Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:34

Dərman xəstəxanaya çatmamış satılır


İlkin tibbi yardım preparatları xəstəxana içərisində və ya digər apteklərdə satılır
İlkin tibbi yardım preparatları xəstəxana içərisində və ya digər apteklərdə satılır
Gəncədəki tibb müəssisələrində Səhiyyə Nazirliyi tərəfindən verilmiş ilkin tibbi yardım ləvazimatları xəstəxanalara gələn xəstələrə satılır. Ödənişsiz tibbi xidmətdən isə söz gedə bilməz. Şəhər sakini Azad Rəhimov deyir ki, bizim tibb müəssisələrimizdə açıq bazar hökm sürür. Elə söhbətləşdiyim şəhər sakinləri də xəstəxanalardakı al-verdən danışdı.

«Xəstəmiz var idi… Nəinki müayinə, adi binti də, yodu da bizə aldırırlar… Xəstəxana divarında asılan siyahıda olan bütün dərmanları pulla alırıq;
Adi analizləri 6-7 manata edirlər hər şeyi özümüzə aldırırlar;

Azərbaycanda pulsuz səhiyyə yoxdur… Hər şey pulladır, sərəncam verilsə də belə şey yoxdur…»

Gəncə şəhər Azad İstehlakçılar Birliyinin müavini Ramiz Əliyev də deyir ki, birlik Gəncədəki tibb müəssisələrində araşdırmalar aparıb. Nəticədə müəyyən ediblər ki, müəssisə divarlarında asılmış siyahıda göstərilən ilkin tibbi yardım preparatları xəstəxana içərisində və ya digər apteklərdə satılır. Birliyin sədr müavini xüsusən Gəncə şəhər Endekronoloji Xəstəxanada diabet xəstələri üçün dövlət tərəfindən verilmiş həblərin belə xəstələrə satıldığını deyir:

«Diabet xəstəlikləri üçün olan xəstəxananın baş həkimi Süleyman Priyev dərmanların hamısını vermir. Orda paylayan onun bilavasitə qohumudur. Biz bir neçə adamla araşdırma apardıq. Xəstələr bu dərmanlardan yalnız tək-tək hallarda alırlar. Od qiymətinə həmin dərmanları almalı olurlar. Təxminən 60 faizi əl altından satılır».
Gəncə şəhər Endikronoloji Dispanserin baş həkimi Süleyman Priyev isə şəkər xəstələri üçün dövlət tərəfindən verilən dərmanların tam şəkildə xəstələr paylandığını deyir:

«100 faiz şəkər əleyhinə olan dərmanlar Gəncədə təmin olunur. O da necədir həkimdə resept yazılır özləri aptekdən alır. Həkim resept yazır xəstə də onları 298 saylı aptekdən alır. Ola bilər ki, hansısa adda dərman çətin tapılsın».

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev isə deyir ki, ölkə prezidentinin 2007-ci il 1 fevral sərəncamına Gəncədəki tibb müəssisələrində tamamilə əməl olunur: «Ümumiyyətlə o dərmanlar tibb müəssisələrində həkimlər tərəfindən paylanılmır. Həkimlər resept nüsxəsi verirlər xəstə özü onu aptekdən götürür. Xəstələrin dərmanla təmin olmasında hər hansı problem bağlı bizə rəsmi məlumat gəlməyib».

Ancaq rəsmilərin bəyanatlarına baxmayaraq, ödənişsiz tibbi xidmətə dair sərəncamdan xeyli vaxt keçsə də, sakinlər bu qərarın sənəd üzərində olduğunu deyirlər.
XS
SM
MD
LG