktorundan alınan məlumatlara əsaslanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG