Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:53

İlham Əliyev İmişlidə şəkər emalı zavodunun açılışında iştirak edib


Prezident «Neft nə vaxtsa qurtaracaq və biz Azərbaycanın rifahına imkan verəcək iqtisadi inikşafın gələcək əsaslarını indidən qoymalıyıq» - deyib
Prezident İlham Əliyev martın 23-də İmişlidə şəkər emalı zavodunun açılış mərasimində iştirak edib.

«Turan» İnformasiya Agentliyinin məlumatına görə, zavodu «Azersun» Holdinq tikib və bura 97 milyon dollar sərmayə qoyulub. «Bu, ən yeni texnologiya ilə və beynəlxalq standartlara uyğun yaradılan unikal müəssisədir» - deyə açılış mərasimində çıxış edən «Azersun» Holdinqin başçısı Abdulbari Gözəl bildirib.


Zavodda 1400 nəfər adam çalışacaq və hər gün min ton olmaqla il ərzində 300-350 ton şəkər emal ediləcək. Bu il isə, müəssisə 200 min ton şəkər emal edəcək. 10 milyon dollar əlavə sərmayə qoyuluşundan sonra zavodun emal gücü daha 50 faiz artacaq. Müəssisə İmişli və ətraf rayonlarda 20 min ha ərazidə əkilən şəkər çuğundurunu emal edəcək.


Cənab Gözəl deyib ki, gələcəkdə zavodda dənli bitkilər, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları da emal olunacaq.


Mərasimdə nitq edən İlham Əliyev də yeni müəssisənin unikal olduğunu qeyd edib: «Bu, qeyri-neft sahəsinə qoyulan investisiya göstəricisidir. Biz əvvəllər xaricdən aldığımız mal və ərzaqların istehsalına başlayırıq. Hökumətin qarşısına hazırda idxal edilən qida məhsullarının istehsal edilməsi vəzifəsi qoyulub».


Dövlət başçısı deyib ki, İmişlidə tikilən bu zavod ölkənin bir neçə rayonunun sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək. «Neft nə vaxtsa qurtaracaq və biz Azərbaycanın rifahına imkan verəcək iqtisadi inikşafın gələcək əsaslarını indidən qoymalıyıq» - deyə, cənab Əliyev vurğulayıb.

Prezident qeyri-neft sahəsində investisiyanın artacağını və 2006-cı ilin dövlət büdcəsində bu sahədə artıma yenidən baxılacağını da sözlərinə əlavə edib.




XS
SM
MD
LG