Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:23

«Xaricdəki azərbaycanlıların ölkəyə qayıdışı başlanacaq»


«İndi pul çox çətinliklə gəlir. Yoldaşım qazana bilmir, orda vəziyyət yaxşı deyil, ona görə bizdə də vəziyyət zəifdir»

«İndi pul çox çətinliklə gəlir. Yoldaşım qazana bilmir, orda vəziyyət yaxşı deyil, ona görə bizdə də vəziyyət zəifdir»

Ziyafət İbrahimovanın dünyadakı iqtisadi böhrandan az məlumatı var. Amma deyəsən, Rusiyadakı problemlər onun da süfrəsinə əl gəzdirib: Rusiyaya 20 il əvvəl çörəkpulu dalınca gedən həyat yoldaşının evə göndərdiyi xərclik son zamanlar xeyli azalıb:
«İndi pul çox çətinliklə gəlir. Yoldaşım qazana bilmir, orda vəziyyət yaxşı deyil, ona görə bizdə də vəziyyət zəifdir».
Ailəsini dolandırmaq üçün xaricdə işləməyə gedən azərbaycanlıların daha çox üz tutduğu ölkələr sırasında Rusiya, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanın adını çəkmək olar. Onlar bu ölkələrdə əsasən alver və tikinti işlərilə məşğul olurlar. Amma burda iş tapmayıb xaricə üz tutanların maliyyə böhranından sonra əli ətəyindən uzun geriyə axını başlayır. Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev artıq bu hallarla rastlaşıb:
«İqtisadi böhran inkişaf edərsə, Qazaxıstan, Rusiya, Ukrayna, Qərbi Avropa ölkələrində məskunlaşmış həmyerlilərimizin Azərbaycana qayıdışı başlanacaq. Məsələn, Almaniyadan gələn zənglərin nəticəsində aldığımız məlumata görə, artıq əksəriyyət geri qayıtmaq haqqında düşünür».
İqtisadçı ekspert Zöhrab İsmayıl da maliyyə böhranının emiqrantlardan yan keçməyəcəyini deyir. Onun verdiyi məlumata görə, böhranın qurbanı olan azərbaycanlıların bəziləri burdakı mülklərini də satmağa başlayıb:
«Xüsusən Rusiyada, Ukraynada, Qazaxıstanda olan miqrantlar vaxtilə qazandıqları pullara aldıqları daşınmaz əmlakı, avtomobilləri satmağa başlayıblar».
Qanunsuz miqrantlar Qazaxıstandan deportasiya olunur
Ekspertlər deyirlər ki, Rusiyada işləyən azərbaycanlıları iki yerə bölmək olar: böyük bizneslə məşğul olan iş adamları və müxtəlif bazarlarda meyvə-tərəvəz, xırdavat alveri edənlər. Cəlilabaddan Rusiyaya meyvə aparan satıcı Sadiqin fikrincə, iqtisadi böhran kasıblara dəyib-dolaşmayıb. Böhranın ziyanını böyük mağazaları, firmaları olan iş adamları görüb:
«Böyük işləri bilmirəm, amma aşağı bazarda işləyənlərə heç bir təsir göstərmədi. Çünki onların stabil gəlirləri nə qədər idisə, elə də qaldı. Əslində ziyan malı bazara gətirən şirkətlərə dəydi».
Zaqataladan Rusiyaya fındıq göndərən «AzərStar» fındıq emalı müəssisəsinin icraçı direktoru Zülfüqar Qurbanov da böhranın ziyanını çəkənlərdəndir. Onun dediyinə görə, göndərdikləri fındığın pulunu banklardan almaq bir qədər çətinləşib:
«Bu il əvvəlki illə müqayisədə pul köçürmələrində də problemlər yaranıb».
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Rusiya hökumətinin statistikasına istinadən verdiyi məlumata görə, bu ölkədə təqribən 2 milyon azərbaycanlı əməkçi miqrant yaşayır. Onların ailə üzvlərinə hər il göndərdiyi yardım isə bir milyard dollardan çoxdur.
Əlövsət Əliyev hesab edir ki, böhran həm də miqrantların geriyə axınına da səbəb ola bilər ki, bunun da sosial gərginlik yaradacağı şübhəsizdir:
«Birincisi, Azərbaycana gələn pul axını dayandırılacaq. İkincisi, işsizliyin sayı artacaq. Üçüncüsü, Azərbaycanda iqtisadi sahədə baş verən çətinliklər həyatın digər sahələrinə təsir edəcək. Bu, hətta siyasi sabitliyin pozulmasına gətirib çıxara bilər».
Amma ekspert iqtisadi böhranın müsbət nəticələrini də istisna etmir:
«Boşanmaların sayı azalacaq. Doğum faktlarının sayı isə artacaq. Çünki əsasən azərbaycanlı miqrantlar kişilərdir. Bir az da bəlkə əxlaqsızlıq hallarının sayı azalsın. Kişilər qayıdandan sonra qadınların xaricə sürətli axınının qarşısı alınacaq».
Rusiyada miqrant işçilər
Bütün bu gözləntilərdən sonra nə etməli? Böhran bu templə davam edəcəksə, Azərbaycan onu gözləyən çətinliklərdən necə çıxacaq?
İqtisadçı Zöhrab İsmayıl «başına gələn başmaqçı olar» prinsipindən çıxış edib deyir ki, 1999-cu ildə vəziyyətdən necə çıxmışdılarsa, bu dəfə də eyni düsturlar tətbiq ediləcək:
«Əgər Azərbaycanda işləmək üçün hansısa imkan olsaydı, insanlar xaricə getməzdilər. İstənilən halda Rusiyada, Ukraynada, Qazaxıstanda işləyən azərbaycanlılar indi daha çox təcrübə qazanıblar, böyük bir hissəsi səriştəli iş adamlarına çevriliblər. Vəziyyətdən çıxmağa çalışacaqlar».
Gözünü şimala dikib pul gözləyən ailələr isə vəziyyətdən çıxış yolunu ekspertlərdən fərqli görürlər. Ziyafət İbrahimova deyir ki, maliyyə böhranının xəta-bəlasından qorunmaq üçün Allah hökumətin, hökumətsə onların köməyində durmalıdır:
«Hökumət zavodların, fabriklərin işə düşməyinə yardım etsin. Qoy hamı işləsin. Getsin zəhməthaqqını alsın, gəlsin evinə. Evin içində nə işləyər, onu da yeyər».
Beynəlxalq təşkilatların açıqlamalarına baxanda, dünyanın vəziyyəti də İbrahimovlar ailəsinin durumundan fərqlənmir. Ötən həftələrdə BMT-nin ticarət və inkişaf üzrə bölməsinin rəhbəri Supaçai Panitçpakdi deyib ki, bu il işçi miqrantların evlərinə göndərdiyi pullar 6 faiz azalacaq.
XS
SM
MD
LG