Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:31

«Snayperlərinizi atəş xəttindən geri çəkin»


Vəfa Quluzadə deyir ki, prezidentlərin də, xarici işlər nazirlərinin də bütün görüşlərinin nəticəsi sıfıra bərabərdir
Vəfa Quluzadə deyir ki, prezidentlərin də, xarici işlər nazirlərinin də bütün görüşlərinin nəticəsi sıfıra bərabərdir
ATƏT xarici işlər nazirlərinin Helsinkidə keçirilən konfransında Minsk qrupunun həmsədri olan ölkələr Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatla çıxış ediblər. Bəyanatda «Azərbaycan və Ermənistan snayperləri atəş xəttindən geri çəkməyə» çağırılır.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli deyir ki, «snayper» ifadəsi bəyanatda əslində məcazi məna daşıyır. Çünki cəbhə xəttində qarşılıqlı ölüm və yaralanma halları adi əsgərlərin avtomat, pulemyot və digər silahlardan açdıqları atəş nəticəsində baş verir. Bu cür atışmalarda hər il bütövlükdə cəbhə xəttində münaqişə tərəflərinin itkilərinin sayı təxminən eyni olur:

«Aparılan araşdırmalar göstərir ki, bu ilin 11 ayı ərzində cəbhə xəttində Azərbaycan tərəfdən təxminən 17 nəfər hərbi qulluqçu qarşı tərəfin gülləsindən həlak olub. Ümumiyyətlə isə aparılan araşdırmalar göstərir ki, hər il tərəflərin itkiləri təxminən eyni olur».

Cəsur Sümərinlinin sözlərinə görə, il ərzində döyüş bölgəsində atəş nəticəsində mülki şəxslərdən həlak olanların sayı 2-3, yaralananların sayı isə 10 nəfəri keçmir. Bu barədə dəqiq məlumat əldə etmək o qədər də asan olmur. Çünki bu barədə rəsmi açıqlama vermək tərəflərə o qədər də sərfəli deyil. Ancaq son tədqiqatlar göstərir ki, baş vermiş bəzi toqquşmalar nəzərə alınmasa bu il ötən illərlə müqayisədə hərbçilərin ölüm və yaralanma halı azalıb. Yəni bu məsələdə ildən ilə azalma müşahidə olunur.

Cəsur Sümərinli bildirir ki, ümumiyyətlə tərəflərin bu cür addımları nizamlı və nizamsız olur. Yəni söhbət hansısa danışıqlar, görüşlər ərəfəsində təzyiqə hesablanmış və əsgərlərin özbaşına təşəbbüsləri ilə yaranan atışmalardan gedir.
Onu da deyim ki, həmsədrlər budəfəki bəyanatda Dağlıq Qarabağ probleminin həlli yolunda pozitiv məqam yarandığını da qeyd edirlər. Və bildirirlər ki, bu imkanı tərəflərin noyabrda keçirdikləri Moskva görüşü yaradıb. Azərbaycan və Ermənistan vəziyyətdən yararlanmağa, eləcə də Madrid prinsipləri üzərində işi başa çatdırmağa çağırılır.

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir ki, Helsinkidə ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri yığışmışdı. Ona görə də Minsk qrupu həmsədrləri ilin sonuna belə bir bəyanat verərək sadəcə işlədiklərini bildirmək istəyiblər. Yəni bu bəyanat münaqişə tərəflərinə və ya regionda sülhə yox, Minsk qrupuna xidmət edən sənəddir. O ki qaldı Moskva görüşü barədə deyilənlərə, bu qarşılaşma pozitivliyi ilə yox, azacıq fərqliliyi ilə yadda qala bilər.

Elxan Mehdiyev bəyanatda Madrid prinsipləri barədə səslənən fikirlərin təzyiq məqsədi daşıdığını da istisna etmir.
Politoloq Vəfa Quluzadə isə hesab edir ki, həmsədrlər həmişəki kimi optimist fikirlər söyləməkdə davam edirlər. «Moskva bəyannaməsi əhəmiyyətsiz kağızdan başqa bir şey deyil. Əgər Azərbaycan ərazi bütövlüyünün bərpası, Ermənistan isə Dağlıq Qarabağın müstəqilliyi iddiasından əl çəkməyibsə danışıqlarda hansı pozitiv məqam yarana bilər? İrəliləyişdən o vaxt danışmaq olar ki, tərəflərdən biri öz iddiasından geri çəkilsin».

Vəfa Quluzadə deyir ki, prezidentlərin də, xarici işlər nazirlərinin də bütün görüşlərinin nəticəsi sıfıra bərabərdir. Bunu Minsk qrupu həmsədrləri də bilirlər. Ona görə də «konstruktiv mövqelər oldu», «razılıq əldə oluna bilər», «irəliləyiş var» və sair bu kimi optimist bəyanatlar səsləndirirlər.
XS
SM
MD
LG