Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:31

«Böhranın ən böyük zərbəsi bank sektoruna dəyib»


«6 aylıq kreditləri uzunmüddətli saymaq olmaz. Kreditlər ən azı 3 il müddətinə verilməlidir»

«6 aylıq kreditləri uzunmüddətli saymaq olmaz. Kreditlər ən azı 3 il müddətinə verilməlidir»

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması ilə müşayiət olunan iqtisadi böhranın Azərbaycandan yan keçəcəyilə bağlı rəsmi səviyyədə verilən bəyanatlar reallıqla uğun gəlmir. İqtisadçı ekspertlər belə hesab edir.

Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Nazim Məmmədov hesab edir ki, Azərbaycanda qiymətli kağızlar, konkret səhm bazarı güclü inkişaf etməsə də, ölkə iqtisadiyyatı dünya iqtisadiyyatının bir hissəsidir. Bu səbəbdən orada gedən tendensiyaların Azərbaycana təsir göstərməyəcəyini iddia etmək doğru yanaşma sayıla bilməz. Bu baxımdan, önləyici tədbirlərin görülməsi zəruri idi.

Deputatın sözlərinə görə, dünya iqtisadi böhranının ən böyük zərbəsi bank sektoruna dəyib. Buna görə də bank sektorunu Milli Bankın və Dövlət Neft Fondunun az faizli və uzun müddətli pulları ilə dirçəltmək gərəkdir:

«Maliyyə böhranı başlayan zaman Azərbaycanın kommersiya banklarının 2 milyard dollardan çox xarici borcları toplanmışdı. Bu borcların qaytarılmasında ciddi problemlər var idi. Bu problemləri Azərbaycan iqtisadiyyatı yaşadı. Həmin banklarda kapitallaşmanı durmadan sürətlə artırmaq gərəkdir. Bankların daxili borcları artırılmalıdır. Milli Bank banklara yetərincə resurslar verməli, uçot dərəcələrini isə aşağı salmalıdır».

Nazim Məmmədov hesab edir ki, indiyə qədər Milli Bankın apardığı siyasət dünyada gedən proseslərə adekvat deyildi:

«İndi Milli Bank siyasətini bir qədər dəyişərək banklara kredit verilməsinə başlayıb. Ancaq 6 aylıq kreditləri uzunmüddətli saymaq olmaz. Kreditlər ən azı 3 il müddətinə verilməlidir».

Bəzi ekspertlər isə çıxış yolu kimi aparıcı dünya ölkələrinin təcrübəsinin Azərbaycanda tətbiqini təklif edir. Söhbət bir sıra enerjidaşıyıcıların, o sıradan benzinin qiymətinin ucuzlaşdırılmasından gedir.

Milli Bank
Neft məsələləri üzrə ekspert İlham Şaban isə düşünür ki, Azərbaycanda durum artıq mürəkkəbdir. Çünki ölkədə enerjidaşıyıcıları bazarı liberal deyil. Bu səbəbdən, dünya bazarında neftin qiymətlərinin yüksəlməsi və enməsi Azərbaycanda enerjidaşıyıcıların qiymətlərinə təsir göstərmir:

«Azərbaycan xarici borcları azaltmalıdır. Neft gəlirlərinin gəldiyi bir dönəmdə xarici borcların saxlanması yolverilməzdir. İlin ortasına olan proqnozlara görə, adambaşına düşən xarici borc Azərbaycanda 324 dollar idi. Əgər qapalı bir çevrə yaratsaydıq, bu, daha uğurlu variant olardı. Yəni ölkə özü maliyyələşdirsə, özü istehsal etsə və öz istehsalçısına satsaydı, bu, dünya bazarlarındakı hər hansı təlatümə qarşı ən yaxşı vasitə olardı».

İqtisadçı Vüqar Bayramov isə düşünür ki, ABŞ və bir sıra inkişaf etmiş ölkələr maliyyə qurumlarına təmənnasız yardımlar göstərməklə bu böhranın təsirlərini azaltmağa çalışsalar da, Azərbaycanda böhranın səbəblərinin aradan qaldırılması ilə bağlı hökumət tədbirlərini o qədər də uğurlu saymaq olmaz. Milli Bank uçot stavkasını 15 faizdən 10 faizə endirməklə, eyni zamanda prezident fərmanı ilə maliyyə qurumlarını 3 il müddətinə mənfəət vergisindən azad etməklə, onların durumunu yaxşılaşdırmağa çalışdı. Ancaq ekspertlər düşünür ki, bu addımlar duruma birbaşa təsir göstərmək gücündə deyil:

«Bunlar dolayı maliyyə yardımlarıdır. Bu səbəbdən də onların yaranmış problemi qısa zamanda aradan qaldıracağı mümkünsüzdür. Əgər hökumət Dövlət Neft Fondunun vəsaitlərindən 2009-cu ilin büdcəsinə transferləri nəzərdə tutursa, o zaman banklara ciddi yardımlar ayrılması olduqca vacibdir. Çünki Azərbaycanda dünya iqtisadi böhranından ən çox əziyyət çəkən bank sektorudur. Bank sektoru isə öz ardınca iqtisadiyyatın qalan sahələrini də böhrana sürükləyə bilər».

Vüqar Bayramovun sözlərinə görə, bank sektorunun dəstəklənməsilə yanaşı, hökumət iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun inkişafına da dəstək proqramları həyata keçirməlidir. Ölkədə kənd təsərrüfatının, sənayenin inkişafına yönələn ciddi addımlar atılmayınca, dünya iqtisadiyyatında yaşanan gərginliklər Azərbaycanda da dərin izlər buraxacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG