Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:57

«Korrupsiya qeyri-neft sektoruna keçəcək»


«Neft gəlirlərinin azalması rüşvətin, korrupsiyanın həcminin artmasına səbəb olacaq»
«Neft gəlirlərinin azalması rüşvətin, korrupsiyanın həcminin artmasına səbəb olacaq»
Səttarxan adına maşınqayırma zavodunun fəhləsi Bəylər Ağayev maaş gecikmələrilə işlədiklərini yaxşı xatırlayır. Deyir əməkhaqları iki-üç aydan bir verildiyindən aldığı pulu da həmişə borca verirmiş:
«Üç ay gecikmə olurdu».
Elə bu səbəbdən də B.Ağayev yenidən belə bir vəziyyətin olmasını istəmir. Amma dünya bazarında neft ucuzlaşmaqda davam etdiyindən iqtisadçılar növbəti illərdə sosial ödəmələr, maaş və təqaüdlərin verilməsində ciddi problemlərin olacağını proqnozlaşdırırlar. Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Vahid Əhmədov:
«Neftin hasilatı 2011-ci ildən başlayaraq aşağı düşəcək. Əgər qiymətlər də belə ucuzlaşmaqda davam etsə, əlbəttə, böyük problemlər yarana bilər».
Həm rəsmilərin, həm də ekspertlərin 2009-cu illə bağlı nikbinliyinə gəlincə, bu, daha çox Azərbaycanın ehtiyat fondunda 17 milyard manatdan artıq pulun olmasıyla bağlıdır. Yəni problem olacağı halda Neft Fondundakı bu ehtiyatdan büdcəyə köçürmələri çoxaltmaqla vəziyyətdən çıxmaq olar.
Milli Büdcə Qrupunun üzvü Zöhrab İsmayıl deyir ki, indi bu məsələlərdən ümumi danışılır, amma hər şey çılpaqlığı ilə gələn ilin sonunda üzə çıxacaq. O da hesab edir ki, əgər neftin qiyməti belə ucuzlaşmaqda davam edərsə, artıq 2010-cu ildə Azərbaycanda ciddi problemlər yarana bilər. İqtisadçıya görə, bu zaman Neft Fonduna yığılan pullar da köməyə gəlməyəcək. Çünki neftin ucuzlaşması fonda pul yığmağa imkan verməyəcək.

Yeni Azərbaycan Partiyasından millət vəkili Səyavuş Novruzov deyir ki, neft pullarını əhalinin acından ölməməsi üçün xərcləmək lazımdır, gələcək nəsillərə saxlamağa ehtiyac yoxdur.
Bu baxımdan da Zöhrab İsmayıl bildirir ki, 2010-cu ildən başlayaraq neftdən gələn gəlirlərin 25 faizinin gələcək nəsillərə saxlanması barədə vədlər özünü doğrultmayacaq.
İqtisadçıya görə, neftin bir barelinin 150 dollardan yuxarı olduğu vaxtda ölkənin bir problemi də olsun tam həll edilmədi:
«Nə təhsil, nə səhiyyə, nə infrastruktur, nə də özəl sektorun davamlı inkişafı həll edilmədi».
Z.İsmayıla görə, neftin ən baha olduğu dövrdə maaşların aşağı olması növbəti illərdə əməkhaqlarının artımının mümkün olmayacağını göstərir:
«Bu gün əməkhaqları çox aşağıdır, xüsusən də sosial sektorda. Əgər biz təhsilin, səhiyyənin problemlərini həll etmək istəyiriksə, maaşlar heç olmasa orta aylıq əməkhaqqına yaxın olmalıdır. Hökumət bu problemləri həll etməyə davam etməlidir, davam edə bilmirsə, deməli, artıq problemlər başlayıb».
İqtisadçı neftin qiymətinin ucuzlaşmasının bir sahəyə «müsbət» təsir edəcəyini düşünür:
«Buna ironik münasibət bildirmək olar: neft gəlirlərinin azalması rüşvətin, korrupsiyanın həcminin artmasına səbəb olacaq. Müəyyən məmurlar var, onlar layihələrə ayrılan neft pullarına öyrəşiblər, indi bunu başqa mənbələr hesabına kompensasiya edəcəklər. Bu isə daha çox insanlara yönəlik bir məsələ olacaq. Korrupsiya neft sektorundan qeyri-neft sektoruna keçəcək. Yəni bu vaxta qədər neft gəlirlərindən iri layihələrə ayrılan pullardan bəhrələnən məmurlar indi həmin vəsaitləri başqa mənbələrdən götürməyə çalışacaqlar».
Neftin ucuzlaşması işsizlik və yoxsulluğun artmasıyla da müşayiət oluna bilər. İqtisadçı Rövşən Ağayev deyir ki, əgər pul olmayacaqsa, iri layihələr dayanacaq, belədə adamlar işsiz qalacaq. Bundan başqa, iqtisadçının sözlərinə görə, onlar 2003-cü illə 2007-2008-ci illərin orta aylıq əməkhaqqının alıcılıq qabiliyyəti arasında müqayisə aparıblar və elə bir ciddi fərq üzə çıxmayıb. Hətta məlum olub ki, müəllimlərin 2003-cü ildəki maaşına o vaxt daha çox mal-məhsul almaq olurmuş, nəinki indi. Bu baxımdan da R.Ağayev hesab edir ki, neftin qiyməti ucuzlaşarsa, ciddi gəlir itkisilə üzləşən hökumət özünün sosial öhdəliklərini yerinə yetirməyə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG