Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:04

Dənizi hasara alırlar…


Nəzərdə tutulan cərimələr yol hərəkəti qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələrdən xeyli azdır

Nəzərdə tutulan cərimələr yol hərəkəti qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələrdən xeyli azdır

Xəzər dənizinin dövlətin mülkiyyətində qalan sahil zolağının eni iki dəfəyə qədər azaldılır. 1997-ci ildə qəbul edilən qanunda sahil boyu 80-130 metrlik zolağın altında olan torpaqlar dövlət mülkiyyətində saxlanılırdı. Milli Məclis dekabrın 2-də Torpaq islahatı haqqında qanuna dəyişiklik edərək sahil zolağının dövlətə məxsus hissəsinin enini 20-50 metr müəyyən etdi. Yəni buna qədər vətəndaşlar dənizdən 80-130 metr aralıda xüsusi mülkiyyət, ev, obyekt, müəssisə sahibi ola bilərdilərsə, indi onlar bu niyyətlərini dənizdən 50, bəzi yerlərdə isə hətta cəmi 20 metr aralıda gerçəkləşdirə biləcəklər.

Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov deyir ki, atılan bu addım vətəndaşların maraqlarına xidmət edir.
Yeni dəyişikliklərə görə, 20-50 metrlik sahil zolağının altında qalan torpaqlar dövlətin mülkiyyətində qalmaqla özəlləşdirilə bilməz. Yalnız yuxarı icra hakimiyyətinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Qanuna edilən dəyişikliklər həmçinin icarəyə verilmiş sahənin hasara alınmasına da şərait yaradır. Əhalinin dənizə gediş-gəlişini məhdudlaşdırmamaq şərti ilə olsa da.

Deputat Pənah Hüseyn isə hesab edir ki, qanuna edilən bu dəyişiklik əslində mülkiyyət münasibətlərinə aid olan çox ciddi bir məsələdir. Bu bir qrup oliqarxın, yüksək vəzifədə olan şəxslərin Xəzər dənizi ətrafındakı dövlətə aid ümumxalq mülkiyyətini – torpaqları mənimsəməsini, zəbt etməsini qanuniləşdirməkdən başqa bir şey deyil. Bunu Lənkəran, Astara və digər bölgələrin əhalisinin mənafeyi kimi əsaslandırmaq da inandırıcı səslənmir.

Onu da deyim ki, təkcə müxalifətdən olan deputatlar deyil, o cümlədən hakimiyyət yönlü və bitərəf deputatlar da məsələnin Milli Məclisdə müzakirəsi zamanı dəniz sahilinin böyük məsafələrdə – xüsusilə Bakıdan Qaradağ rayonu istiqamətinə gedən yol boyu hasarlandığından danışıb belə hallara qarşı olduqlarını bildirdilər. Bəzi deputatlar isə qanuna edilən dəyişikliklərdən sonra bu prosesin daha böyük vüsət alacağını bildirirlər.

İqtisadçı ekspert, millət vəkili Əli Məsimlinin fikrincə isə dünya praktikasında çox nadir hal olan hasarlama sisteminin Xəzər dənizinə tətbiq edilməsi təkcə Azərbaycan vətəndaşlarının istirahət və digər hüquqlarının pozulması baxımından deyil həm də ekoloji cəhətdən zərərlidir.

Digər tərəfdən bu qanun sahil zolağının dövlət mülkiyyətindən çıxarılan hissəsinin sərvətlərindən xaotik istifadəyə şərait yaradır.

Son olaraq deyim ki, əgər sahil zolağının dövlətin mülkiyyətində qalan hissəsini kimsə qanunsuz olaraq hasarlasa, bağlasa İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə cərimələnəcək. Eldar İbrahimov hesab edir ki, hasarlamalarla bağlı narahatçılığa əsas yoxdur. Çünki fiziki, vəzifəli və hüquqi şəxslər üçün ayrı-ayrılıqda müəyyən edilən həmin cərimələr bu sahədə qanunsuzluqları aradan qaldıracaq.

Deputat Qənirə Paşayeva isə deyir ki, nəzərdə tutulan cərimələr gülüncdür və əslində onlar sahilin dövlətə aid hissəsini qanunsuz hasarlamağa cəsarət edən şəxsi narahat etməyəcək. Çünki, nəzərdə tutulan cərimələr yol hərəkəti qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələrdən xeyli azdır. Əli Məsimlinin dediyinə görə isə, fiziki və hüquqi şəxslər üçün müxtəlif məbləğlər olmaqla müəyyən edilən həmin cərimələrin məbləği təxminən 27-55 manatdır.

Şərhləri göstər

XS
SM
MD
LG