Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Keçən il ombudsmana 7 min nəfərdən çox vətəndaş şikayət edib


İnsan haqları üzrə müvəkkil Elmira Süleymanova parlamentdən səlahiyyətlərinin genişləndirilməsini xahiş edib

Keçən il ombudsmana 7 min nəfərdən çox vətəndaş şikayət edib. Şikayətlər əsasən polisin, məhkəmənin fəaliyyəti və məmur özbaşınalığı ilə bağlıdır. Bu barədə insan haqları üzrə müvəkkil Elmira Süleymanova Milli Məclisdəki illik hesabatında bildirib. O deyib ki, polisin fəaliyyətində insan ləyaqətini alçaldan hallar da olub.

Elmira Süleymanova saxlananların şəraitini öyrənmək üçün 220 dəfədən çox müvəqqəti saxlama təcridxanalarına baş çəkdiklərini qeyd edib. Onun sözlərinə görə, ümumilikdə şərait qənaətbəxşdir, amma bir sıra hallarda polislər Ombudsman Aparatının işçilərini saxlama təcridxanasına buraxmayıblar və ya onların işinə başqa maneçiliklər törədiblər. Bəzi məmurlar isə ombudsmanın sorğularına sayğısız yanaşıblar. Bununla bağlı ombudsman parlamentdən səlahiyyətlərinin genişləndirilməsini xahiş edib.


Ombudsman onu da deyib ki, ötən il parlament seçkilərinin təşkilində irəliləyiş olub, seçicilərə sərbəst seçim etmək, müşahidəçilərə isə sərbəst müşahidə aparmaq şəraiti yaradılıb. O deyib ki, pozuntularla bağlı müvəkkil seçki orqanlarına dərhal müraciət edib və dövlət orqanları nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görüblər.


Parlamentin bəzi deputatları isə ombudsmana ünvanlanan şikayətlərin ildən-ilə artmasını narahatlıq doğuran hal adlandırıblar. Onların fikrincə, bu, məmur özbaşınalığının artmasından irəli gəlir.


Deputat İqbal Ağazadə isə bildirib ki, ombudsmanın hesabatında daha çox ölkədə baş verən qanunsuzluqlar sadalanır və hüquq-mühafizə orqanlarının buna qarşı gördüyü işlərdən söz açılır. Halbuki deputatın fikrincə, müvəkkil yalnız öz gördüyü işlər barədə hesabat verməli idi.


İqbal Ağazadə ombudsmanı kifayət qədər cəsarətli olmamaqda və ona verilən səlahiyyətlərdən lazımınca istifadə etməməkdə də qınayıb. Amma yekunda parlament ombudsmanın hesabatını səs çoxluğu ilə qəbul edib.


XS
SM
MD
LG