Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:37

Kimdi «qeyri-obyektiv»?


İlham Əliyev deyir ki, beynəlxalq QHT-lərin qiymətləndirmələri onların subyektiv fikirlərinə əsaslanır
İlham Əliyev deyir ki, beynəlxalq QHT-lərin qiymətləndirmələri onların subyektiv fikirlərinə əsaslanır
Ölkə prezidenti İlham Əliyev Azərbaycanı tənqid edən beynəlxalq təşkilatları qeyri-obyektivlikdə ittiham edib. İtaliyada səfərdə olarkən yerli «RAI» telekanalına verdiyi müsahibəsində prezident jurnalistin «Freedom House» təşkilatına istinadən Azərbaycanda demokratiya inkişaf etmir deməsinə münasibət bildirib. İlham Əliyev deyib ki:

«Freedom House kimi təşkilatlar obyektiv deyil. Onlar Azərbaycanı olduğu kimi yox, fərqli təqdim etməyə çalışırlar. Şəxsən mənim üçün fəaliyyətimizin ən vacib qiyməti beynəlxalq təşkilatların verdiyi qiymətdir. «Freedom House» özünün gündəliyi, siyasi maraqları olan bir qeyri-hökumət təşkilatıdır. Onların Azərbaycanda bəzi müxalifət nümayəndələri arasında dostları da var. Buna görə də onların Azərbaycan haqqında dedikləri düzgün hesab edilə bilməz».
İlham Əliyev Azərbaycanın korrupsiyayla bağlı siyahılarda öndə getməsiylə bağlı suala da etiraz edib. O, bildirib ki, belə qiymətləndirmələri subyektiv yanaşmaları olan beynəlxalq təşkilatlar aparır.

«Bu qiymətləndirmə Beynəlxalq Valyuta Fondu tərəfindən deyil, Transparency International adlandırılan QHT tərəfindən hazırlanıbdır. Bilirsiniz, QHT-lər çoxdur. Bizim ölkədə QHT-ni iki gün ərzində yaratmaq olar. Bundan sonra reytinqlər açıqlanır, təəssürat və ya maraqlar əsasında ölkələr həmin reytinqdə yer alır. Biz QHT-lərə böyük diqqət yetiririk. Biz ciddi beynəlxalq təşkilatların qiymətləndirmələrinə əhəmiyyət veririk. Beləliklə, QHT-lərin qiymətləndirmələri bəzən onların subyektiv fikirlərinə əsaslanır».

Adı çəkilən beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi-siyasi vəziyyəti qiymətləndirərkən hansı meyarlara əsaslanırlar? Doğrudanmı onların mövqeyi qeyri-obyektivliyə, subyektiv mülahizələrə əsaslanır?

Transparency International təşkilatının Azərbaycan üzrə nümayəndəsi Rəna Səfərəliyeva deyir ki, onun təmsil etdiyi qurum tədqiqat aparmır, sadəcə, tədqiqat aparan nüfuzlu beynəlxalq təşkilatların rəylərini toplayıb nəticə olaraq təqdim edir:

«Bu il 13 mənbədən istifadə olunub. Azərbaycana aid 8 mənbə olub. Bu 8 mənbənin hamısının qeyri-obyektiv olmasını söyləmək zənnimcə düz olmaz. Bizim mənbələrin arasında Dünya Bankı, Avropa Bankı, digər tanınmış təşkilatların məlumatları yer alır».

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, ölkədə bir neçə jurnalistin həbsdə olduğu, müstəqil mediaya təzyiqlər yarandığı bir vaxtda «Freedom House» kimi təşkilatlar vəziyyətə laqeyd yanaşa bilməzlər:

«Əgər Azərbaycanda 4 jurnalist həbsdədir, müstəqil media yoxdursa, olan-qalan da təqiblərə məruz qalırsa, «Freedom House» nə etməlidir? Təbii ki, tənqid etməlidir. Bu təşkilatın idarə heyətində çox nüfuzlu şəxslər təmsil olunur. Azərbaycan rəhbərliyi bu qurumun idarə heyətinin tərkibiylə tanış olsaydı, yaxşı olardı».

Ərəstun Oruclunun fikrincə, dövlət başçısı Azərbaycanda demokratiyanın yoxluğu, korrupsiyanın mövcudluğu kimi tənqidi fikirlərə etiraz edəndə, daha tutarlı səbəblər göstərməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG