Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:13

«Ayıb olsun elə müəllimlərə…»


Məktəblərdə yalnız şagirdlərdən müxtəlif adlarla pul yığıldığını desək, yəqin yanılarıq

Məktəblərdə yalnız şagirdlərdən müxtəlif adlarla pul yığıldığını desək, yəqin yanılarıq

Məktəblərdə yalnız şagirdlərdən müxtəlif adlarla pul yığıldığını desək, yəqin yanılarıq. Hər halda məktəb müəllimlərindən məktəbdəki hər hansı tədbir, Azərbaycan liderlərinin ad günləri, təbriklər üçün pul yığılması da nadir hal deyil. Bəzi müəllimlər dərs saatlarının artırılması üçün məktəb direktorları, dərs hissə müdirlərinə pul verdiklərini deyirlər.

Bakı məktəblərindən birində riyaziyyat müəllimi işləyən İxtiyar Poladlı deyir ki, son zamanlara müəllimlərin kart sistemi ilə maaş alması da bu problemi həll edə bilməyib:

«Başqasının dərsini ona yazır. Deyir kartdan ayda bu qədər gətirib verərsən. Məktəbdə bu dəqiqə elə fakt var. Müəllim o dərsə girmir. Onun əmək haqqı yazılır o birinə. 30 ya 60 manat. Bax belə məbləğdə hər ay müəllim direktora verir. 50 nəfər riyaziyyat müəllimi var. Birinin dərsi 12 saatdır. O biri 18 saat. O biri 24 ya 30 saat. Müəllimdən pul yığanda da müəllim gedir uşaqdan yığır».
İxtiyar Poladlı deyir ki, tədbirlər, ad günləri və təbriklər üçün də pul yığılması halları olsa da, müəllim daha çox dərs saatının çoxaldılması üçün pul ödəyirlər.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirir ki, məktəblərdə dərs saatlarının artırılması üçün müəllimlərdən pul yığılması yeni hadisə deyil. Lakin son zamanlara məvacibin kartla verilməsi bunu qismən də olsa azaldıb. Çünki əvvəl məvacibin verilməsi zamanı direktor və direktor müavini müəllimin məvacibindən istədiyi qədər pul tuta bilirdi. Amma bu problem yenə də mövcuddur.

«Onun bircə çıxış yolu var ki, müəllimlər bir dirəniş göstərməlidir. Bir dəfə, iki dəfə yox demək lazımdır. Ancaq bizim pedaqoji kollektivlərdə əksər hallarda 85 faiz müəllimlər hüquqlarını bilmirlər, söz sahibi də deyillər».

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadə deyir ki, nazirliyə bununla bağlı bir neçə anonim şikayət gəlib, lakin bu şikayətlər bir çox hallarda anonim olduğuna görə bunu araşdırmaq olmayıb. O, deyir ki, əgər belə problem olsa belə, bununla mübarizə birbaşa müəllimin öz öhdəsinə düşür:

«Bunu deyən insanlarla belə hallarda özləri mübarizə aparmalıdır. Aparıb öz əlləri ilə pul verib, sonra hay-küy salmamalıdır ki, «bizdən pul alırlar». Cəmiyyətə, şagirdə qayda-qanun öyrədən, tərbiyə verən bir müəllim deyirsə ki, «mən pul verməsəm məni işdən çıxaracaqlar ayıb olsun elə müəllimlərə». Təəssüf edirik ki, bizim elə müəllimlərimiz var. Sən normal dərs deyirsənsə, tədrisi normal aparırsamsa niyə kiməsə pulu verməlisən?» -, bu Təhsil Nazirliyinin rəsmisi Bayram Hüseynzadənin fikirləridir.

Onun sözlərinə görə, nazirlik bu cür şikayətlə bağlı araşdırma aparanda da məlum olub ki, əslində məktəbdə direktor və müəllim arasında ədavət olduğundan şikayət ediblərmiş, bunun müəllimdən rüşvət alınması ilə heç bir əlaqəsi olmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG