Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:38

Elə hər ay yığırlar...


İşçilər şikayət etməyə qorxurlar, çünki iş yerlərini itirə bilərlər

İşçilər şikayət etməyə qorxurlar, çünki iş yerlərini itirə bilərlər

«Hər ay 10 manatdan yığırlar. Səbəbini demirlər. Bu ay 30 manat yığdılar. Abunə haqqı, bir də Qurban bayramı üçün. Bakıdan kimsə gələndə də yığırlar» -, Gəncə poliklinikalarının birində işləyən, adının çəkilməsini istəməyən həmsöhbətimiz deyir ki, onlar hər ay rəhbərliyə haqq verməyə alışıblar. Kimsə bu pulun niyə yığıldığını soruşmağı belə ağlına gətirmir.

Bakı poliklinikalarının birində isə həkimlər yalnız abunə üçün pul ödədiklərini söylədilər. Onu da dedilər ki, bu pulu könüllü ödəyirlər.
Paytaxtın iri xəstəxanalarının birində çalışan həkim Cümşüd Quliyev isə bu abunənin zorla aparıldığını söyləyir. Amma deyir təkcə abunə olsaydı nə vardı?

«Hər ay yox, az qala hər gün 10, 20, hətta 70 manat müxtəlif bəhanələrlə yığırlar. Nə bilim. Xəstənin yeməyi üçün qab-qazan, qaşıq pulu, hər şeyə yığırlar. YAP-ın tədbiri olacaq, başqa partiyanın tədbiri olacaq, müxtəlif adlarla yığırlar. Hələ üstəlik «fond puluna» da ödəməlisən».

Cümşüd Quliyevin sözlərinə görə, fonda hər həkim hər xəstəsi üçün 20 manatdan pul ödəyir. Yəni, məsələn, ay ərzində 5 xəstəsi olan həkim fonda 100 manat verir. Xəstənin sayı artdıqca məbləğ də artır. Bəs fond pulu hara xərclənir?

«Bir hissəsi həmin şöbənin təsərrüfat işlərinə gedir, pulu yığanlar müəyyənləşdirir də hara xərcləməyi».

Həmsöhbətimiz deyir, illərdi ki, bu elə bu cür də davam edir və hansısa həkim buna etiraz etmək istəmir. Çünki hər kəs işini itirməkdən qorxur. Müsahibimiz də söhbətini bizimlə bu şərtlə etdi: nə adını çəkək, nə işlədiyi xəstəxananı göstərək. Üstəlik səsinin də dəyişdirilməsini istədi. Özünün anonimliyini bu qədər sığortalamasına səbəb isə biriydi, o, öz iş yerini itirməkdən qorxurdu. Biz də müsahibimizin hüquqlarına hörmət edib adını və səsini dəyişdik.

Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Qədirli də deyir ki, «fond pulu» məsələsiylə bağlı nazirliyə bir neçə dəfə müraciət olunub:

«Səhiyyə Nazirliyinin mövqeyi belədir ki, fond pulu qanunsuzdu. Əvvəllər belə ənənə olub. 3-4 il əvvəl, həkimlərin maaşından, qeyri-qanuni qazanclarından pul yığıblar. Təmir üçün, avadanlıq almaq, və s işlər üçün».

Anar Qədirli deyir ki, indi təmir-tikinti işləri, texniki avadanlıq alınması kimi işlər büdcə hesabına aparılır və bu cür fondlara ehtiyac yoxdu. Səhiyyə Nazirliyinin sözçüsü deyir ki, belə faktlarla üzləşən həkimlər heç nədən çəkinmədən nazirliyə müraciət etsinlər. Anar Qədirlinin sözlərinə görə, nazirlik təhqiqat aparmağa hazırdır.

Hüquq müdafiəçisi İradə Cavadova isə deyir ki, işçi heyətdən qeyri-rəsmi pul yığılmaları təkcə səhiyyə sahəsinə aid deyil, bir çox büdcə təşkilatlarında bu cür hallara rast gəlmək olar. Amma o bildirir ki, rəhbərliyin işçidən hansısa adlarla pul tələb etməsi tamamilə qanunsuzdu:

«Bu yalnız könüllü ola bilər. Qanunvericilikdə belə şey yoxdu. Amma əfsuslar olsun ki, işçilər öz hüquqlarını qoruya bilmirlər». İradə Cavadova deyir ki, rəhbərlik bu cür qanunsuz addımlara etiraz edən işçini müxtəlif bəhanələrlə işdən azad edə bilər: «İşçi də düşünür ki, mən də məhkəməyə gedərəmsə, bu mənim üçün problem yaranar. Bir neçə ay maaşsız qalaram».

İşçi ondan hər ay rəhbərliyin pul tələb etməsini məhkəmədə sübut edə bilərmi? İradə Cavadova deyir ki, bunun üçün onların şahidləri olmalıdır, sübutedici faktlar toplanmalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG