Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:00

Suyumuzu kim kəsib?


Bakının mərkəzində əlivedrəli qadın, 4 dekabr 2008
Bakının mərkəzində əlivedrəli qadın, 4 dekabr 2008
Bakı şəhərinin mərkəzi hesab olunan böyük bir ərazidə – əsasən Nəsimi, Səbail və Yasamal rayonlarında əhali su problemi ilə üzləşib. Evlərdə su olmadığı üçün qadınlar, kişilər, hətta uşaqlar da əllərində vedrə, bardaq və sair su tuta biləcək qablarla küçələrdə su axtarırlar. Ara-sıra da olsa idarələrin ərazisində, ümumi həyətlərdə və ya lap elə yol kənarında gözə dəyən su kranlarının ətrafında növbə ilə su dolduranlara da rast gəlinir.

Onu da deyim ki, suyun borulardan qeybə çəkilməsi dükanların işinə yarayıb. 15-20 litrlik qablarda satılan suların alveri güclənib. Elə dükanlar var ki, daha da irəli düşmək üçün suyu çıxarıb qapının önünə qoyublar.

Amma susuzluqdan ziyana düşən obyektlər də var. Gündəlik gəliri maşın yumaqdan çıxan kiçik obyektlər necə deyərlər fəaliyyətlərini dayandırıblar.

«Azərsu» Səhmdar Cəmiyyətindən mətbuata verilən məlumata görə metronun «Azadlıq» stansiyasının tikintisi ilə əlaqədar Binəqədi rayonu ərazisində diametri 1200 mm-lik su borusunun yeri dəyişdirilir. Ona görə də əhaliyə suyun verilməsində müvəqqəti fasilə yaranıb. Günün sonuna işlər yekunlaşacaq və əhalinin su ilə təminatı qaydaya düşəcək.

Tikilən metropoliten idarəsinin rəisi Arif Rəsulov isə deyir ki, suyun verilməsində yaranan fasiləni onların ayağına yazmaq düz deyil. Onlar plana uyğun olaraq bir gün ərzində köhnə kəmərin əlli metrlik hissəsini kəsib yeni kəmərə qoşaraq öz işlərini yekunlaşdırıblar. Və suyun olmamasının metropolitenə dəxli yoxdur:

«Bunun bizə heç bir dəxli yoxdur. Su köhnə kəmərlə gedir. Özü də o kəmər camaata yox, rezervuara gedir. Nə oldu, o boyda rezervuar nə tez boşaldı».

Arif Rəsulov əlavə edir ki, inşaat meydançasına təkcə su kəməri yox, digər kommunikasiya xətləri – istilik kəməri, rabitə xətləri və yüksək gərginlikli kabellər düşürdü. Onlar da köçürülüb. Bu inşaatda olan işdir. Niyə belə sensasiyaya çevrilib, anlamıram».

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə deyir ki, əslində vətəndaşların belə problemlərlə üzləşməsi ölkədə istehlakçı siyasətinin olmamasından irəli gəlir. İstənilən sahədə inşaat işləri səbəbindən vətəndaşların təminatı məhdudlaşdırıla bilər.
Amma bundan ötrü əhali əvvəlcədən məlumatlandırılmalıdır:

«Xəbərdarlıq sistemi sivil cəmiyyətin çox mühüm parametrlərindən biridir. Azərbaycanda bu yox dərəcəsindədir. Bu o deməkdir ki, istehlakçı hüququ tanınmır və ona deyilir ki, nə vaxt nəyi istəsək kəsəcəyik».

Eyyub Hüseynov deyir ki, əgər ölkədə istehlakçıların hüququna hörmət edilirsə onda sayğacı olmayan evlərdən su pulu yığılarkən belə hallar nəzərə alınmalıdır. O ki, qaldı əhalinin hansısa təşkilatın günahı ucbatından uzaq məsafələrdən evlərinə əllərində su daşımalarına onun zərərinin ödənilməyəcəyini vətəndaşlar yaxşı bilirlər.

Gün ərzində «Azərsu» Açıq Səhmdar Cəmiyyətindən məsələyə münasibət öyrənmək cəhdimiz baş tutmadı.
XS
SM
MD
LG