Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Şəkililər naxçıvanlı icra başçısı istəyirlər


Xan Sarayından baxanda Şəki mənzərəsi
Xan Sarayından baxanda Şəki mənzərəsi

Şəkililər deyir ki, ətraf rayonlarda inkişaf daha yaxşıdı və hamısında da icra başçısı naxçıvanlıdı. Ümid edirlər ki, bəlkə belə olsa, onlar da yaxşı yaşayarlar

Dinlə

Heç olmasa Şəkidə həftəlik demokratiya olur, Bakıda heç bu da yoxdu

Şəkidə ilk gördüyüm, rayon bələdiyyəsinin qapısı ağzına vurulmuş «Yerli demokratiya həftəsi» elanı idi. Bələdiyyənin qapısı bağlı olduğundan ətrafdakı adamlardan bunun nə demək olduğunu öyrənməyə çalışdım. Məlum oldu ki, demokratiya həftəsində Şəki şəhər bələdiyyəsi hamının üzünə açıq olur, adamların məişət problemlərilə bağlı qaldırdıqları məsələlər ya həll edilir, ya da buna cəhd göstərilir.

Şəkililər deyirlər ki, Bakıdan fərqli olaraq heç olmasa bir həftə də olsa onlarda demokratiya olur. Bir də şəkillər yarı zarafat-yarı ciddi deyirlər ki, nədirsə demokratiya həftəsi olan vaxt adamların gözünə hər şey yaxşı görünür, adamlar elə bil özlərini başqa günlərdəkindən xeyli yaxşı hiss edirlər. Elə bu səbəbdən də şəkililər istəyirlər ki, əgər onlar özlərini bir həftəlik demokratiya günlərində yaxşı hiss edirlərsə, nədən bu təşəbbüs uzunömürlü olmasın.

Şəkidə digər yerlərdə rast gəlmədiyim bir hadisənin də şahidi oldum. Qəzet köşkünün yanından keçəndə bir neçə nəfərin eyni vaxtda elə səkinin ortasında, ayaqüstü qəzet oxuması məndə maraq oyatdı. Onların nəyi belə diqqətlə oxuduqlarını bilmək istədim.
Qəzet oxuyanlar deməsə də, qəzet satandan öyrəndim ki, elə hər gün belədir. Belə küçədə qəzet oxuyanlar isə əsasən pulu olmayanlardı. Satıcının dediyinə görə, alıcılarının bir qismi ondan qəzeti nisyə alır.
Qəzeti nisyə oxuyarlar
Bəziləri isə qəzetləri elə bir «çox sağ ol»a oxuyurlar.

Şəkinin «otaq müxalifəti»

Qəzetdən, müxalifətdən və siyasətdən söz düşmüşkən deyim ki, Şəkidə bütün müxalifət partiyalarının pis-yaxşı otura biləcəyi qərargah var. Qonşu Zaqatalada müxalifət qərargah üzünə həsrət qalsa da, Şəkidə müxalifət qərargahına ildə bir dəfə yığışa ya yığışmaya. Şəki müxalifətçiləri özlərini «otaq müxalifət»i adlandırırlar.

Müsavat partiyasının Şəki şəhər təşkilatının sədri Həbibulla Manaflıya görə, 2003-cü il prezident seçkilərindən sonra ölkənin hər yerində olduğu kimi Şəkidə də müxalifətin görünüşü ilə mahiyyəti arasında fərq qalmayıb: «2003-cü ildən sonra hər yerdə olduğu kimi Şəkidə də müxalifət zəif görünür, görünür yox elə həqiqətən zəifdi. Yəni müxalifətin görünüşü ilə mahiyyəti arasında hər hansı bir əskiklik yoxdu. Bu da 2003-cü ildə baş verən hadisələrin məntiqi nəticəsidir.

-Sizin qərargahınız necədi?

-Bizim qərargahımız genişdi, üç otaqlıdı. Ora zərurət yarananda gedirik... Bir sözlə biz olmuşuq «otaq müxalifəti». Amma müxalifət kimi öz funksiyamızı yerinə yetirmək imkanından məhrumuq. O mənada ki, azad sözün ən adi təzahürləri kəskin şəkildə təpkiylə qarşılanır. Hələ mən əməli fəaliyyətdən danışmıram. Ancaq sözdən söhbət gedir, azad sözdən. Əgər sözə münasibət bu cür kəskin əks reaksiya ilə qarşılanırsa, əməli fəaliyyətdən danışmağa dəyməz».

Şəki müxalifətçiləri
Bəlkə elə bu səbəbdəndir ki, Şəki müxalifətçiləri indiki siyasi dövrü ötən əsrin ortalarındakı durğunluq dövrüylə müqayisə edirlər.
YAP-ın Şəki təşkilatının şöbə müdiri Kamil Məmmədovsa rayonda inkişafın olmamasıyla heç cür razılaşma bilmir: «Bunu görməmək mümkün deyil, mən deyərdim, bunu görməyən kordu. Azərbaycan bütövlükdə dəyişib. Azərbaycan bütövlükdə tikinti meydançasını xatırladır».

Kamil Məmmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının mərkəzi ofisində ölkə başçısı İlham Əliyevin ömürlük prezident seçilməsi məsələsi hələ müzakirə olunmayıb, amma xalq istəsə, yəqin ki, bu belə də olacaq:

«Bu, birinci dəfə deyil. İlham Əliyev bu beş ildə elə səmərəli fəaliyyət göstərdi ki, bu gün xalq istəyir ki, İlham Əliyev onun ömürlük prezidenti olsun. Amma hələ ömürlük prezident məsələsi gündəlikdə olmayıb, biz prezidentimizi hələ təzə seçmişik. Növbəti beş ildə baxarıq da. Tək-tək təkliflər səslənir...»

Şəkidə yaşayış kriteriyası – nisyə dəfətərləri

YAP təmsilçisi rayonda işsizliyin olduğunu danmır. Onun sözlərinə görə, vaxtilə yeddi min adamın çalışdığı Şəki ipək kombinatının məhsulu sovetlər birliyinin 250 yerinə gedirdi.
YAP rayon təşkilatının şöbə müdiri Kamil Məmmədov
Amma indi həmin bazarlar itirildiyindən kombinatda 1500 nəfərə yaxın adam çalışır. Həmsöhbətim rayonda söz azadlığı ilə bağlı problemlərin olması barədə səslənən fikirləri də əsassız sayır.

Söz azadlığından söz düşmüşkən onu da deyim ki, bir neçə aydan sonra Şəkinin də öz televiziyası olacaq. Adı da STV. Ayrıca böyük bir binası olan televiziyanın studiyalarında tamamlanma işləri getməkdədir. Hələlik bu televiziyaya yalnız şəkililər və bəzi ətraf rayonlar baxa biləcək, 2011-ci ildə isə kanal peyk vasitəsilə də yayımlanacaq. Hər halda televiziyada çalışanlar belə dedilər.

Milli Demokrat Partiyasının Şəki təşkilatının sədri Əli Abdullayevsə hesab edir ki, bu gün Şəkidə adamların necə yaşadığını müəyyən etməyin ən düz yolu mağaza və apteklərdəki nisyə dəftərlərinə baxmaqdı: «Gedək istənilən mağaza və aptekə, görün nə qalınlıqda nisyə dəftərləri var».

Elə mən də Əli Abdullayevlə görüşməzdən əvvəl Şəkidə bir neçə mağazaya artıq baş çəkmişdim.
Mağazalar da əhalinin alıcılıq qabiliyyətinin aşağa olduğunu deyirlər:

-Nisyə dəftəriniz varmı?

Köhnə Şəki məhəlləsi
-Var

-Dəftərdə nə qədər adamın adı var?

-180 nəfər.

-Əsasən nəyi nisyə götürülər?

-Ancaq ərzaq mallarını - çörək, çay, qənd, yağ. Deyirlər ki, maaşda gətirib verərik, amma maaşı da alıb verirlər işıq puluna. Bizə gələndə deyirlər pulumuz yoxdu, sonra verərik. Ərzaq mallarının 90 faizi nisyə alınır».

«Gülməyə vaxt yoxdu…»

Şəki lətifələr diyarı kimi tanınsa da, adamlar deyir indi onlarda əvvəlki yumor hissi qalmayıb: «...Gün-güzəran çətin olduğundan adamlarda gülüş üçün hal qalmır, hamı bir tikə çörək haqqında fikirləşir, gülməyə vaxt yoxdu...»

Şəkinin bu yaxınlarda işə düşəcək televiziyası
İndi Şəkidə yeni lətifələr daha çox inzibatı qurumların gördüyü bəzi işlərlə bağlı yaranır. Misal üçün Şəkinin ortasından keçən, amma ildə bir dəfə daşqınlarda su görən çayın zibbillənməsinin qarşısını almaq üçün kiçik bir lövhəyə xəbərdarlıq yazılıb ki, «çaya zibil atan 550 manat cərimə olunacaq». Şəkililər bunu xəbərdarlıqdan çox lətifəyə oxşadırlar:

«Adamların pulu olsa elə 4-5 manat verib zibilini daşıtdırar». Şəki sakini Əli Abdullayevə görə, cərimə nəyə görəsə hesablanmalıdı, amma indi rayonda heç bu qədər maaş alan yoxdu.

Elə buna görə də həmin çayın içərisi zibilliklə dolu olsa da, indiyə qədər bir nəfər belə olsun cərimələnən olmayıb.

«Oriyentasiyası» dəyişdirilən idman kompleksi

Şəki Olimpiya Kompleksinin heç bəxti gətirməyib. Elə tikilən günündən bu kompleksin başı qalmaqallıdır. 2002-ci ilin noyabrında istifadəyə verilən kompleks indiyə qədər bir neçə dəfə təmir edilib. Elə indi də əsaslı təmirə dayanıb.
«Mən xüsusi mallar satıram. Ona görə mənə «Spes Araz» deyirlər»
Bəzi məlumatlara görə, kompleks çökəklikdə tikildiyindən və onun təməli möhkəm olmadığından indi təmirə dayanması kompleksin içəridən çökməsilə bağlıdı. Rayon İcra hakimiyyətində təmir işlərinin bir ilə yaxın davam etdiyini bildirsələr də, bunun binanın çökməsilə bağlılığından xəbərsiz olduqlarını dedilər. Kompleksin belə tez-tez təmirə dayanmasından şübhələnən şəkililər zarafatyana deyirlər ki, deyəsən kompleksin «oriyentasiyası» dəyişdirilir.

Şəkililər prezidentdən naxçıvanlı icra başçısı istəyirlər

Rayon avtovağzalında söhbətləşdiyim və icra hakimiyyətindən narazılıq edən şəkililər deyir əslən yerli olan indiki icra başçısı rayona rəhbərlik edəndən bəri adamların gün-güzəranı xeyli pisləşib. Bütün torpaqlar satılıb. Hətta dağların başındakı meşəliklərin də Bakıdan olan imkanlı sahibləri var. Şəkililər onu da dedilər ki, avtovağzalın yuxarı hissəsində dağın başında iki ildir ki, qədim qəsrləri xatırladan böyük tikinti işləri başlasa da hələ də bitmək bilmir. Elə bu səbəbdən də şəkililər istəyirlər ki, prezident rayona naxçıvanlı icra başçısı göndərsin.

Bəs niyə məhz naxçıvanlı icra başçısı? Həmsöhbətlərim deyir ki, onlar ətraf rayonlara tez-tez gedib gəlirlər və həmin rayonlarda inkişaf daha yaxşıdı və hamısında da icra başçısı naxçıvanlıdı. Ümid edirlər ki, bəlkə belə olsa, onlar daha yaxşı yaşayar.

Şəkililər bunu qadağa yox, lətifə sayırlar
Şəki sakinlərinin bu dediklərinə icra başçısı Nazim Abdullayevin fikirlərini öyrənmək cəhdlərim alınmadı. Sakinlərin bu istəyini təbəssümlə qarşılayan icra başçısının köməkçisi Daşqın Mikayılovsa hesab edir ki, narazılar hər yerdə ola bilər, amma bu Şəkidə çoxluq təşkil eləyə bilməz.

Onun sözlərinə görə, Nazim Abdullayev rayona icra başçısı təyin ediləndən sonra rayonda xeyli irəlləyiş olub, amma nədənsə şəkililər özlərininkinin qədrini heç vaxt bilmirlər.

Qaldı ki, meşələrin satılmasına Daşqın Mikayılov deyir ki, meşəliklər icra hakimiyyətinin balansında deyil. Onun sözlərinə görə, digər rayonlardan fərqli olaraq Şəki xeyli böyük rayon olduğu kimi problemləri də çoxdu. Amma buna baxmayaraq icra hakimiyyəti o problemlərin öhdəsindən gəlir.

Şəki dəmiryol vağzalında puluna fikir verin

Şəki, sakinlərinin qonaqpərvərliyinə görə, digər rayonlardan bir sıra xüsusiyyətlərilə fərqlənir. Amma bu bölgədən paytaxta doğru qayıdanda Şəki dəmiryol vağzalında bir qədər diqqətli olmaq lazımdı, özü də vağzalda bilet almaq üçün kassaya yaxınlaşanda.
Şəki, Qaladan aşağı
Sizə satılan biletin dövlət qiymətilə sizdən alınan pul arasındakı fərqə fikir verin. Özü də kassadan uzaqlaşmadan.

Çünki sizdən biletin qiymətindən artıq pul ala bilərlər. Məndən kassirin bir manat artıq pul almaq cəhdi baş tutmasa da, mən Şəkidən Bakıya gedən kupe yoldaşıma bu məsələni danışanda o «sən dəmiryol vağzalındakı kassirin hərəkətlərini şəkililərin ayağına yazma»…
XS
SM
MD
LG