Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:58

Zorən abunə…


Ötən il bir neçə rəsmi qəzetə 6 aylıq abunə üçün 6 manat yığılmışdısa, bu il məbləğ 10 manatadək qaldırılıb

Ötən il bir neçə rəsmi qəzetə 6 aylıq abunə üçün 6 manat yığılmışdısa, bu il məbləğ 10 manatadək qaldırılıb

Hər ilin sonunda dövlət müəssisələrində çalışanlar rəhbərliyin rəsmi qəzetlərə abunə tələbləri ilə üzləşirlər. Müəllimlər deyir ki, bu ildən abunə haqqı bir qədər də artırılıb. Əgər ötən il bir neçə rəsmi qəzetə 6 aylıq abunə üçün müəllimlərdən 6 manat yığılmışdısa, bu il məbləğ 10 manatadək qaldırılıb.

Bakı məktəblərindən birində söhbət etdiyimiz müəllimlər məsələ ilə bağlı açıq danışmaqdan çəkindilər. Onların dediklərinə görə, söhbət rəsmi qəzetlərdən getdiyi üçün bu məsələyə hər hansı formada münasibət bildirmələri siyasətə qarışmaq kimi yozula bilər.
Paytaxtın orta məktəblərindən birində tədris hissə müdiri işləyən Sahib müəllim isə deyir ki, bu il «Respublika», «Azərbaycan müəllimi», «Xalq qəzeti»nə abunə olmaq üçün 10 manat ödəyib:

«Bilirsiniz, əslində heç kimi məcbur etmirlər. Sadəcə, bütün müəllimlər bilir ki, ilin sonunda qəzetlərə abunə olmalıdırlar.
-Bəs nəyə görə müəllimlər yalnız rəsmi və iqtidaryönlü qəzetlərə abunə olurlar. Sizcə, bu qəzetlərin müəllimlərin belə kiçik əmək haqqından 10 manat almağa ehtiyacı var?
-Hər halda müəllim ölkədə baş verənlərdən xəbər tutmalıdır. Bir də ki, biz siyasətə qarışmırıq. Əgər belə bir tapşırıq verilibsə, ona zidd getməklə müəllim özünə problem yarada bilər».
Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri ilə iş şöbəsinin müdiri İdris Mirzəyev deyir ki, müəllimlərin rəsmi qəzetlərə abunə olmasının təşkilində hər hansı problem axtarmağa ehtiyac yoxdur:
«Heç bir məktəbdə bununla bağlı müəllimlərə təzyiq edilmir. Əgər hansı məktəbdə direktor müəllim istəmədən ondan 10 manat tələb edibsə, bununla bağlı ölçü götürməyə hazırıq. Müəllimlər də Təhsil Nazirliyinə müraciət edə bilər. Başqa tərəfdən isə müəllimlər mütləq ölkənin həm ictimai-siyasi həyatında, həm də təhsil mühitində nə baş verdiyindən xəbərdar olmalıdırlar.

-Bəs nə üçün müəllimlər bir qayda olaraq rəsmi və iqtidaryönlü qəzetlərə abunə olur? Onlara seçim imkanı vermək olmazmı?
-Bir daha deyirəm, heç bir məcburiyyətdən söhbət gedə bilməz. Müəllimlər qəzetləri özləri seçir». Təhsil Nazirliyinin təmsilçisi deyir ki, müəllimlər özləri müxalifət qəzetlərinə abunə yazılmaq istəmir.

Müxalifətyönlü «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə deyir ki, dövlət büdcəsində rəsmi qurumların dövrü mətbuata abunə olması üçün böyük pullar ayrılır. Ancaq Azər Əhmədov son illər rəsmi strukturlarda işləyənlərin «Azadlıq» qəzetinə abunə olması ilə bağlı fakta rast gəlmədiyini deyir: «Mətbuat yayımı firmalarının idarə və müəssisələrə göndərdiyi mətbuat kataloqlarında bir qayda olaraq dövrü mətbuat orqanı kimi «Azadlıq» və başqa müstəqil qəzetlərin də adı olur. Ancaq rəsmi qurumlarda işləyənlər bu sıradan olan qəzetlərə abunə yazılmağa qorxurlar. Çünki, belə olan halda yuxarılar hökumətin siyasətini tənqid edən qəzeti oxuyan işçini cəzalandırırlar».

Azər Əhmədovun sözlərinə görə, büdcədən maliyyələşən təşkilatlarda məcburi abunə işinin aparılması həm də dövlət qəzetlərinin satışının aşağı olmasının göstəricisidir. Bu yolla dövlət siyasətinin təbliği nəzərdə tutulur. Ancaq Azər Əhmədov bunu o qədər də uğurlu variant saymır: «Çünki bu yolla müəllimlər rəsmi qəzetlərdə yazılanlarla real həyat arasındakı fərqi görüb dövlət siyasətinin iç üzünə bir daha bələd olurlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG