Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:53

«İstərdik ki, tərəflər baza prinsipləri üzərində işi başa çatdırsın»


ABŞ dövlət katibi müavinin köməkçisi Metyu Brayza
ABŞ dövlət katibi müavinin köməkçisi Metyu Brayza
«Snayperləri atəş xəttindən geri çəkin. Bu hərbçilərin və mülki şəxslərin həyatını qorumaq üçün vacibdir, həm də tərəflər arasında etimadı artırar».

Azərbaycanla Ermənistanı buna ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələr çağırıblar. Rusiya və Fransanın xarici işlər nazirləri – Sergey Lavrov və Bernar Kuşner, eləcə də ABŞ dövlət katibinin müavini Daniel Frid Helsinkidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış ediblər.

Helsinkidə ATƏT xarici işlər nazirlərinin iştirakı ilə konfrans keçirilib. Konfransa «donmuş münaqişələr» müzakirə edilib.

Bəyanatda həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsindəki tərəfləri – Azərbaycan və Ermənistan prezidentlərini Moskva görüşündə yaranan konstruktiv və pozitiv impulsdan istifadə etməyə çağırıblar:

«Moskvada imzalanmış bəyannamə bölgədə sülh əldə olunması baxımından çox şey vəd edən yeni mərhələ açıb. Bəyannamədə prezidentlər münaqişənin «Madrid təklifləri» əsasında dinc yolla həllinə sadiqliklərini təsdiqləyiblər. Biz də tərəfləri yaxın aylarda baza prinsipləri üzərində işi başa çatdırmaq üçün səy göstərməyə səsləyirik».

ATƏT xarici işlər nazirlərinin konfransında qurumun sədri, Finlandiyanın xarici işlər naziri Aleksander Stubb Qarabağ və Dnestryanı kimi «donmuş münaqişələr»in həlli istiqamətində müsbət addımlara görə nikbin olduğunu dilə gətirib. Stubb deyib ki, onlar Dağlıq Qarabağ məsələsində irəliləyişlərin şahididir. Buna görə də bu işə köməklik edənlərə minnətdarlığını bildirir. Dnestryanı məsələsində də onun fikrincə, irəliləyişlər var.

Minsk Qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibi müavinin köməkçisi Metyu Brayza isə «Azadlıq» radiosunun müxbirinə bildirib ki, o, deyə bilməz ki, münaqişənin həlli ilə bağlı tərəflər nə vaxt razılığa gələ bilərlər. Amma M. Brayza deyir ki, həmsədrlər istərdi ki, tərəflər baza prinsipləri üzərində işi başa çatdırsınlar və bu zaman ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və gücdən istifadə etməmək kimi məqamlar nəzərə alınsın.

Konfransda Rusiya özünün Avropada yeni təhlükəsizlik planının da təqdimatını keçirib. Stubb deyib ki, konfrans planın təqdimatına diqqətlə qulaq asmalıdır:

«Bu ilk dəfə olacaq ki, biz Rusiya prezidenti Medvedev və Fransa prezidenti Sarkozinin Avropada təhlükəsizliklə bağlı yeni təkliflərini müzakirə edəcəyik. Məncə, bu çox maraqlı diskussiya olacaq və mən ümid edirəm ki, bu müzakirələr günün sonunda ATƏT-in daha da gücləndirilməsinə səbəb olacaq».

ABŞ dövlət katibi müavinin köməkçisi M. Brayza bildirmişdi ki, Rusiyanın planı NATO-nu zəiflətməyə yönəlib. O deyib ki, açıq aydın görünür ki, Rusiya NATO-ya alternativ qurum yaradılmasına cəhd edir. Halbuki, NATO çox səmərəli fəaliyyət göstərir və Moskva bundan narahat olur.

NATO-nun baş katibi Yaap de Hoop Sxeffer də deyib ki, alyans üzvləri Rusiyanın planını müzakirə etməyə hazırdırlar, amma təkliflərin mahiyyətinin açıqlanmasına ehtiyac var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG