Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:15

Mafiya babası İbrahim iki ölkəni bir-birinə vurub


Amerika öz dövlət katibini Hindistana, baş qərargah rəisini isə Pakistana göndərib
Amerika öz dövlət katibini Hindistana, baş qərargah rəisini isə Pakistana göndərib
Amerika öz dövlət katibini Hindistana, baş qərargah rəisini isə Pakistana göndərib. Məqsəd bu iki ölkə arasında gərginliyi azaltmaqdır. Amerika münasibətlərin gərginləşməsindən narahatdır, çünki hər iki ölkənin atom bombası var.

Ancaq Hindistanın xarici işlər naziri Pranab Muxerci deyib ki, heç kim Mumbay terroruna görə Pakistana hərbi yolla cavab verilməsindən danışmır. Biz Pakistandan xahiş etmişik ki, orada gizlənən adamları həbs edib bizə versin və onlar Hindistan qanunları qarşısında cavab versinlər.

Hindistan 20 nəfərin tutulub təhvil verilməsini istəyir. Bunlardan birincisi Hindistanın ən məşhur mafiya başçısı Davud İbrahimdir. «Röyters»in məlumatına görə bir sıra müasir Hindistan filmləri öz süjetlərini İbrahimin çox rəngarəng həyatından götürüb. Atası polis olan və özü cavanlığında polisə xəfiyyəlik edən İbrahim sonralar Mumbayın narkotik və qaçaqmalçılıq kralına çevrildi. Var-dövləti milyard dolları keçən İbrahim 1993-cü ildə Mumbayda Hindistan tarixində ən böyük terroru təşkil edib, həmin vaxt ən azı 250 adam ölüb, 700 adam yaralanmışdı.

Ancaq bəzi müsəlmanlar İbrahimi qəhrəman hesab edirlər. Çünki İbrahim Mumbaydakı o vaxtkı qırğını hinduların müsəlmanlara qarşı zorakılığına cavab olaraq təşkil etmişdi. «Financial Times» yazır ki, Hindistan İbrahimi bundan qabaq da tələb edirdi, ancaq Pakistan heç vaxt verməyib.
Amerika və Hindistan kəşfiyyatları Mumbay terrorunu Ləşkəri Taiba adlı Pakistan qrupunun törətdiyini düşünürlər. Hindistan bu qrupunun lideri Hafiz Məhəmməd Səidi tələb edir. Ancaq bu qrupa görə Amerika da vaxtilə Pakistana təzyiq edirdi, onda o vaxtkı prezident Pərviz Müşərrəf qrupu formal olaraq qadağan etdi, əslində isə həmin qrup yalnız adını dəyişdi. «Financial Times» yazır ki, məlumatlara görə Səid Pakistan hökumətinin himayəsindədir.

Bunları qəzetlər yazır, ancaq Pakistan prezidenti Asif Zərdari deyib ki, Hindistanın şübhəli saydığı adamları Hindistana verməyəcək. Zərdari deyib ki, o hər bir şübhəli şəxsə qarşı dəlil-sübutları öyrənməlidir və günahları varsa, onlar Pakistan qanunları ilə məhkəmə olunmalıdırlar. Bu gün Dehlidə Amerikanın dövlət katibi Kondoliza Raysdan soruşublar ki, Zərdarinin dediklərinə münasibəti necədir? Rays deyib: «Mən gümanlardan çəkinməliyəm ki, Pakistan hökuməti Hindistanın spesifik sorğularına cavab verməkdə nə etməlidir».
Rays Zərdarinin başqa fikrini bəyəndiyini deyib ki, Pakistan Hindistanın apardığı istintaqda axıracan əməkdaşlıq etməyə hazırdır. Dövlət katibinin fikrincə, indi tələb olunan birgə hərəkət etmək və aşkarlıqdır.

Mumbay hücumu Hindistan hökumətini də pis vəziyyətdə qoyub. Hindistan müxalifəti və mətbuatı məsələ qaldırırlar ki, Hindistan hökuməti təhlükəsizliyi təmin edə bilmir.

Londonun İqtisadiyyat İnstitutunda Cənubi Asiya üzrə Ekspert Antonio Quistossi deyir: «Əlbəttə bu ciddi terrorist hücumu idi. Ancaq buna Hindistan mediasında və bəzi diplomatik dairələrdə belə ifrat reaksiya elə terrorçuların istədiyidir. Buna görə mən hesab edirəm ki, heç kim bundan sui-istifadə etməməlidir. Bu, axırıncı terror deyil». Ekspert deyir ki, əksinə, terrorçuların istədiyi olsa, Hindistanla Pakistanın münasibətlərini idarə etmək çox qəliz olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG