Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:24

Birləşmək üçün səbəb


Partiyaların gücünü ancaq demokratik seçkilər müəyyənləşdirə bilər, bu isə yoxdur
Partiyaların gücünü ancaq demokratik seçkilər müəyyənləşdirə bilər, bu isə yoxdur
Bəlkə də ciddi geosiyasi proseslərin - dekabrın ilk günlərinə təsadüf edən NATO-nun sammiti, Türkiyə-Ermənistan danışıqları fonunda müxalifətin problemləri bir o qədər aktual təəssürat yaratmır. Amma daxili siyasət, onun çevrəsində cərəyan edən proseslər həmişə həlledicidir, çünki son nəticədə hətta dünyada baş verən hadisələrə münasibətimizi məhz daxili siyasət formalaşdırır. Daxili siyasətin olmadığı və ya zəif olduğu hallarda adi seyrçilərə çevrilirik.
Uzun müddətdir ki, ölkə mətbuatı müxalifət arasında yaranmış növbəti ziddiyyətləri özünün əsas mövzularından birinə çevirib. Əslində yeni heç nə yoxdur. Azərbaycan müxalifətinin iki əbədi problemi olub: birləşmək və vahid namizəd məsələsi. İstənilən seçki ərəfəsində bu problemlər gündəmə gəlir.

Qarşıda iki seçki var: bələdiyyə və parlament seçkiləri. Hiss olunur ki, ənənəvi müxalifət adlandırılan siyasi qüvvələr də bu seçkilərdə iştirak etmək əzmindədirlər. Amma sonuncu seçkidən bir ay keçib. Ölkənin əsas müxalifət partiyaları həmin seçkinin qeyri-demokratik keçiriləcəyini əsas gətirərək onu boykot etdilər. Maraqlı vəziyyət yaranır. Ötən qısa müddət ərzində ölkənin siyasi həyatında hansı dəyişiklik baş verib? Təminat varmı ki, bələdiyyə və parlament seçkiləri demokratik keçiriləcək? Onların demokratik keçirilməsi üçün əsas müxalifət nəsə edibmi? Təbii ki, müxtəlif arqumentlər gətirmək olar.
Məsələn, demək olar ki, bələdiyyə və parlament seçkiləri hakim Yeni Azərbaycan Partiyası üçün prezident seçkiləri qədər mühüm əhəmiyyət kəsb etmir. Məsələn, ölkədə 24-25 min bələdiyyə üzvü seçilməlidir. Bu, ilk baxışda müxalifət üçün müəyyən şans görüntüsü yarada bilər.

Birləşmək və birləşərək işləmək üçün o qədər səbəb var ki... Bu gün siyasi fəaliyyətin yeganə platformasına çevrilmiş müstəqil media işartılarının saxlanılması uğrunda, mülki cəmiyyətin müxtəlif səviyyədə fəallaşdırılması üçün birgə fəaliyyətə yer və ehtiyac var. Sadəcə nədənsə başlamaq lazımdır
Parlamentdə 125 deputat yeri var. Çoxpartiyalı parlament görüntüsü yaratmaq üçün hakim partiya müxalifət partiyalarına həmişə olduğu kimi, beş-üç mandat güzəştə gedə bilər. Amma bunu YAP edə bilər, hələlik hər şey onun iradəsindən asılıdır. Amma YAP bunu edəcəkmi? İndi hakim partiya tamamilə başqa planlarla yaşayır - bu, ya prezidentlik müddətinin uzadılmasıdır, ya da iki dəfə seçilməklə bağlı Konstitusiyadakı mövcud məhdudiyyətin götürülməsidir. Yəni siyasi həyatın mülayimləşməsi tendensiyası hiss olunmur.

Avtoritarizmin getdikcə dərinləşməsinə baxmayaraq YAP israrla ölkədə demokratiyanın və azad seçkilərin mövcud olduğunu iddia edir. İnkarçılıq tendensiyası, hətta beynəlxalq təşkilatların iradlarına qarşı münasibət sabit və dəyişməzdir: «Onlar qeyri-hökumət təşkilatlarıdır, belə təşkilatlar dünyada çoxdur», «yerli müxalifət arasında onların dostları var» və s. Yəni, əvvəllər olduğu kimi, səslənən tənqidlərə qarşı tam etinasızlıq hökm sürür. Gələcək seçkilərin qismən də olsa demokratik keçməsi üçün isə ölkədə siyasi vəziyyət az da olsa dəyişməlidir.

Prinsipcə, dəyişikliklər ola bilər. Amma hakim Yeni Azərbaycan Partiyası tərəfindən yox. Cənubi Qafqazdakı geosiyasi proseslərin aydınlaşmasına ehtiyac var. Əgər NATO öz toplantısında Gürcüstana və Ukraynaya Alyansa daxil olmaq üçün «hərəkət planı» versə, bu, bölgədəki proseslərə müəyyən qədər təsir edə bilər. Düzdür, Rusiya artıq öz hədəsini bəyan edib: bildirib ki, Ukrayna NATO-ya daxil olsa, onu parçalanma gözləyir! Neftin ucuzlaşması, iqtisadi böhranın ölkəyə sirayət etməsi də sosial-siyasi durumu dəyişmək iqtidarındadır.
Amma bütün bunları görən və sosial narazılıqdan siyasi fayda götürən və onlardan seçki prosesində istifadə edə bilən müxalifət lazımdır. Amma əsas müxalifət həmişə olduğu kimi, predmetsiz müzakirələrlə məşğuldur.

Hansı partiya daha güclüdür? Kim daha çox müxalifətçidir? Partiyaların gücünü ancaq demokratik seçkilər müəyyənləşdirə bilər, bu isə yoxdur. Real müxalifətçiliyə gəldikdə isə, demək olar ki, bütün əsas müxalifət partiyaları eyni işlə məşğuldurlar - ancaq qəzet səhifələrində hansısa hadisəyə münasibət bildirirlər. Bu münasibət də bir çox hallarda gecikmiş və hətta jurnalistlərin yazılarından kəsərsiz olur. Siyasi vəziyyət belədir. Fərqli nəticələr ancaq fərqli situasiyalarda təzahür edə bilər.Amma bu situasiyanı kim yaratmalıdır? Necə yaratmalıdır? Təəssüf ki, müxalifət nümayəndələrinin çoxsaylı müsahibələrində bu suallara cavab tapmaq olmur. Daha çox qarşılıqlı ittihamlar və ayrıcı məqamlar üstünlük təşkil edir. Birləşdirici məqamlara diqqət yetirənlər və onları arayanlar isə çox azdır.

Birləşmək və birləşərək işləmək üçün o qədər səbəb var ki... Bu gün siyasi fəaliyyətin yeganə platformasına çevrilmiş müstəqil media işartılarının saxlanılması uğrunda, mülki cəmiyyətin müxtəlif səviyyədə fəallaşdırılması üçün birgə fəaliyyətə yer və ehtiyac var. Sadəcə nədənsə başlamaq lazımdır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG