Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:34

Ucuz «ucuzlaşma siyasəti»


30 qəpiyə satılan çörəyin kütləsi 400 qramdan artıq deyil
30 qəpiyə satılan çörəyin kütləsi 400 qramdan artıq deyil
«Bizim yol» qəzeti:

Azərbaycanın qonşuluğunda yerləşən dövlətlərin hər birində son ayda ucuzlaşma gedir.

Məsələn, Türkiyədə srağagün yanacağın qiyməti endirildi. Eləcə də bu ölkədə maşın bazarında 30 faizə qədər endirim olub. Qərb ölkələrində ən dayanıqlı dəyərə sahib olan daşınmaz əmlakın, mənzillərin qiyməti 25-30 faizə qədər enib. Rusiyada, Gürcüstanda da eyni vəziyyətdir. Maraqlı və məntiqidir ki, adı çəkilən və çəkilməyən ölkələrin heç birində baş verən qiymət enməsi hakimiyyətin müdrik siyasəti kimi təbliğ olunmur. Azərbaycanda isə telekanallar, rəsmi qəzetlər ovunmaq bilmir…

Ucuzlaşma mövzusunda ən çox adı hallanan, reklam olunan məhsul isə çörəkdir. Az qala hər gün Azərbaycanın hansısa bölgəsində çörəyin qiymətinin 40 qəpikdən 30 qəpiyə endiyi xəbər verilir… Biz işin formal tərəfini bir yana qoyub, ucuz çörəyin tədqiqini aparmışıq.

Məlum olub ki, çörəyin qiyməti ilə yanaşı, onun kütləsi də azalıb. 40 qəpiklik çörək 30 qəpiyə dönərkən 250 qram «itirib». Hazırda 30 qəpiyə satılan çörəyin kütləsi 400 qramdan artıq deyil. Deməli, göründüyü kimi, ortada real ucuzlaşma yox, ucuzlaşma şousu var.

Çörəklə bağlı daha bir məqam: indi unun da ucuzlaşdığı deyilir. Yenə təkrar etməyə məcburuq: formal yanaşmada doğrudan da un ucuzlaşıb. İki ay öncə 30-35 manata qalxan 50 kq-lıq un kisəsi indi 18-19 manata satılır. 8 ay əvvəl isə unun kisəsi 15 manata idi. Deməli, un hələ də ilin əvvəlindəki qiymətinə enməyib. Sadəcə, astronomik qiymətdən aşağı sürüşmə baş verib ki, bunun da adını ucuzlaşma qoyub əhaliyə minnət etməyə dəyməz.


«Yeni Müsavat» qəzeti:

Təhsil naziri Misir Mərdanov bu günlərdə təqaüd yaşına çatan nazirlik işçilərindən könüllü şəkildə pensiyaya çıxmağı tələb edib…

Maraqlıdır, təhsil sistemində bu ixtisarlar pensiya yaşına çatmış müəllimlərə də şamil oluna bilərmi? Sual həm də ona görə aktualdır ki, məktəblərdə adambaşı maliyyələşməyə keçmək istəyirlər. Digər tərəfdən, təhsil işçilərinin çoxluğu (nazirin özünün açıqlamasına görə, təkcə Bakı məktəblərində 11 mindən artıq müəllim var) bu sahədə yüksək əməkhaqqı artımına getməyə imkan vermir. Müəllimlərin ixtisarı buna çıxış yolu ola bilər.

«XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin fikrincə, bu gün elə təcrübəli pedaqoqlar var ki, onların təqaüdə çıxma məsələsini qoymaq düzgün deyil: «Əgər həmin işçilər təcrübəli kadrlardırsa, məsləhətçi kimi də saxlanıla bilərlər. Ümumiyyətlə, bizdə belə mədəniyyət yoxdur ki, kimsə öz səhhətini və ya yaşını nəzərə alıb vəzifəsindən könüllü şəkildə getsin. Digər tərəfdən, bu məsələni hamıya şamil etmək mümkündürsə, elə nazirə də, onun müavininə də şamil olunmalıdır… Misir Mərdanovun mənəvi haqqı yoxdur ki, kiməsə üzünü tutub «sizin pensiya yaşınız çatıb» desin. Çünki o, özü də pensiya yaşındadır».

E.Əliyev bu gün orta məktəblərdə vəziyyətin həddən artıq acınacaqlı olduğunu deyir: «Bu gün ən təcrübəli müəllimlər elə təqaüd yaşına çatanlardır. Onlar vaxtilə yaxşı təlim-tərbiyə, təhsil görüblər. Orta nəsil demək olar ki, yoxdur. Çünki müəllimlərin xeyli hissəsi, əsasən də kişilər maddi durumlarına görə məktəbi tərk edib. Yerdə qalanlar indiki təhsilin yetirmələridir. İndiki təhsilin səviyyəsi isə olduqca aşağıdır. Məktəblərdə rüşvət tüğyan edir. İndi o adamlar müəllim olmaq istəyir ki, onların başqa ixtisas qazanmaq imkanları yoxdur. Ona görə də bu məsələ paradoksal xarakter daşıyır»…


«Yeni Azərbaycan» qəzeti:

... Prezident İlham Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycanda mövcud olan partiyalar özünü tənzimləmə və formalaşma mərhələsini keçirdi. Yəni, mövcud partiyalar Azərbaycan reallığı çərçivəsində özünə elektorat toplayır, ideoloji bazasını formalaşdırır, hansı yönümdə fəaliyyət göstərəcəyini müəyyən edirdi. Çünki əksər partiyalar bu dövrə, yəni 2000-2003-cü ilə qədər meydan psixologiyası ilə yaşayıb «mübarizə» aparırdılar. Və bu psixologiyanın 1990-93-cü illərdə yaratdığı həm uğurlu, həm də dağıdıcı aspektləri təhlil edilmirdi. Təxminlər ondan ibarət idi ki, 1992-ci ildə müxalifət hakimiyyətə necə gəlmişdisə, elə o formatda da mübarizəni 2000-2003-cü illərdə davam etdirmək lazımdır. Amma dünyada və Azərbaycanda gedən proseslər, inkişaf bu cür taktika ilə gələcəyə baxışın yanlışlığını ortaya qoydu...

Bu gün müxalif partiya dediyimiz qüvvələr məişət xarakterli mübahisələr aparmaqla öz siyasi fəaliyyətlərini qururlar. Bu partiyaların daxilində bir-biriləri ilə rəqabətdə, o cümlədən iqtidara münasibətdə yeni nəsə tapmaq və yaxud söz eşitmək çox çətindir. 1992-93-cü illərdəki ab-hava hazırda müxalif partiya siyasətinin başlıca prioritetdir... 10 il əvvəl partiyadaxili mübarizə, öz müttəfiqləri ilə qarşıdurma hansı müstəvidə və nə səbəbdən baş verirdisə, bu gün də həmin söhbətlər gedir...

Partiyanın təkmilləşdirilməsi, cavanlaşdırılması, yeni simaların cəlb olunması barədə düşünənlər isə elə vəziyyətə salınır ki, başını götürüb getməkdən başqa çıxış yolu qalmır. Ümumilikdə, bu gün müxalif partiya deyilən qurumlar yalınız çap etdirdikləri mətbuat orqanlarında hiss olunur. Bu da həmin mətbu orqanda çalışan bir neçə jurnalistin hesabına mümkün olur. Ona görə də, Azərbaycanda fəaliyyət göstərən müxalif partiyaların hakimiyyətə gəlmək perspektivi utopik ideyadan o yana getmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG