Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:44

Qurbanların laxtalanmış qanı…


«Keçən il alver bundan yaxşı idi. Get-gedə pisləşir, gəlir baxır, ala bilmir»
«Keçən il alver bundan yaxşı idi. Get-gedə pisləşir, gəlir baxır, ala bilmir»
Ceyranbatan ət bazarında qoyunları elə tez-bazar yolun qırağında kəsib-soyurlar. Qurban bayramına görə, bazarın hasarından kənarda bir bazar da açıblar.

Alnıqırmızılı, buynuzu lentli bayram qoyunları növbələrini gözləyirlər. Əliçomaqlı, ilk baxışda çobana oxşayan qoyun alverçiləri bayram günü mikrafonu görən kimi dərdləri açıldı:

- Gömrükdə hər kiloya iki manat istəyirlər. Gürcüstanda isə heç pul istəmirlər.

-Yol polisi postları hər maşın üçün 30 manata qədər pul tələb edir, ətin də qiyməti ona görə bahalaşır.

Bu ittihamlara Dövlət Gömrük Komitəsindən və Dövlət Yol Polisi İdarəsindən bayram günləri olduğu üçün cavab ala bilmədik.

Ceyranbatan bazarında qoyun ətinin kilosu 7 manatadır. Bir az da sövdələşsən, 17-18 kiloluq toğlunu, içalatı, kəlləsi ilə birgə 120-150 manata almaq olar. Bu il bazarda başqa illərə nisbətən bahalaşma az hiss olunur. İqtisadçı Zöhrab İsmayıl da təsdiqləyir ki, neftin qiyməti düşür deyə, bazarda alıcılıq qabiliyyəti azalıb, ona görə də satıcı istəsə belə, qiyməti qaldıra bilmir.

Qoyun satanlardan biri:

- Keçən il alver bundan yaxşı idi. Get-gedə pisləşir, gəlir baxır, ala bilmir.

Qəssablar deyirlər ki, bayram oldu, gərək keçini keçi ayağından asasan, qoyunu qoyun ayağından.
Qabırğaları sayılan qoyunları aşağı təbəqə alır, burma buynuzlu qoçları isə bahalı maşınlara mindirib aparırlar:

- Keçini kim alır?

- Varlılar. Keçi qoyundan bahadır. Qan təzyiqinə xeyirdir.

Bakının mərkəzində olduğu kimi, bu bazarda da ətrafda qurbanların laxtalanmış qanı göllənib. Dərilər, kəsilmiş başlar qalaq-qalaq yığılıb. Alıcılar narazıdır, amma əlac yoxdur:

- Yaxşı olardı ki, burada təmizlik olardı.

Vaxtilə Azərbaycanda Türkiyə səfirinin dini məsələlər üzrə müşaviri olmuş Əbdülqədir Sezgin deyir ki, əvvəllər Türkiyədə də vəziyyət belə idi:

- Bu, bələdiyyələrin, icra hakimiyyətlərinin işidir.

Zoologiya İnstitutunun şöbə müdiri Sücəddin Quliyev isə deyir ki, heyvanı tünlük yerdə kəsəndə stressdən onun ətindəki vitaminlər də gedir:

- Gərək beynəlxalq hüquqa əsaslanıb, heyvanlara humanist yanaşaq.

Bayrama görə, bu gün şəhərdə gediş-gəliş azdır.

Əbdülqədir Sezgin isə deyir ki, Məhəmməd peyğəmbərə aid edilən hədislərdən birinə görə, evində bütün əmlakından başqa, adambaşına 86 qram qızılı, ya da bu həcmdə pulu olan müsəlman gərək Qurban kəssin, onu kasıblara paylasın.
XS
SM
MD
LG